İlham Əliyevin təklifi ilə yeni metrostansiya "8 noyabr" adlanacaq, Baş infeksionist Təyyar Eyvazov: "Epidemioloji vəziyyət pisləşməkdə davam edir"

Şəklin mənbəyi, Bakı Metropoliteni
İlham Əliyevin təklifi ilə yeni metrostansiya "8 noyabr" adlanacaq, Baş infeksionist Təyyar Eyvazov: "Epidemioloji vəziyyət pisləşməkdə davam edir", hərbi parada görə Azadlıq Meydanına aparan yollarda hərəkət məhdudlaşdırılıb, Rusiya hərbi həkimləri Əsgəranda 20-dən çox xəstəyə tibbi yardım göstərib - Bu və ya digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
İlham Əliyevin təklifi ilə yeni metrostansiya "8 noyabr" adlanacaq
Azərbaycan Nazirlət Kabineti bəyan edib ki, Prezident İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə "8 noyabr" adı verilməsini təklif edib.
Nazirlər Kabinetinin Qərarında əsasən Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası "8 Noyabr" adlanacaq.
"8 Noyabr" adlanacaq yeni metrostansiyasının nə vaxt istifadəyə verilməsi barəsində məlumat rəsmi mlumat verilməyib.

Baş infeksionist Təyyar Eyvazov: "Epidemioloji vəziyyət pisləşməkdə davam edir"
Azərbaycan Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, "Aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji vəziyyət son həftələr pisləşməkdə davam edir".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cənab Eyvazov bildirib ki, yoluxmaların sayı artdıqca istənilən şəxsin qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır.
"Vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də özlərini təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar",- Təyyar Eyvazov deyib.
Təyyar Eyvazov bildirib ki, virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir və bu da xəstəliklə bağlı məsuliyyətsiz yanaşmalara yol açır.
Mütəxəssis deyib ki, koronavirusa yoluxan insanlar mütləq həkim məsləhətinə əməl etməli və qeyri-peşəkar məsləhətlərdən yayınmalıdırlar.
Təyyar Eyvazov bildirib ki, evdə müalicə alan xəstələr qoruyucu tədbirlər barədə poliklinik həkim və tibb işçiləri ilə danışa bilərlər.
Onun sözlərinə görə, qoruyucu tədbirlər barədə təcili tibbi yardıma müraciət etmək xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur.
"Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir", - Təyyar Eyvazov bildirib.

Hərbi parada görə Azadlıq Meydanına aparan yollarda hərəkət məhdudlaşdırılıb
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bəyan edib ki, noyabrın 10-da Bakıda keçiriləcək "Zəfər paradı" ilə bağlı Nobel prospekti, Azadlıq Meydanı və Bayraq Meydanı istiqamətlərində avtomobillərin hərəkəti mumkün olmayacaq.
Yol Polisi ictimaiyyətlə əlaqələr bölməsinin nümayəndəsi Toğrul Nəsirli BBC News Azərbaycancaya deyib ki, Azadlıq Meydanından keçəcək hərbi texnikaların hərəkətinin təhlükəsizliyi məqsədiylə bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Onun sözlərinə görə, Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.
"Hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməməsini sürücülərdən xahiş edirik. Paytaxtın Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır", - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirib.
İdarədən bildirilib ki, şəhərin mərkəzindən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidir.
Bundan başqa 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Su İdmanı Sarayının yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.
Yol Pilisi bəyan eidb ki, Yeni bulvar istiqamətindəki bütün yollarda hərbi texnikalar yerləşdirildiyindən həmin ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkünsüz olacaq.
Qurum qeyd edilən ərazilərdə sıxlıq yaranmaması və ölkə əhəmiyyətli tədbirin keçirilməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırıb.

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Rusiya hərbi həkimləri Əsgəranda 20-dən çox xəstəyə tibbi yardım göstərib
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ötən gün Rusiyanın Xüsusi Təyinatlı Tibbi Birliyinin hərbi həkimləri Dağlıq Qarabağın Əsgəran bölgəsində ucqar yaşayış məntəqələrində 20-dən çox xəstəyə tibbi yardım göstəriblər.
Məlumata görə, yerli sakinlərin müraciətləri daha çox müxtəlif xroniki xəstəliklər, ürək-damar və endokrin sistem xəstəlikləri və diş müalicəsi ilə əlaqəli olub.
Hərbi həkimlər Rusiya sülhməramlılarına və yerli əhaliyə xidmət üçün qurulan səhra xəstəxanasının işçiləridirlər.
Nazirliyin məlumatına görə, çoxfunksiyalı həkim briqadalarına müxtəlif ixtisas həkimləri, eləcə də ucqar kəndlərdə və bölgələrdə yerli əhaliyə yardım göstərən psixoloji xidmət mütəxəssisləri daxil edilib.
Həkimlər qrupunda hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar da daxil olmaqla 60-dan çox tibb mütəxəssisi təmsil olunub.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbi həkimlər Rusiyanın Xabarovsk bölgəsindən gəlib.
Onlar Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli atəşkəs razılaşması əsasında bölgəyə gələn Rusiya sülhməramlılarının tərkibində Qarabağa gəliblər.










