Azərbaycanın general-mayoru həlak olub, Tovuzda atışma davam edir

Şəklin mənbəyi, Getty Images
Azərbaycan üç gündür ki, davam edən döyüşlərdə general-mayorunu itirib.
General-mayor Polad Həşimovdan başqa, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayev də iyulun 13-14 keçən gecə həlak olublar, Müdafiə Nazirliyi açıqlayıb.
MN Ermənistan ordusunun Tovuz rayonunu bu gün axşam saatlarında "yenidən intensiv atəşə tutmağa başladığını" bildirib.
Müdafiə Naziliyinin sözçüsü polkovnik Vaqif Dərgahlı bildirib ki, "yaşayış məntəqələri və bölmələrin mövqeləri iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə" atəşə tutulur.
Ermənistanın Müdafiə Nazirliyi bundan əvvəl Azərbaycanın Ermənistanın Tavuş vilayətinin Berd yaşayış məntəqəsinin mülki infrastrukturlarına dronlarla hücum etdiyini" bildirib.
Ermənistan indiyədək dörd hərbçinin həlak olması barədə məlumat yayıb.
Azərbaycanda Tovuz istiqamətində gedən döyüşlər zamanı həlak olmuş hərbçilərin sayı 11-ə çatıb, bir mülki şəxs də ölüb.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atışmalar ötən bazar günü başlayıb və bazar ertəsi fasilələrlə davam edib.
Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə "məhv edilib".
Azərtacın məlumatına görə, Vaqif Dərgahlı deyib ki, Azərbaycan ordusuna məxsus pilotsuz uçan aparatlardan vurulan olmayıb.
"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu, dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin uydurmasıdır", - Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Vaqif Dərgahlı döyüşdə yaralıların da olduğunu deyib, amma onların sayı və vəziyyəti barədə məlumat verməyib. Onun sözlərinə görə, yaralılar müalicə olunurlar.
Vaqif Dərgahlı bildirib ki, "ön xətdə olan bölmələrdə olan əsgərlərin və mülki əhalinin əhval-ruhiyyəsi yüksək səviyyədədir".
Tovuzda vəziyyət necədir?
"İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edilib", Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev iyulun 14-də jurnalistlərə müsahibəsində deyib.
"Vəziyyətimiz pisdir, atışma davam edir, bir mülki şəxs həlak olub", Tovuzun atışma gedən kəndlərinin bələdiyyələrindən BBC News Azərbaycancaya bildiriblər.
Rayonun Əlibəyli kənd bələdiyyəsindən BBC News Azərbaycancaya bildiriblər ki, "kənddə vəziyyət pisdir, əhali xof içindədir."

Şəklin mənbəyi, Azərbaycan XİN
Ağdam bələdiyyəsindən BBC News Azərbaycancaya bildiriblər ki, "günorta saatlarında artilleriya atəşi nəticəsində təqaüdçü bir kənd sakini həlak olub."
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, "2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub."
Qurum Azərbaycanlı mülki şəxsin öldürülməsini "qanlı cinayət" kimi qiymətləndirib.
Tovuzun Əlibəyli kənd sakinləri çərşənbə axşamı günü səhər tezdən BBC News Azərbaycancaya bildiriblər ki, gecə nisbətən sakitlik olsa da, bu səhər "təxminən 9-un yarısından etibarən atışma yenidən başlayıb".
Tovuzun Ağdam kənd bələdiyyəsinin sədri Rəhilə Əsgərova bildirib ki, atışma hazırda (səhər saatlarında) davam edib: "Gecə də davam edib. indi də, odur ee, çathahat atırlar".
Dondar Quşu kənd bələdiyyəsindən BBC News Azərbaycancaya deyiblər ki, bu gecə kənddə sakitlik olub.
Ermənistan: 4 hərbçi həlak olub
Ermənistan çərşənbə axşamı günü daha iki hərbçisinin - baş serjant Smbat Qabrielyan və baş serjant Qrişa Matevosyanın həlak olduğunu bildirib. Ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat açıqlayıb.
Bundan əvvəl də iki hərbçinin həlak olması barədə məlumat paylaşıb. Qurumun sözçüsü Şuşan Stepanyan bildirib ki, sərhədin şimal-şərq istiqamətində qarşı tərəfin atəşindən mayor Qaruş Hambardzumyan və kapitan Sos Elbakyan həlak olublar.
Şuşan Stepanyan həmçinin yazıb ki, "Azərbaycan tərəfindən dronlarla Ermənistanın Tavuş vilayətinin Berd yaşayış məntəqəsinin mülki infrastrukturlarına hücum edilib".
Daha bir qeydində MN rəsmisi Ermənistan Silahlı Qüvvələri tərəfindən Tavuş vilayəti kəndlərini artilleriya atəşinə tutan Azərbaycan döyüş istehkamlarının ləğv edildiyi və bu əməliyyatı əks etdirdiyi iddia edilən bir video yerləşdirib.
Video sosial şəbəkələdə yayılmağa baışlayıb.
Daha əvvəl Tavuş vilayətinin başçısı Hayk Çobanyana istinadən Ermınistan informasiya qgentlikləri məlumat yaymışdılar ki, gecə sakit keçib, yaşayış məntəqələri atəşə məruz qalmayıb.
Daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan Azərbaycan tərəfindən Ermənistan sərhəd kəndlərinin atşə tutduğu haqqında bəyanat yayıb. Bəyanat erməni və ingilis dillərində yazılıb.
Bəyanatda deyilir ki, Azərbaycan tərəfi "Ermənistan-Azərbaycan sərhədində öz təcavüzkar əməllərini davam edərək qərəzlə mülki infrastrukturu və əhalini hədəfə alır və gərginlik coğrafiyasını genişləndirir".
Bəyanatda Azəbaycan tərəfinin pilotsuz uçan aparatlardan istifadə edərək Berd şəhərinin mülki obyektlərinə hücum edildiyi bildirilir.
XİN xəbərdar edir ki, "Ermənistan Respublikası mülki əhalisinə qarşı bu təcavüzkar hərəkətlər adekvat cavabını alacaq və bütün məsuliyyət Azərbaycan tərəfin üzərinə düşəcək".
Ermənistan mediası yazır ki, dünənki atışmalar nəticəsində qaz xətti şəbəkəsində zərər dəyib. Nəticədə Tavuş rayonunun üç kəndində - Nerkin Karmirağbur, Aygepar və Çinari kəndlərində qaz verilişi kəsilib.
ABŞ Ermənistan və Azərbaycanı atəşkəs rejiminə əməl etməyə çağırıb

Şəklin mənbəyi, Getty Images
Amerika Birləşmiş Ştatları Azərbaycan-Ermənistan beynəlxalq sərhədi boyunca baş verən zorakılığı qəti şəkildə pisləyir. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.
"Tərəfləri dərhal güc tətbiq etməyi dayandırmağa, mövcud vəziyyətin daha da pisləşməməsi üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrini istifadə etməyə və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı, dinc yolla nizamlanmasına kömək etməkdə qətiyyətli olaraq qalır. Bu məqsədə çatmaq üçün səylə və fəal iştirak edəcəyik. ABŞ Minsk Qrupu həmsədrlərinə qoşulur və tərəfləri mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamağa çağırır".
Dövlət Departamentinin bəyanatında, həmçinin "vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyi" də vurğulanıb.
BMT Baş katibi Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırıb

Şəklin mənbəyi, United Nations in Azerbaijan/Youtube
BMT-nin baş katibi Antonio Guterres Azərbaycan-Ermənistan sərhəddində baş vermiş və ölümlərə səbəb olmuş ağır silahların da istifadə edildiyi atışmadan dərin narahatlıq keçirdiyini bildirib.
Cənab Guterres "hərbi əməliyyatları dərhal dayandırmağa və bütün tərəfləri vəziyyəti ağırlaşdırmamağa, mövcud vəziyyətin həlli istiqamətində addımlar atmağa və təxribatçı ritorikadan çəkinməyə" çağırıb.
BMT Baş katibi həmçinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanatı diqqətə alıb və "bu təhlükəli vəziyyətin həllində və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yolların axtarılmasında" göstərdiyi səyləri tam dəstəklədiyini bildirib.
1988-ci ildə Dağlıq Qarabağa görə qaldırılan ərazi iddiaları ilə bağlı münaqişələr 1991-ci ildə Azərbaycan-Ermənistan arasında müharibəyə çevrilib. Hər iki tərəf arasında 1994-cü il mayın 12-də atəşkəs imzalanıb və münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-də Minsk qrupu yaradılıb. Hazırda bu qrupa ABŞ, Rusiya və Fransanın nümayəndələri həmsədrlik edirlər.






