Buraxılış imtahanlarında yeni sənəd tələbi, Pakistan Baş naziri İbn Ladeni “şəhid” adlandırıb, Azərbaycanda küçəyə çıxmaq üçün mobil tətbiqlə də icazə almaq olar

Ali məktəblərə qəbul imtahanlarında dəyişikliklər edilir

Şəklin mənbəyi, APA

İyulun 2-də və 3-də keçiriləcək buraxılış imtahanlarında yeni sənəd tələb olunacaq, Pakistan Baş naziri İbn Ladeni "şəhid" adlandırmasına görə tənqid olunur, karantin dövründə yaşayış yerini tərk etmək üçün icazə yalnız SMS-lə deyil, mobil tətbiqlə də almaq mümkün olacaq, ABŞ Xəzinəsi pandemiya dövründə vətəndaşların rifahını yaxşılaşdırmaq üçün ödədiyi yardımın bir hissəsini ölmüş vətəndaşlara göndərib - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.

İyulun 2-də və 3-də keçiriləcək buraxılış imtahanlarında iştirak edənlərdən üç sənəd gətirmələri tələb olunacaq.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, bu sənədlər şəxsiyyəti təsdiq edən sənəd, "İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə" olmalıdır.

Qurum imtahan iştirakçılarından sonuncu iki sənədin çap edib gətirilməsini tələb olunacağını bildirib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə" mərkəzin saytında "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Məlumata görə imtahana girərkən imtahana buraxılış vərəqəsi şagirdin özündə qalır, amma sağlamlıq haqqında bəyannamə imtahan nəzarətçisinə təhvil veriləcək.

Bunun üçün də hər iki sənədin ayrılıqda çap olunması tələb olunur. DİM-in məlumatına görə, kütləviliyin və təmas hallarının qarşısının alınması üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

Qurum bəyan edir ki, imtahan iştirakçısı buraxılış vərəqində göstərilən vaxtda binaya daxil ola bilər və hər kəsdən imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməyi tələb edilir.

"İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni" DİM-nin saytından çap oluna biləcəyi bildirilib.

Pakistan Baş naziri İmran Xan

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Pakistan Baş naziri İbn Ladeni "şəhid" adlandırıb

Pakistan Baş naziri İbn Ladeni "şəhid" adlandırıb

Pakistanın Baş naziri İmran Xan parlamentdə ABŞ İbn Ladeni "şəhid etmişdir" dedikdən sonra müxalif deputatlar tərəfindən tənqid olunur.

İbn Laden ABŞ-da baş vermiş 11 sentyabr hücumlarının planlayıcısı olaraq qəbul olunur və 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının əməliyyatı nəticəsində Pakistanın bölgələrinin birində öldürülüb.

Pakistan hərbi əməliyyatdan əvvəl məlumatlandırılmayıb.

"Mən heç vaxt unutmayacağam ki, biz pakistanlılar ABŞ-ın gəlib Üsəma İbn Ladeni öldürməyindən, şəhid etməyindən nə qədər xəcalət çəkdik" - İmran Xan deyib.

Cənab Xan nitqində ərəb mənşəli, "İslam cəfakeşi" mənasını daşıyan "şəhid" ifadəsini işlədib.

Müxalifət lideri və keçmiş xarici işlər naziri Khawaja Asif Baş naziri tənqid edib və İbin Ladeni "əsl terrorçu" adlandırıb.

İmran Xan dörd il əvvəl televiziyaya müsahibəsində İbn Ladeni "terrorçu" adlandırmaqdan boyun qaçırmışdı.

Mobil tətbiq vasitəsiylə küçəyə çıxmağa icazə almaq mümkün olacaq,

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Mobil tətbiq vasitəsiylə küçəyə çıxmağa icazə almaq mümkün olacaq

Mobil tətbiqlə küçəyə çıxmağa icazə almaq olacaq

Azərbaycanda karantin dövründə həm 8103 qısa nömrəsinə SMS göndərməklə, həm də mobil tətbiq vasitəsiylə küçəyə çıxmaq üçün icazə almaq mümkün olacaq.

Yeni yaradılan "E-Təbib" mobil tətbiqi ilə icazə almaq qaydalarını baş nazir Əli Əsədov təsdiq edib.

Nazirlər Kabinetinin yaydığı məlumata görə, artıq vətəndaşlar "E-Təbib" mobil tətbiqindən istifadə etməklə küçəyə çıxmaq üçün icazə ala biləcəklər.

Məlumatda deyilib ki, yaşayış yerini tərk etməyə görə icazə almaq üçün mobil tətbiqi ağıllı telefona yükləyib applikasiyanı quraşdırmaq tələb olunur.

Mobil tətbiq ağıllı telefona quraşdırılarkən telefon nömrəsi və ya sosial şəbəkə hesabı ilə qeydiyyatdan keçmək tələb olunur.

Bundan başqa mobil tətbiqin istifadəsi üçün "lisenziya razılaşması"nı qəbul etmək istifadəçilərdən tələb olunur.

Bu mobil tətbiq istifadəyə veriləndən Azərbaycanda bəzi istifadəçilər arasında geniş müzakirəyə səbəb olub.

Müzakirələrdə mobil tətbiqin şəxsi məlumatları toplaması ehtimalından narazılıq ifadə olunub.

ABŞ Xəzinəsi təqribən 1.4 milyard dollardan çox məbləğdə koronavirus yardımını ölü vətəndaşlara göndərib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ Xəzinəsi təqribən 1.4 milyard dollardan çox məbləğdə koronavirus yardımını ölü vətəndaşlara göndərib

ABŞ ölü vətəndaşlara səhvən 1.4 milyard dollar göndərilib

ABŞ Xəzinəsi təqribən 1.4 milyard dollardan çox məbləğdə koronavirus yardımını ölü vətəndaşlara göndərib.

Nazirliyi yoxlayan müfəttişlər mart ayından bəri iqtisadiyyata ayrılan 2.6 tirlyon dollar yardımın göndərilməsində tələsiklik səsəbindən bəzi səhvlər edildiyini bildiriblər.

Kiçik və orta bizneslərə verilən kreditlərdə isə bunu paylamanı həyata keçirən qurumun əməkdaşlıq etmək istəmədiyi üçün həmin təşkilatın korrupsiya riski yaratdığı bildirilib.

Digər tərəfdən ABŞ siyasətçiləri koronavirusla bağlı yardımların artırılıb-artırılmaması barədə müzakirələr aparırlar.

Həmçinin bax: