Siyasi təhlilçilər və iqtidar təmsilçiləri döyüşlərin dayandırılması ilə bağlı razılaşma haqqında nə düşünürlər?
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Dağlıq Qarabağda sentyabrın 27-də başlamış döyüşlərin dayandırılması ilə bağlı razılaşma əldə edilib.
Razılaşma ilə bağlı Azərbaycanda fikirlər müxtəlifdir. Bir sıra siyasi şərhçilər bu məsələdə pessimistolsa da, ümidli görünənlər də var.
BBC News Azərbaycanca siyasi təhlilçilərini fikirlərini toplayıb.

Mehman Əliyev, Turan İnformasiya agentliyinin rəhbəri
Turan İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, "ilk olaraq, bu anlaşma ilə uzun illərdir davam edən status-kvo pozulub".
"Yeddi rayon qaytarıldı. Artıq ermənilərin statusun rayonlara dəyişməsi təklifi və mövcud olan qeyri-müəyyənlik aradan götürüldü və demək olar ki, ölkənin ərazi bütovlüyü bərpa olunub. Münaqişə, mən deyərdim ki, Azərbaycanın inkişafını tormozlayan amil kimi aradan götürülür. Azərbaycan, bax, bu üstünlüklərə nail oldu".
Mehman Əliyev hesab edir ki, Rusiya sülhməramlılarının Azərbaycana "belə operativ şəkildə girməsi prosesi dayandırmaq üçündür".
"Hesab edirəm ki, gələn ildən ATƏT-in bayrağı altına - yəni mandatı çərçivəsinə salınması prosesinə başlanacaq. Bu qoşunlara ATƏT qüvvələri qoşulacaq, çünki ATƏT-in 1994-cü ildə imzalanmış Budapeşt sammitindəki qərara görə, sülhməramlıların tərkibində bir dövlətin qoşunu 30 faizdən çox ola bilməz. Deməli hardasa Rusiya sülhməramlılarının tərkibində indi 2000 min nəfər varsa, ya rusların qoşunu azaldılacaq, ya da başqa ölkələrdən gələnlərin sayı 4 min olacaq".
Mehman Əliyev hesab edir ki, bu məsələlər yeni ildən sonra müzakirə olunmağa başlayacaq.
O düşünür ki, ermənilər "bu sülhlə məcburi razılaşdıqları üçün, Azərbaycan həmişə onların nəsə törədəcəklərinə hazır olmalıdır".
Baş tutan sülh anlaşmasına gəlincə, cənab Əiyev hesab edir ki, bu müharibə tək Azərbaycanın müharibəsi olmadığı kimi, sülh də tək Azərbaycanın qərarı ilə baş tutmayıb.
"Əgər beynəlxalq qərar olmasaydı əvvəlcədən qoymazdılar ki, bu müharibə getsin. Müharibənin başlaması, davam etməsi və bu formada qurtarması beynəlxalq qərardır. Ona görə də mən düşünmürəm ki, Azərbaycandan nəsə asılı idi".
Mehman Əliyev deyir ki, bunu təkcə Azərbaycanın müharibəsi kimi qiymətləndirmək sadəlövhlük olardı.
Rus qoşunlarının bölgəyə gətirilməsinə gəlincə, Mehman Əliyev deyir ki, bu məsələ 1994-cü ildə Bişkek protokolunda əksini tapıb.
"Heydər Əliyev o zaman Rusiya qoşunlarının Qarabağa gətirilməsinə razılaşmışdı. Lakin o vaxt NATO ilə tərəfdaşlıq proqramı imzaladı. Daha sonra iyun ayında Heydər Əliyev İstanbul sammitinə getdi (iştirakçısı olmasa da), orada Warren Christopherlə görüqşdü və ondan xahiş etdi ki, Dağlıq Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilsin. Bildirdi ki, ruslar birtərəfli qaydada bura yerləşdirilmək istəyir, bu isə problem yarada bilər. Ondan sonra ABŞ məsələyə qarışdı və qərar verildi ki, ancaq ATƏT bayrağı altında və hər ölkənin 30 faizdən çoxolmamaqla qüvvəsi əraziyə gətirilə bilər".
Mehman Əliyev hesab edir ki, "indiki addımlar müvəqqətidir və sonradan məsələ qoyulacaq ki, burada beynəlxalq kontingent yerləşdirilsin".
Mehman Əliyevə görə, "indi əsas məsələ hələlik atəşkəs məsələsidir, daha sonra infrastruktur və təhlükəsizlik məsələləri həll olunacaq. Daha sonra tərəflərin qayıtması məsələsi həll olunacaq. Ona görə də yanvarın ortasından sonra və fevral ayından danışıqlar prosesi başlayacaq".

Şəklin mənbəyi, Yejednevnıy Jurnal
Aleksandr Qolts, Hərbi məsələlər üzrə təhlilçi, Rusiyanın "Yejednevniy jurnal" portalı
Hərbi məsələlər üzrə təhlilçi, Rusiyanın "Yejednevniy jurnal" portalının redaktor müavini, Aleksandr Qolts deyir ki, hazırki razılaşma Ermənistan və qismən də Rusiya üçün "mövcud dəhşətli" variantlar arasında ən yaxşısı idi.
"Düşünürəm ki, rus sülhməramlılarının Qarabağa getməsi orada yaxın beş il ərzində müharibənin olmayacağı və başlamayacağına ümid verir".
O hesab edir ki, regionda türk bayrağı altında olan keçid məntəqəsinin olması Türkiyə üçün "prinsipial əhəmiyyətli məsələ idi".

Şəklin mənbəyi, Fərhad Mehdiyev
Fərhad Mehdiyev, hüquqşünas
Hüquqşünas Fərhad Mehdiyev Bakıya düşən raket məsələsini, vurulan helikopter məsələsini xatırladaraq deyir ki, "bunun razılaşdırılmasına vaxt olmaya bilərdi".
"Azərbaycana uzunmüddətli sülhməramlı yerləşdiriləcəksə, bu Parlamentin qanununa tabe olmalıdır. Bu məsələ əslində parlamentin müzakirəsinə çıxarılıb, qəbul olunmalıdır. Ancaq sizcə, indiki parlamentin bunu qəbul etməmək şansı varmı?"
"Dünən axşam 11-dən artıq bu hərbi birləşmənin Ülyanovsk şəhərindən ayrıldığının videosunu mənə göndərdilər. Sanki bu daha əvvəl verilmiş qərara oxşayır. Müharibə şəraitində, üstəlik tərəf müqabilinin Rusiya kimi dövlətdə qanuni prosedurlara riayət etmək gördüyünüz kimi alınmır".
"Fərhad Mehdiyev deyir ki, bu məsələdə tək hüquqi yox, eyni zamanda siyasi qiymətləndirmə araya girdiyi üçün birmənalı qərar vermək çətindir".
"İndi Türkiyə və Rusiya arasında baş tutacaq anlaşmanı gözləmək lazımdır," - Fərhad Mehdiyev deyir.

Alya Yaqublu, siyasi şərhçi
Təhlilçi Alya Yaqublu hesab edir ki, bu sazişdə Azərbaycanın maraqlarının "yeganə təmin olunduğu məqam" üç rayonun qrafiklə boşaldılması ola bilər.
Lakin o hesab edir ki, bu, Azərbaycana "çox baha başa gələn bir mənfəət" oldu.
"Nəticə etibarilə Azərbaycana uzun illərdən sonra yenidən Rusiya qoşunları qayıdır. Bu, mənə görə, qələbədən çox məğlubiyyətdir", o deyir.
"Azad olunmuş rayonların və bundan sonra azad olunması gözlənilən rayonların azadlığının Azərbaycana Rusiya qoşunlarının daxil olması bahasına başa gəlməsi Azərbaycan üçün itkidir. İndiyə qədər bizim Qarabağ məsələsini uyğun şəkildə həll etməyə ümidimiz var idi. Ancaq bölgəyə Rusiya qoşunları gəlib. Rusiyanın indiyə qədərki tarixi imici onun qoşunları barədə sülhməramlı deməyə təəssüf ki imkan vermir. Yəni, indi əraziləri de-yure Ermənistanın hərbi birləşmələri yox, Rusiya qoşunları qoruyacaq".
Alya Yaqublu deyir ki, indiyədək Azərbaycan "əslində DQ-nın separatçı rejiminin yox, Ermənistanın Azərbaycana qarşı vuruşduğunu" dünyaya sübut etməyə çalışırdısa, artıq buna ehtiyac qalmır".
Təhlilçi deyir ki, indi Azərbaycan "birmənalı şəkildə" Rusiya qoşunları ilə üz-üzədir.
"İndi DQ-nın azad olunması üçün Rusiya qoşunları ilə vuruşmaq lazımdır. Bu da heç bir halda mümkün deyil. Böyük dövlətlər Rusiya ilə konfliktdən çəkindiyi halda, kiçicik Azərbaycanın Rusiya ilə hərbi konfliktə girməsi təbii ki, mümkün deyil. Ona görə də nə qədər tragik səslənsə də bu, Allahın ümidinə qalıb".
Alya Yaqublu hesab edir ki, Azərbaycan DQ-nin azadlığına bundan sonra "yalnız Rusiyada demokratik rejim qurulacağı və bu rejim Rusiyanın maraqlarını Cənubi Qafqazda silah gücünə qorumaq taktikasından əl çəkəcəyi təqdirdə" nail ola bilər:
"Yəni, çox faciəli durum yaranıb Azərbaycan üçün. Azərbaycanın dövlət maraqlarına zidd durum yarandı".
Təhlilçi düşünür ki, "heç olmasa sülhməramlıların tərkibi rəngarəng olsaydı, durum bu qədər birmənalı olmazdı".
"Paşinyanın Dağlıq Qarabağda oynaması, paytaxtı Şuşaya köçürmək istəməsi və s. bunların heyfini çıxmaq üçün Rusiya qoşunlarının Azərbaycana gəlməsi çox baha başa gəldi bizə".
Alya Yaqublu deyir ki, bunu əvvəlcədən hesablamaq "elə də çətin olmamalı" idi.
"İllər uzunu DQ münaqişəsində Ermənistanın mövqeyini tutan Rusiyanın birdən-birə bu qədər güzəştə getməyinin nəticəsi bu qədər ağır olacaqdı. Mən təəssüf edirəm ki, Azərbaycan hakimiyyətindəki insanlar bu təhlükəni ya görmədilər, ya da bilərəkdən buna getdilər. Çox ağır durumdur".
Alya Yaqublu deyir ki, "Azərbaycan bu problemin həlli üçün indiyədək müttəfiqliklər qurmalı idi".
"Azərbaycanın Rusiyaya qarşı müttəfiqlik qurmadan, hər hansı bir təhlükəsizlik sisteminin üzvü olmadan, sadəcə Türkiyənin dəstəyinə arxalanaraq belə bir savaşa girməyi yanlış idi. Şərq Tərəfdaşlığı proqramı, NATO ilə əməkdaşlıq filan Rusiya üçün qəbuledilməz məsələlər idi. Ancaq siz, əgər arxanızda Rusiyaya qarşı duracaq qüvvə yoxdursa, kiçik bir dövlət olaraq, Rusiyanın maraqlarına zidd bir əmələ girişə bilməzsiniz. Girişsəniz də əvəzini bu şəkildə ödəyərsiniz".
Alya Yaqublu Türkiyənin Azərbaycana dəstəyinin səmimi olduğuna inandığını desə də, Türkiyənin Rusiyaya qarşı duracaq güc olmadığını hesab edir.
"Türkiyə özü bu dəqiqə Rusiya ilə müttəfiqliyə meyllidir. NATO-dan son illərdir ki, uzaqlaşmaq siyasəti yürüdür. Dünyanın digər bölgələrindəki qarşıdurmalarda ciddi məğlubiyyətə uğrayıb və geri çəkilmək məcburiyyətində qalıb. Hətta Rusiyadan üzr istəmək məcburiyyətində qalıb. Bütün bunları nəzərə almaq lazım idi".
Alya Yaqublu çıxış yollarının illər uzunu müxalifət nümayəndələri tərəfindən səsləndirilmiş olduğunu bildirir.
"İllər uzun müxalifət qüvvələri tərəfindən də səsləndirilmişdi ki, Qərblə, NATO ilə əməkdaşlıq - dəstəyi orada tapmaq lazımdır. Azərbaycanın demokratikləşməsinə imkan vermək və ölkəni o istiqamətə yönəltmək lazım idi. Bütün bunlar baş versəydi, düşünürəm ki, Azərbaycanın indikindən qat-qat çox dəstəyi olardı. Mən Azərbaycanın xeyrinə savaşın başladılması, NATO-nun bura gəlməsi kimi fantastik ssenarilərdən danışmıram, ancaq hər halda Azərbaycanın arxasında güclü müttəfiqi olardı".
Məsələnin nə Azərbaycan, nə də Ermənistan Parlamentlərində müzakirə olunmadığını vurğulayan Alya Yaqublu təəssüflənir ki, "Rusiya bu məsələni çox rahat həll etdi".
"Qırx gündən çox müddətdə Azərbaycanın dövlət maraqlarını müdafiəsini təmin edəcəyini bəyan edən Azərbaycan Prezidenti, İlham Əliyev qəfildən gedir Azərbaycanın maraqlarına ciddi zərbə olacaq bir razılaşmaya imza atır.Bu o deməkdir ki, siyasət lap əvvəldən yanlış yürüdülüb - söhbət sentyabrın 27-dən yürüdülən siyasətdən getmir, lap əvvəldən gedir". Azərbaycanı Rusiyadan bu qədər asılılıqda saxlamaq, lap əvvəldən 90-cı illərdən etibarən torpaqlarımızın işğalının başladığı vaxtdan Şuşanın, Ağdərənin işğalından başlayaraq, üzü bu yana Azərbaycanın (xüsusilə Əliyevlərin hakimiyyəti dövründə) Rusiya ilə yaxınlaşma siyasətinin artıq dövlətin strateji siyasətinə çevrildiyi bir dövr başladı ki, bu da Qarabağın əbədi olaraq Rusiyanın maraq çərçivəsində və iradəsi arzusu, istəyi ilə həll olunmasına birmənalı şərait yaratdı".
Alya Yaqublu deyir ki, "uzun illərdir mövcud olan çıxış yolu var idi və ondan yenə də imtina olundu".

Aydın Mirzəzadə, millət vəkili
Azərbaycan Milli Məclisinin üzvü, YAP-dan olan deputat Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyir ki, indi ilk növbədə bəyannamədə qeyd edilən tədbirlərin "üç böyük rayonun qaytarılması, Qazax rayonunun bəzi kəndlərinin qaytarılması və Naxçıvana yol açılışının" həyata keçirilməsi gözlənilir.
Aydın Mirzəzadə deyir ki, Qazağın adı çəkilməsə belə bu məsələ 7-ci bənddə nəzərdə tutulub və bu bəndə əsasən, bütün qaçqın və məcburi köçkünlərin qaytarılacağı təqdirdə üçü anklav olan Qazağın 7 kəndinin əhalisi də öz torpaqlarına qaytarılacaq.
Bəyanatın 7-ci bəndində deyilir ki, "daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır".
Aydın Mirzəzadə vurğulayır ki, "torpaqların qaytarılmasına paralel olaraq, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qaytarılması prosesi aparılacaq".
"Öz yerlərinə qaytarılma təkcə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan yerlərə qaytarılma deyil, eyni zamanda hələ ki, indi Azərbaycanda olan məcburi köçkünlərin hamısı hazırda Ermənistanın nəzarəti altında olan Xankəndi, Xocalı, Xocavənd və Əsgəranda öz evlərinə qaytarılmalıdır".
Dağlıq Qarabağın (DQ) statusuna gəlincə, Aydın Mirzəzadə deyir ki, "bu, beynəlxalq təşkilatların DQ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədlərə uyğun olar. O baxımdan, bu bəyannamədə status məsələsi müəyyənləşmir".
Cənab Mirzəzadə Rusiya sülhməramlılarının Azərbaycana ilkin mərhələdə yerləşdirilməsinə "qanunun icazə verdiyini" bildirir.
O həm də vurğulayır ki, "Azərbaycanda Rusiya qoşunları və hərbi bazası yox, Rusiyanın ancaq sülhməramlıları olacaq".
Azərbaycana niyə beynəlxalq sülhməramlılar yox, yalnız Rusiya sülhməramlıları yerləşdirilir sualına Aydın Mirzəzadə "Rusiya qoşunları da beynəlxalq qüvvələrdir" cavabını verir.
"Sülhün əldə edilməsində, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana təzyiq göstərilməsində ancaq Rusiya iştirak etdi, ATƏT-in Minsk qrupu formatı işləmədi. Buna görə də son məqamda problemin həllində Rusiya iştirak etdiyinə görə Rusiya sülhməramlı qüvvələri iştirak etdilər. Üstəlik, Rusiya bölgədə iştirakçı dövlətlərdən biridir və hər iki dövlətlə - Azərbaycan və Ermənistanla sıx əlaqələri var və hər iki dövlət ona etibar edir. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi və Naxçıvana quru yolunun açılması məsuliyyəti Rusiyanın üzərindədir. Rusiya bu məsələlərdə təkcə sülhməramlı kimi iştirak etmir, eyni zamanda işğaldan azadetmə prosesinin özündə məsul tərəfdir".
Rusiya sülhməramlılarının DQ-da 5 illik qalma müddətinə gəlincə, deputat deyir ki, "kommunikasiyanın bərpası, köçkünlərin yurdlarına qaytarılması kimi məsələlərin həllinə müəyyən vaxt lazımdır".
Lakin millət vəkili "Laçın, Kəlbəcər və digər işğaldan azad edilmiş ərazilərdə Rusiya sülhməramlılarının olmasının nəzərdə tutulmadığını" vurğulayır.
"Onların sazişdə göstərildiyi kimi Azərbaycan və Erməni silahlı qüvvələrinin təmas xəttində, bir də Laçın koridoru perimetri boyu hər iki tərəfdən, eyni zamanda Azərbaycan qoşunları və Ermənistanın nəzarəti altında olan bölgədə təmas xəttində yerləşdirilməsi nəzərdə tutulur.
Millət vəkili erməni köçkünlərin Qarabağa qaytarılmasının" könüllülük prinsipi əsasında olacağını" deyir.
"Kim istəyəcəksə, qayıdacaq. İstəməyən ya Ermənistanda qalacaq, ya da ordan o tərəfə özü müəyyənləşdirə bilər. O ki qaldı 1991-ci ildən - Azərbaycan müstəqillik qazandıqdan sonra qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarına köçürülənlərə, onlar Azərbaycanla vidalaşmalı olacaqlar. Çünki həmin şəxslər Azərbaycan dövlətinin ərazisinə icazəsiz köçürülüblər.
Arayik Harutyunyanın "döyüşlərin davam edəcəyi təqdirdə DQ-nın tam itirilə biləcəyi" ilə bağlı açıqlamasına münasibət bildirən Aydın Mirzəzadə deyir ki, erməni tərəfinin çıxışlarını istinad kimi götürmək istəməzdi.
"Cəmi bir gün öncə onlar bildirirdilər ki, "qəhrəman erməni əsgərləri" Azərbaycan ordusuna qarşı mübarizə aparırlar. Onlar (ermənilər) situasiyaya görə məsələni şişirtməkdə və ya kiçiltməkdə ustadırlar. Bu baxımdan adını çəkdiyiniz şəxsin dedikləri bizim üçün istinad nöqtəsi ola bilməz".
Deputat "qarşı tərəfin qoşunları Xankəndi, Xocalı, Xocavənd, Ağdərədən çıxarılacaqmı?" sualına "bu məsələlərin hamısına daha sonra aydınlıq gətiriləcək" cavabını verib.
Lakin millət vəkili "işğaldan azad olunan zonaların hamısında olan Azərbaycan qoşunlarının yerində qalacağını" vurğulayıb.
Aydın Mirzəzadə deyir ki," Qarabağda Azərbaycan bayrağı dalğalanacaq".
Türkiyə tərəfinin sülh quruculuğu prosesində iştirakı məsələsinə də aydınlıq gətirən Aydın Mirzəzadəyə görə, "Türkiyəsiz problemin həlli yoxdur".
"Sazişin həyata keçirilməsi prosesinin necə getməsində Türkiyə monitorinq tərəfi kimi və eyni zamanda da ciddi söz sahibi kimi iştirak edəcək. Digər tərəfdən, Türkiyə bu prosesin faktiki iştirakçılarından biridir və torpaqların işğaldan azad edilməsində siyasi tərəf kimi iştirak edir".
Aydın Mirzəzadə xarici ölkə qoşunlarının Azərbaycana daxil olmasına prezidentin hansı hallarda tək qərar verə bilməsinin "hüquqi incəliklərini bilmədiyini" deyir.
Ancaq o, "ölkənin taleyüklü məsələsinin həllində ölkə rəhbərinin addımlarının Azərbaycanın maraqlarına cavab verdiyini" vurğulayır.
O hesab edir ki, bu məsələdə hüquqşünaslar ciddi surətdə işləyiblər və onların fikri, əsaslandırması nəzərə alınıb.
Xankəndində infrastrukturun qurulması xərclərini kimin ödəyəcəyinə gəlincə, YAP təmsilçisi bu məsələyə də aydınlıq gətiriləcəyini deyib.
Aydın Mirzəzadə düşünür ki, anlaşma ilə razılaşmayanlar, ittiham edənlər "öz variantlarını təklif etməlidirlər".
"Açıq desinlər. Öz variantlarını versinlər ki, onların da dediyi kimi bu problemi gələcək nəsillərə ötürməyək. O ki qaldı axıradək getməyə. Axıradək gedildi. Bir çoxlarının yadından çıxmışdı ki, Qazağın 7 kəndi işğal altındadır və onların bir hissəsi anklav şəklindədir. Naxçıvana quru yolunun açılması Qarabağ məsələsi kimi böyük hadisədir. Azərbaycan problemi mümkün olan maksimum şəkildə həll etdi. Müəyyən məsələlər var ki, ilk addımlardan sonra onların da həlli üçün addımlar atılacaq".
Şahin Cəfərli, Siyasi şərhçi

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, bu anlaşmadakı ən böyük məsələ Azərbaycan ərazilərinə Rusiya ordusunun yenidən daxil olmasıdır.
"Hazırda ortada bir sülh müqaviləsi olmadığından birmənalı fikir söyləmək çətindir,"- təhlilçi Şahin Cəfərli belə deyir.
O deyir ki, sadəcə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanatın müddəalarında bir çox detal qeyd olunmayıb, suallar hələ açıq qalır.
"Dağlıq Qarabağda Azərbaycanın nəzarətindən kənar qalmış ərazilərdə idarəetmə necə olacaq, o ərazilərin statusu necə olacaq? Bu birgə bəyanatda hər hansı statusun verilməsindən söhbət getmir. Orada erməni əhalisinin özünüidarəetməsi necə qurulacaq? O ərazilərə polis qüvvələri daxil ola biləcəkmi? Azərbaycan təhlükəsizlik strukturları daxil ola biləcəkmi? Bax, bu suallar cavabsız qalır", o bildirir.
Cənab Cəfərli eyni zamanda həmin rayonların inzibati sərhədləri ilə bağlı da qeyri-müəyyənliyin mövcudluğunu" vurğulayır.
"Sovet dövründə həmin rayonların inzibati quruluşu və sərhədləri başqa cür idi. Müstəqillik dövründə o inzibati ərazi vahidlərinə xeyli dəyişiklik edilib. İndi Sovet dövründəki ərazi quruluşu əsas götürüləcək, yoxsa Azərbaycanın müstəqillik dövründəki inzibati ərazi quruluşu əsas götürüləcək? Bu cür suallar çoxdur, ona görə də birmənalı fikir söyləmək mümkün deyil".
Anlaşmanı ümumilikdə qiymətləndirən Şahin Cəfərli hesab edir ki, "onu heç cür ideal hesab etmək olmaz, çünki orada Azərbaycanın maraqları baxımından heç də xoş olmayan məqamlar var".
O düşünür ki, Azərbaycan ərazisinin bir hissəsinə xarici qoşunların gəlməsi və oradakı idarəetmə məsələlərində onların söz sahibi olması əlbəttə ki, "Azərbaycanın suverenlik hüquqlarının məhdudlaşdırılması deməkdir".
"Məsələn, sülhməramlılar çoxmillətli kontingent olsaydı, bunu normal qəbul etmək olardı. Amma yalnız bir dövlətin, söhbət bu konflikti yaradan, bu günədək konservləşdirmiş Rusiyadan gedirsə, əlbəttə ki, bunun Azərbaycanın maraqlarına uyğun məsələ kimi qiymətləndirmək mümkün deyil".
Cənab Cəfərliyə görə, anlaşmadakı "ən böyük məsələ Azərbaycan ərazilərinə Rusiya ordusunun yenidən daxil olmasıdır".
"Sülhməramlı adı altında da olsa, söhbət hər halda Rusiya hərbi kontingentindən gedir. Azərbaycan 27 il əvvəl Rusiya ordusunu öz ərazisindən çıxartmışdı. Yalnız Qəbələ RLS-də Rusiya ordusuna məxsus məhdud kontingent qalmışdı. Faktiki olaraq, Rusiya ordusu Azərbaycana qayıtdı".
Şahin Cəfərli deyir ki, Rusiya bununla öz maraqlarını təmin edə bildi.
Şahin Cəfərlinin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev ölkə ictimaiyyəti və ölkənin siyasi qüvvələri ilə müəyyən məsləhətləşmələr apardıqdan sonra qərar qəbul etməsi yaxşı olardı.
"Bu cür qəflətən, qapalı qapılar arxasında bu məsələyə razılıq verilməsi, hesab edirəm ki, düzgün deyil. Çünki bu, milli məsələdir, ümummilli məsələdir və mən hesab edirəm ki, ictimaiyyətin nümayəndələri olaraq siyasi qüvvələrin, QHT-lərin, cəmiyyətin iştirakı olmalı idi," - o vurğulayır.

Şəklin mənbəyi, ITV
Fuad Şahbazov, siyasi təhlilçi
Siyasi təhlilçi Fuad Şahbazov deyir ki, sosial mediada əksər istifadəçilər Dağlıq Qarabağa rus sülhməramlılarının yerləşdirilməsinə narazılıq edirlər.
Onun sözlərinə görə, insanlar "əvvəlki acı təcrübələrə" və rus sülhməramlılarının Gürcüstanda Abxaziya və Cənubi Osetiyadakı fəaliyyətini nəzərə alaraq məsələyə "skeptik" yanaşırlar.
"Eyni zamanda, düşünülənin əksinə, ilkin yayılan danışığın mətninə görə, burada türk qoşunlarının gəlməsi haqda heç bir müddəa yoxdur. Bu da insanları narahat edən faktordur. Biz müqavilənin tam detalları ilə tanış deyilik. Lakin düşünürəm ki, Azərbaycanın siyasi rəhbərliyi öz maraqlarına zidd olan hər hansı addımı atmaz. Hesab edirəm ki, bunun üçün Türkiyə ilə də müvafiq müzakirələr aparılıb və yaxın zamanda ola bilsin ki, biz buraya məhdud sayda da olsa, türk sülhməramlılarının gəlişinin şahidi olacağıq".
Təhlilçi deyir ki, indiki mərhələdə bölgəyə sülhməramlıların gəlməsinin əsas müsbət tərəfi "atəşin kəsilməsidir".
O, rus sülhməramlılarının bir müddət Qarabağda olmasını, onlardan "nəzarət mexanizmi kimi" istifadə edilməsini "yaxşı əlamət" hesab edir.
"Çünki indi Ermənistan və Azərbaycanın bir-birinə qarşı olan inamsızlıq məsələsi var. Şərtlərdən biri də əsirlərin və cəsədlərin dəyişdirilməsi idi ki, buna da ruslar nəzarət edəcək. Azərbaycan və Ermənistanın bunu necəsə razılaşdırılması da sual altında idi. Eyni zamanda, rus sülhməramlıları erməni qüvvələrinin bu bölgədən tamamilə çıxarılması prosesinə nəzarət edəcək. Bu, hər iki tərəfdən müəyyən qədər şəffaflıq deməkdir. Erməni tərəfinin Azərbaycana olan ittihamları və Azərbaycanın Ermənistana inamsızlığı bu prosesi ləngidə bilərdi".








