İlham Əliyev: Xankəndi, Laçın dəhlizi bizim üçün açıqdır, Füzulidə də aeroport tikəcəyik

İlham Əliyev

Şəklin mənbəyi, Azərtac

Azərbaycan Prezidenti mədəniyyət nazirinin təyinatı ilə bağlı çıxışı vaxtı Şuşanın bərpası, Füzulidə beynəlxalq aeroportun inşası və bölgədə gediş-gəliş üçün yolların yaradılması barədə danışıb.

Anar Kərimovu qəbul edən İlham Əliyev deyib ki, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edir.

"Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır".

Azərbaycan dövlət başçısı Şuşanın bərpası ilə əlaqədar işlərə start verildiyini deyib.

"Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq".

İlham Əliyevin sözlərinə görə, Şuşanın "tarixi siması" bərpa edilməlidir. Azərbaycan lideri həmçinin bölgədə hava limanının inşası məsələsinə toxunub. Videoformat şəklində keçən görüş vaxtı o, müvafiq göstəriş verdiyini qeyd edib.

"Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir," - İlham Əliyev bildirib.

"Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq".

Ancaq Azərbaycan prezidentinin sözlərinə görə, Fizulidə beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq.