Azərbaycanda koronavirus: Günlük yoluxma hadisələri artıb, ölüm səviyyəsi dəyişməz qalır

Üzü maskalı kişi

Şəklin mənbəyi, Getty Images

Azərbaycanda koronavirus infeksiyasına daha 161 yoluxma faktı aşkarlanıb, Nazirlər Kabineti yanında Operativ Qərargah cümə günü bildirib. Ötən gün 132 yoluxma faktı qeydə alınmışdır.

Son rəqəmlərə əsasən, 146 nəfər sağalıb, 2 nəfər vəfat edib.

İndiyədək koronavirusa yoluxanların ümumi sayı 37192 nəfərdir, COVİD-19-dan ölənlərin ümumi sayı isə 545-ə çatıb.

Bu günə qədər 34565 nəfər koronavirusdan sağalıb.

Hazırda 2082 aktiv xəstə var.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb.

Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb. İyun ayında isə qurum koronavirusun qarşısının alınması məqsədilə həftəsonları ev təcridi rejimi tətbiq edilmişdi. Artıq yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin rejiminin qaydaları qüvvədədir.

koronavirus
xətt

Operativ qərargah infeksiyanın yayılmasın yol verməmək üçün vətəndaşlardan bəzi tələblərin olduğunu açıqlayıb:

  • Özünütəcrid tədbirlərinə uyğun davranmaq,
  • Yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq,
  • Digər şəxslərlə minimum kontaktda olmaq,
  • İnsanların sıx toplaşdığı yerlərə getməmək,
  • Mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək

Hazırda Azərbaycanda koronavirusa yoluxma halları təkcə ölkəyə xaricdən gələn şəxslər arasında aşkar edilmir, həm də artıq ölkə daxilində insanların bir-birini yoluxdurması faktları aşkarlanır, qurum bəyan edib.

Nazirlər Kabineti konkret şəhər və rayonların adını çəkməsə də, Azərbaycanın müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma hallarının olduğunu bildirib.

Polis sənədləri yoxlayır

Şəklin mənbəyi, Getty Images

Rəsmilər bildiriblər ki, azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi davam edir.

Xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarından indiyədək təxminən 10 min nəfərin təxliyə edildiyi deyilir.

"…Azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün "xüsusi" təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır", - rəsmi məlumatlarda vurğulanıb.

Hökumət koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanlarının əsas götürüldüyünü bildirib.

Bəzi ölkələrdə hələ də təxliyəsini gözləyən azərbaycanlılar var.

"Tibb işçiləri qapı-qapı gəzməyəcək"

Azərbaycan: koronavirusa yoluxanların sayı 3855-ə çatıb

Şəklin mənbəyi, Stefano Guidi/Getty

Mart ayının ortalarında Azərbaycanda ərazi üzrə sahə həkimlərinin və ya tibb bacılarının ev-ev gəzərək qeydiyyat apardıqları və sakinlərin hərarətini ölçmələri barədə məlumatlar barədə BBC News Azərbaycancaya məlumat daxil olub.

TƏBİB-dən BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycanda tibb işçiləri sakinlərin vəziyyətini telefonla yoxlayacaq.

Bundan başqa, sosial mediada bəzi istifadəçilər bunun həmin işçilər üçün nə dərəcədə təhlükəsiz olmalarını sorğulayıb.

TƏBİB-dən BBC News Azərbaycancaya verilən məlumata görə, həmin işçilərin təhlükəsizliyi ilə bağlı narahatlıq olmayıb. "Onların maskaları olub", - qurum bildirib.

Qurum daha ətraflı məlumat veriləcəyini qeyd edib.

Tibb işçisi

Şəklin mənbəyi, Reuters

Hər gün neçə yeni yoluxma halı var?

Hər gün koronavirusa yeni yoluxanlar olur.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Artıq ölkədə koronavirus təkcə təxliyə edilən şəxslərdə yox, həm də ölkə daxilində də insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

İndiyədək ölkəyə Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdan şəxslərdə koronavirus aşkarlanıb.

Azərbaycanda koronavirusla bağlı "sosial təcrid" tədbirləri barədə qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kütləvi tədbirlər təxirə salınıb və ya ləğv olunub.

Martın 14-də Neftçi futbol klubu öz fəaliyyətini dayandırması barədə açıqlama verib.

Müvafiq tədbirlər barədə Müdafiə Nazirliyi də xəbər yayıb. Məlumata əsasən, Müdafiə Nazirliyində keçirilən müşavirədə kütləvi tədbirlərin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə göstəriş verilib.

Martın 15-dən 19-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri məhdud fəaliyyət göstərəcək, xidmətin saytında bildirilir.

Koronavirusa qarşı "sosial izolyasiya" tədbirləri barədə daha ətraflı bu keçiddən oxuyun:

Koronavirusla bağlı digər məlumatlarla BBC News Azərbaycancanın müntəzəm yenilənən xüsusi səhifəsində tanış ola bilərsiniz.