DİN: "Abşeronda it boğuşduranlardan 4-ü həbs olunub"

Cümə günü it boğuşdurulduğu müşahidə olunan videoda görünən və Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan altı nəfərdən dördu həbs edilib.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidovun BBC News Azərbaycancaya verdiyi məlumatda bildirilir ki, "saxlanılan şəxslərdən birinin üstündə narkotik maddə aşkarlandığı üçün barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, digər üç nəfər isə inzibati qaydada bir ay müddətinə həbs edilib".
"Saxlanılan şəxslərdən üstündə narkotik tapılmış bir nəfərə qarşı narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayət işi açılıb və barəsində 4 aylıq həbsqətimkan tədbiri seçilib.
Digər üç nəfər isə qəsdən polisin qanuni tələblərinə bilərəkdən tabe olmayıblar. Odur ki, onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə hər biri bir ay müddətinə inzibati qaydada həbs ediliblər".
Qurum rəsmisi qaldırılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirildiyini bildirib.
Ehsan Zahidov həmçinin "digər iki nəfərin də axtarışlarının davam etdirildiyini" vurğulayıb.
Mayın 28-də DİN sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya "ilkin araşdırmaların yayılan videogörüntülərin 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkildiyini göstərdiyini" demişdi.
Bir müddət əvvəl sosial şəbəkədə yayılan it boğuşdurma görüntüləri heyvan hüquq müdafiəçilərinin hiddətinə səbəb olub.
Nə baş verib?
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Azərbaycanda qadağan edilmiş it döyüşləri keçirən şəxslərin görüntüləri yayılmışdı. Görüntülərdə iki itin boğuşarkən, ətrafda bir neçə nəfər şəxsin onları həvəslə izlədiyi müşahidə olunub.
«Alyans» canlı aləm və etika xeyriyyə cəmiyyətinin rəhbəri Mənsurə Rəsulzadə yayılan xəbərləri BBC News Azərbaycancaya şərh edərkən "ölkədə bu kimi halların miqyasını dəqiq deyə bilməsə də, belə hallar olduğunu və əsasən nəzarətsiz olduğunu" bildirir.
O, hesab edir ki, ölkədə heyvan döyüşlərinə qadağa qoya biləcək qanunlar var.
"Ancaq indiyədək bu döyüşlərin qarşısı alınmayıbsa, bu qanunlara nəzarətin olmamasından irəli gəlir", - Mənsurə Rəsulzadə iddia edir.
Onun sözlərinə görə, heyvan döyüşləri "bu, mütəşəkkil cinayətkarlıqdır. Bu, kollektiv şəkildə qanunsuzluq etməkdir. Qumardır. Qara biznesdir. Belə işlər isə aşkar həyata keçirilmir. Bu işləri görənlərin özləri də etdiklərinin qanunsuzluq, cinayət olduğunu bilirlər".
"Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması" barədə Qanunda deyilir ki, "heyvanlarla rəhmsizcəsinə davranaraq, onları şikəst və ya tələf edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar".









