DİN: "Axşam saat 9-dan sonra küçəyə çıxmayın"

Bu gün koronavirus Azərbaycan

Şəklin mənbəyi, Getty Images

Daxili İşlər Nazirliyi vətəndaşlara axşam saat 9-dan sonra küçəyə çıxmamağı tövsiyə edir.

Qurum çərşənbə axşamı günü yaydığı məlumatda bildirib ki, küçəyə çıxmaq üçün iş yerindən arayışı olanların bəziləri bu hüquqdan sui-istifadə edir.

Azərbaycanda yayılan koronavirus epidemiyasına görə Baş nazirin qərarı ilə aprelin 5-dən hərəkət məhdudiyyəti tətbiq edilir, küçəyə çıxmaq üçün xüsusi icazə almaq tələb olunur.

Ölkədə koronavirusdan ölənlərin sayı 10-u, yoluxma halı aşkar edilənlərin sayı 1000-i keçib.

Daxili İşlər Nazirliyi bildirir ki, karantin rejimində hərəkətinə xidməti vəsiqə, arayış, elektron qeydiyyat əsasında icazə verilən şəxslərin əksəriyyəti bu hüquqdan sui-istifadə edərək iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl etmirlər.

DİN tələb edir ki, iş vaxtı və ya icazə müddəti başa çatdıqdan sonra vətəndaşlar yaşadıqları ünvana qayıtsınlar.

DİN icazə hüququndan sui-istifadə edənləri inzibati məsuliyyət gözlədiyini bəyan edib.

Qurum həmçinin SMS-lə küçəyə çıxanlara tövsiyə edir ki, fərdi nəqliyyatdan istifadə etməsinlər, axşam saat 9-dan sonra çölə çıxmasınlar.

Tövsiyəyə əməl olunmasa, vətəndaşı gözləyən cəza ilə bağlı BBC News Azərbaycanca DİN-dən cavab ala bilməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yalnız onu deyib ki, vətəndaşlar tövsiyələrə əməl etsinlər və "evdə qalsınlar".