Hökumət Zaqatalada koronavirusa yoluxanlar barədə açıqlama vermir

Zaqatala

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Balakən xəstəxanasına yerləşdirilən koronavirusa yoluxmuş zaqatalalı ailə barədə açıqlama verməyəcəyini deyib.

Zaqatala bölgəsində yerləşən bir kənddə Bakıdan qayıdan sakində koronavirus aşkarlandığı və onun ailəsini də yoluxdurduğu bildirilir.

Məlumata görə, onlar hazırda Balakən Rayon Mərkəzi Xəstəxanasındadırlar.

Məsələ ilə bağlı nə TƏBİB-dən, nə də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat almaq mümkün olmasa da, ailənin yaşadığı kəndin icra nümayəndəsi kəndin karantində olduğunu deyir.

"Bakıdan gəlib…"

Rayonun İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi bildirir ki, Bakıda tikintidə işləyən bir sakin kəndə qayıdıb və o və ailəsi koronavirus ehtimalına görə Balakəndə karantin xəstəxanasına aparılıb.

"Vətəndaş Bakıdan gəlib, tikintidə işləyəndir. Ailəsi 3 nəfərdən ibarətdir. Özü, həyat yoldaşı və oğlu. Hər ehtimala qarşı Balakənə aparıblar. İnşallah yaxşı olacaq", o deyib.

Onun sözlərinə görə, kəndin giriş və çıxışı bağlanıb, burada karantin vəziyyətdir.

"Onunla kontaktda olanlardan analizlər götürülüb, hələ ki, cavablar çıxmayıb".

koronavirus
xətt

Onun sözlərinə görə,bu, kənddə ilk belə hadisədir.

TƏBİB ailənin vəziyyətinin hazırda necə olmasilə bağlı açıqlama verməyib.

Qurumdan bildirilər ki, istənilən adam karantinə alına bilər.

"Burada koronavirus şübhəsi də ola bilər, koronavirus halı da. Xüsusi ailə haqqında araşdırma aparılmır, hər hansı bir xüsusi insan barəsində açıqlama verilmir. Koronavirus xəstəsidirsə, müalicəsini alır", qurum sözçüsü Rəvanə Əliyeva bildirib.

Azərbaycanda ümumilikdə koronavirus infeksiyasına yoluxanların 359-a çatıb. Onlardan 26 nəfəri sağalıb, 5 nəfər vəfat edib.

Hazırda aktiv koronavirus xəstələrinin sayı 328-dir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Karantin zonalarında 4518 nəfər var, yeni yoluxmaların müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparıldığı deyilir.

Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.