Türkiyənin fişəng fabrikində partlayış, İranın uran zavodunda yanğın, jurnalist Camal Kaşıkçının öldürülməsinə görə qiyabi məhkəmə

Şəklin mənbəyi, DHL
Türkiyənin fişəng fabrikində partlayış, İranın nüvə zənginləşdirmə zavodunda yanğın baş verib. Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda öldürülmüş jurnalist Camal Kaşıkçının qətli ilə bağlı qiyabi məhkəmə keçiriləcək, İsveçrəyə səyahət edənlərə məcburi karantin, Şimali Koreyada ölkə lideri koronavirusa qarşı "parlaq müvəffəqiyyət" iddia edir, Koronavirusa tutulan çox adamda qoxu və dadbilmə qabiliyyəti "düzəlir" - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.
Türkiyənin fişəng fabrikində partlayış

Şəklin mənbəyi, DHL
Türkiyədə fişəng fabrikində baş vermis partlayış nəticəsində, biri ağır olmaqla, azı 74 nəfər yaralıb, iki nəfər ölüb.
Bu barədə məlumat verən Prezident Recep Tayyip Erdoğan əlavə edib ki, partlayış zamanı orada 189 nəfər işçi olub.
"Ümidimiz yaralıların sağlam bir şəkildə ailələrinə qayıtmaları və içəridə olanlar haqqında pis xəbər almamaqdır", Prezident Erdoğan bildirib.
Sakarya vilayətinin Hendek qəsəbəsində yerləşən fabrikdə partlayış cümə günü günorta baş verib.
Patlayışın səbəbi hələ ki bəlli deyil.
İranda uran zənginləşdirmə zavodunda yanğın

Şəklin mənbəyi, @aeoinews
İranın nüvə zənginləşdirmə zavodunda baş verən yanğının binaya ziyan vurduğu bildirilir.
İranın Atom Enerji Təşkilatının sözçüsü Behruz Kamalvandi bildirib ki, hadisə Natanz uran zənginləşdirmə zavodunda "tikilməkdə olan sənaye sahələrindən birində" baş verib.
Qurum daha sonra yanmış binanın görüntülərini yayıb. ABŞ mərkəzli analitiklər bu tikilinin yeni montaj emalatxanası olduğunu bildirib.
Hadisə Parçin hərbi hissə kompleksinin yaxınlığında baş verən partlayışdan altı gün sonra baş verib.
İran rəsmiləri partlayışa ərazidəki "sızan qaz çənlərinin" səbəb olduğunu söyləyib, lakin analitiklər deyir ki, peyk fotoşəkilləri bunun yaxınlıqdakı raket istehsalı müəssisəsində baş verdiyini göstərib.
Cənab Kamalvandi bildirib ki, hər hansı ölüm hadisəsi baş verməyib və kompleksin işinə ziyan dəyməyib.
Türkiyə Camal Kaşıkçıya görə məhkəmə qurur

Şəklin mənbəyi, POMED
Səudiyyə Ərəbistanının vətəndaşı olmuş, jurnalist Camal Kaşıkçının öldürülməsinə görə 20 Səudiyyə vətəndaşı Türkiyədə qiyabi mühakimə olunub.
Kaşıkçı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda öldürülmüşdü.
Mühakimə olunanlar arasında Səudiyyə Ərəbistanının güclü vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın iki keçmiş köməkçisi də var.
Türkiyə prokurorları Səudiyyə kəşfiyyatı rəhbərinin keçmiş müavini Əhməd əl-Əsirini və kral məhkəməsinin media müşaviri Səud əl-Qahtanini əməliyyata rəhbərlik etməkdə günahlandırıblar.
Təqsirləndirilən digər 18 nəfər qalıqları tapılmamış Kaşıkçını boğmaqda ittiham olunur. Türkiyə rəsmiləri onun cəsədinin parçalanaraq naməlum bir yerə aparıldığını söyləyirlər.
ABŞ-da yaşayan jurnalist yaxınlaşan toyu üçün sənəd almaq məqsədilə konsulluğa daxil olmuşdu.
ABŞ Kəşfiyyat İdarəsi və bəzi Qərb hökumətləri inanır ki, cinayət şahzadə Salman tərəfindən verilib, lakin o, iddiaları rədd edir.
Bu gün İstanbuldakı məhkəmə prosesini Camal Kaşıkçının nişanlısı Hatice Cengiz və Birləşmiş Millətlər Təşkilatının məhkəmədənkənar və özbaşına edamlar üzrə xüsusi məruzəçisi Agnes Callamard izləyəcək.
Prosesdən əvvəl Reuters xəbər agentliyinə danışan Hatice Cengiz "Camalın öldürülməsi əmrini kimin verdiyini, cinayətdə kimlərin rol oynadığını, cəsədinin harada olduğunu bilmək istəyirəm" deyib.
İsveçrəyə səyahət edənlərə məcburi karantin

Şəklin mənbəyi, Getty Images
İsveçrə bəzi ölkədən gələn şəxsləri 10 gün məcburi karantində saxlayacaq.
İyulun 6-da qüvvəyə minəcək siyahıda Azərbaycanın da adı var.
Bundan başqa, siyahıda Argentina, Ermənistan, Bəhreyn, Belarus, Boliviya, Braziliya, Cabo Verde adaları, Çili, Donimikan Respublikası, Honduras, İraq, İsrail, Qətər, Kolumbiya, Küveyt, Moldova, Şimali Makedoniya, Oman, Panama, Peru, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, ABŞ yer alıb.
Şimali Koreyada koronavirus: ölkə lideri "parlaq müvəffəqiyyət" iddia edir

Şəklin mənbəyi, Getty Images
Şimali Koreya lideri Kim Jong-un ölkəsinin koronavirusla mübarizədə "parlaq müvəffəqiyyət" əldə etdiyini iddia edir, KCNA dövlət xəbər agentliyi yazır.
Kim Jong-un iclasların birində danışarkən deyib ki, ölkəsi "zərərli virusun sızmasının qarşısını alıb və stabil vəziyyəti qoruyub.
Şimali Koreya altı ay əvvəl virusun bütün dünyaya yayıldığı vaxt sərhədlərini bağlayıb və minlərlə insanı təcridxanaya yerləşdirib.
Ölkədə yoluxma hallarının olmadığı iddia olunsa da, təhlilçilər buna ehtimal vermir.
Koronavirus: qoxu və dadbilmə qabiliyyəti "çox adamda düzəlir"

Şəklin mənbəyi, Getty Images
Covid-19 virusuna yoluxandan sonra qoxu və ya dadbilmə qabiliyyətini itirənlərin demək olar ki, 90 faizində bu funksiyalar bir ay ərzində yaxşılaşıb və ya bərpa olub, araşdırmada deyilir.
İtaliyada keçirilmiş araşdırma xəstələrin 49 faizinin qoxu və dadbilmə qabiliyyətinin tam bərpa olunduğunu, 40 faizində isə yaxşılaşma müşahidə olunduğu bildirilir.
Cəmi 10 faiz xəstədə simptomlar eyni qalıb və ya pisləşib.
Pandemiyanın geniş miqyasını nəzərə alaraq, mütəxəssislər yüz minlərlə insanın uzunmüddətli problemlərlə üzləşə biləcəyi barədə xəbərdarlıq edir.
Şəxsin qoxu və ya dadbilmə qabiliyyətində dəyişiklik və ya onun itirilməsi koronavirusun əsas simptomlarından biri kimi qəbul edilir.









