Azərbaycanda koronavirus: toy və yaslara qadağa, apteklər və mağazalar əvvəlki kimi işləyəcək

Azərbaycanda koronavirusla bağlı ölkə boyunca "sosial izolyasiya" tədbirləri elan olunub. Buna görə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumatında deyilir.

Cümə günü elan edilən qərara əsasən, dəfn mərasimləri istisna olmaqla, qapalı məkanlarda keçirilən yas yığıncaqlarına qadağa qoyulur. Eynilə, 14 və 15 mart tarixlərinə əvvəlcədən təyin olunmuş toy mərasimləri istisna olmaqla, bütün toy məclislərinin keçirilməsinə də icazə verilmir.

Başqa tədbirlərlə yanaşı, restoran və kafelərin iş rejimi dəyişdirilir. Belə obyektlər axşam saat 9-dək işləyə bilər. Bu saatdan sonra işləyən klub və barların fəaliyyəti isə tamamilə dayandırılır.

"Ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir", - operativ qərargahın məlumatında deyilir.

Səfərlər

Aptek, ərzaq mağazaları, market və supermarketlərin fəaliyyətində dəyişiklik nəzərdə tutulmur.

Daha bir məhdudiyyət xarici səfərlərə tətbiq olunacaq. Məmurlar və səhiyyə işçiləri ölkədən çıxmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsini almalı olacaqlar.

Qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır.

Karantin qaydalarını pozan şəxslərə qarşı cəzalar nəzərdə tutulur.

Bununla yanaşı, ictimaiyyətdə yanlış fikir formalaşdıran "qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən" KİV və sosial şəbəkə istifadəçiləri barəsində də "ciddi tədbirlər görüləcəkdir".

"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır".

Daha 4 koronavirus hadisəsi

İrandan və İtaliyadan qayıdan dörd nəfər azərbaycanlıda koronavirus infeksiyasına yoluxma qeydə alınıb, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında bildirilib.

Beləliklə, Azərbaycanda koronavirus aşkarlananların sayı hazırda 16 nəfərdir. Digər bir nəfər isə bu həftə bu xəstəlikdən vəfat edib.

Xəbərə görə, koronavirusa yoluxan şəxslər "xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər, səhhətləri normaldır."

Daha əvvəl xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhətinin sabit ağır olduğu bildirilib.

Onun nəzarətdə saxlanılması və müalicəsinin davam etdiyi bildirilib.

Qurum bildirib ki, koronavirus aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir.

Onların ümumi sayı barədə rəsmilər məlumat vermir.

Cümə axşamı günü isə Azərbaycanda bir qadının koronavirusdan öldüyü məlum olub.

51 yaşlı qadın bir müddət əvvəl İrana müalicə üçün səyahət edib. O, Azərbaycanda koronovirusdan ölən ilk qadındır.

Azərbaycana qayıtdıqdan sonra isə o, səhhətindəki xroniki problemlərə görə xəstəxanaya müraciət edib.

Nazirlər Kabineti martın 11-də 1969-cu il təvəllüdlü qadında infeksiyaya yoluxma halının aşkarlandığını açıqlamışdı.

Qadının xəstəliyi

Koronavirusa yoluxmuş qadında həmçinin ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib.

Eyni zamanda ağır gedişli autoimmun xəstəlik fonunda qadında ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzliyi aşkarlanıb.

Koronavirusun təsirilə qadında çoxsaylı orqan çatışmazlığı inkişaf edib və onun həyatını xilas etmək mümkün olmayıb, qərargah bildirib.

Onun ailə üzvlərinin və digər şəxslərin karantinə götürüldüyü qeyd edilir.

Martın 11-də İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə də koronavirus aşkarlanıb.

Bundan əvvəl operativ qərargah daha iki yoluxma faktı barədə məlumat yayıb.

Operativ qərargah onu da bildirib ki, bundan əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

Onların 1973, 1997 və 1998-ci il təvəllüdlü olduğu qeyd edilir.

Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı.

Martın 10-da verilən məlumata görə, Azərbaycanda 312 nəfər koronavirus şübhəsiylə saxlandığı karantindən buraxılıb.

Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycanda bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi martın ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) dayandırılıb, Nazirlər Kabineti elan edib.

Bundan başqa bəzi imtahanlar təxirə salınıb.

Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib və toyların təxirə salınması tövsiyə edilib.