Birlikdə yaşamaq: BBC News Azərbaycanca erməni və azərbaycanlı qaçqınların hekayələrini təqdim edir

BBC News Azərbaycanca Ermənistanla Azərbaycan arasındakı münaqişə nəticəsində evlərini tərk etməyə məcbur olmuş etnik erməni və azərbaycanlıların hekayələrindən ibarət yeni silsilə verilişə başlayır.
BBC-nin əməkdaşı Vüsal Həmzəyevin hazırladığı və təqdim etdiyi "Birlikdə yaşamaq" verilişinin hər bir epizodu auditoriyaya etnik kimliyi səbəbindən öz torpaqlarını tərk etmiş şəxslərin hekayələrini birinci şəxsin dilindən eşitmək imkanı verir.
Vüsala Ermənistan, Azərbaycan, Rusiya və ya ABŞ-dakı yeni evlərindən müsahibə verən insanlar müxtəlif sosial keçmişi və kimliyi olan şəxslərdir.
Onlar 1988-ci ildə başlayan, daha sonra müharibə və çıxılmaz vəziyyətə çevrilmiş münaqişədən əvvəlki həyatla bağlı xatirələrini bölüşür, köç zamanı şahid olduqları və qarşılaşdıqları hadisələrdən danışır və yeni vətənlərində onlara olan münasibətdən söz açırlar.
BBC News Azərbaycancanın redaktoru Könül Xəlilova yeni verilişlə bağlı bunları deyib: "Azərbaycan və Ermənistanda birgə yaşamağı xatırlamayan, ancaq bu barədə bilmək istəyən gənc nəsil var. "Birlikdə yaşamaq" tərk etdikləri yerlər və insanlarla əlaqələri canlı tutan şəxsləri birbaşa dinləmək üçün auditoriyaya əvəzsiz imkan verir".
"Birlikdə yaşamaq" verilişinin ilk epizodunda Vüsal Həmzəyev 1988-ci ildə Mingəçeviri tərk etmiş, hazırda isə Yerevanda yaşayan tarixçi Nona Şahnazaryanla söhbət edir.
Növbəti epizodda, o, 1988-ci ildə Ermənistanın Vardenis rayonunun Şişqaya kəndini tərk etmiş və indi Bakıda yaşayan cərrah Ruslan Yusifovla söhbət edir. "Birlikdə yaşamaq" silsiləsi həftədə bir dəfə yayımlanacaq.
BBC News Azərbaycanca BBC Dünya Xidmətinin bir hissəsidir. BBC News Azərbaycanca bbc.com/azeri səhifəsindən əlavə Facebook, Instagram, Twitter, WhatsApp və YouTube vasitəsilə sosial media istifadiçəiləri ilə görüşür.








