Azərbaycanda koronavirus: Elektrik enerjisinin aylıq güzəştli istehlak həcmi müvəqqəti artırıldı

Azərbaycanda əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan istehlak həcmi 100 kilovat-saat artırılaraq 400 kilovat-saat müəyyən edilib.

Bu barədə Baş nazir Əli Əsədovun bazar ertəsi günü verdiyi qərarda qeyd olunub.

Tarif Şurasının 2016-cı il qərarı ilə əhali qrupu üçün elektrik enerjisinin aylıq istehlak həcminin 300 kVts-a qədər olan hissəsi kilovat-saatı 7 qəpiikdən, 300 kVts-dan çox olan hissəsi kilovat-saatı 11 qəpikdən hesablanır.

Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində mart ayının ikinci yarısından "sosial izolyasiya" tədbirləri, daha sonra sərt karantin tədbirləri tətbiq edilir. Bu qərarlara əsasən, kütləvi tədbirlər təxirə salınıb, ictimai-iaşə obyektlərinin fəaliyyəti isə məhdudlaşdırılıb, əhalidən evdə qalmaq istənilib və evdən çıxmaq xüsusi icazə ilə həyata keçirilir.

Bundan sonra bəzi sakinlər elektrik, su, qaz kimi kommunal ödənişlər barədə çətinliklə üzləşdiklərini dilə gətiriblər.

Baş nazirin qərarında artımın əhali qrupu üzrə 2020-ci ilin aprel ayında "sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə" şamil ediləcəyi qeyd edilir.

Hesabat ayı ardıcıl 30 təqvim gününü əhatə edir, qərarda deyilir.

Qərarda elektrik enerjisinin əhali tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Azərbaycan dövlət büdcəsindən ayrılan vəsait hesabına kompensasiya ediləcəyi bildirilib.

Azərbaycanda koronavirusun iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə bir milyard manat ayrılıb.

Ölkədə ümumilikdə koronavirus infeksiyasına yoluxma 1100-dən çox adamda aşkarlanıb. 12 nəfər isə ölüb.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.