Azərbaycan: yeni Baş prokuror Kamran Əliyev oldu

bu gün baş prokuror dəyişib Azərbaycan

Şəklin mənbəyi, Azertag

Azərbaycanın Baş prokuroru dəyişdi. Cümə günü Milli Məclis Kamran Əliyevi ölkənin Baş prokuroru vəzifəsinə təsdiqləyib.

O, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olub.

Kamran Əliyevin namizədliyi Prezident İlham Əliyevin təqdimatına əsasən irəli sürülüb.

Kamran Əliyevdən öncə bu vəzifəni 2000-ci ildən Zakir Qaralov tutub.

Kamran Əliyev kimdir?

Kamran Əliyev 1965-ci il noyabrın 18-də Balakən rayonunda anadan olub.

1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Daha sonra K.Əliyev həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir.

1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, eyni zamanda həmin müəssisədə elmi işçi vəzifəsində işləyib.

1993-cü ildə həmin İnstitutda disertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır.

Daha sonra Kamran Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi vəzifələrində işləyib.

2007-ci ilin avqustundan Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidentinin 5 avqust 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.