You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İkinci Qarabağ müharibəsi: Amnesty müharibə cinayətlərinin araşdırılmasına səsləyir
İnsan hüquqlarının müdafiəsi üzrə təşkilat Dağlıq Qarabağda döyüşlər vaxtı "Azərbaycan və Ermənistan qüvvələrinin müharibə cinayətləri törətdiyini" iddia edir.
Belə bir qənaətə gələn Amnesty International qrupu müxtəlif platformalarda yayılan 22 videonu təhlil edib.
"Onlarda məhkəmədən kənar qətllər, hərbi və digər əsirlərə qarşı amansız rəftar və cəsədlərin təhqir olunması anları əks olunub,"- təşkilat bildirir.
"İki videoda Azərbaycan hərbi qulluqçuları tərəfindən başkəsmə, daha bir videoda isə azərbaycanlı sərhədçinin ölümü ilə nəticələnən boğazının kəsilməsi anı əks olunub," -Amnesty International-ın açıqlamasında deyilir.
Bu görüntülər fərdi hesablar və Telegram kanalındakı qruplarda yayılıb. Onların son üç həftəyə aid olduğu bildirilir.
Amnesty International təşkilatının Şərqi Avropa və Orta Asiya üzrə tədqiqat direktoruna əsasən, Dağlıq Qarabağdakı son döyüşlər vaxtı hər iki tərəfin hərbçiləri müharibə qaydalarına "tamamilə məhəl qoymadıqlarını" nümayiş etdiriblər.
"Azərbaycan və Ermənistan hakimiyyəti dərhal müstəqil, qərəzsiz araşdırma aparmalı və bu cinayətlərdə təqsirli olanların hamısını müəyyən etməlidir," - Denis Krivoşeyev deyib.
Noyabr ayında Azərbaycan orduda qəddarlıq hallarını aşkar edən, sosial mediada yayılmış videoları araşdırdığını bildirib. Baş Prokurorluq bildirib ki, bu "qeyri-insani rəftar" Azərbaycan ordusunun bəzi əsgərlərinin cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər.
"Bizim əsgərlərin qeyri-insani, kobud rəftarını əks etdirdiyi deyilən video görüntülərlə bağlı hazırda Baş Prokurorluqda araşdırmalar gedir. Bir çoxu saxta olsa da, bəzilərinin reallığı əks etdirməsi ilə bağlı şübhələrimiz var," - noyabr ayında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə BBC News Azərbaycancaya deyib.
Amnesty International qrupuna əsasən, bir neçə videoda erməni əsgərləri azərbaycanlı əsgərin cəsədinin qulağını kəsir, əsgərin ayaqlarına bağlanılmış iplə onu yerlə sürüyür və ölən əsgərin nəşi üstündə dururlar. Başqa videolarda erməni əsgərlərinin döyüldüyünü görmək olar. Azərbaycanlı əsgərlər erməni əsirləri təpikləyir və onların gözlərini bağlayaraq öz hökumətlərinə qarşı tənqid deməyə məcbur edirlər.
Amnesty International-a əsasən, videoları yoxlamaq üçün, o cümlədən rəqəmsal təsdiqləmə üsullarından istifadə olunub. Görüntülərdəki xəsarət yetirmə halları, həmçinin müstəqil məhkəmə-tibb pataloqoanatomu tərəfindən yoxlanılıb, təşkilat bildirir.
Beynəlxalq humanitar hüquq, hərbi əsirlər də daxil olmaqla, hər hansı bir saxlanılan şəxsə qarşı zorakılıq hərəkətlərini, cəsədlərin təhqir olunmasını və təbliğat məqsədi ilə etiraf və ya inkarın çəkilişini qadağan edir.
Üçüncü Cenevrə Konvensiyasına əsasən, "hərbi əsirlərə həmişə insani münasibət göstərilməlidir."
Qəsdən öldürmə, işgəncə və ya qeyri-insani rəftar, habelə insan ləyaqətinin pozulması, xüsusən də cəsədlərə qarşı alçaldıcı və ya təhqiramiz hərəkətlər müharibə cinayəti sayılır.
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə 27 sentyabrda, Dağlıq Qarabağ bölgəsində gərgin döyüşlərlə başlayıb.
Müharibəyə noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan və 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatla son qoyulub.