Azərbaycanda koronavirus: şənbə günü gecədən xüsusi karantin rejimi gücləndirilir

Şəklin mənbəyi, Getty Images
Şənbə günü gecə saat 12-dən etibarən Azərbaycanda rayonlararası və şəhərlərarası hərəkət bəzi istisnalarla tam dayandırılır, metronun iş rejimi qısaldılır, bəzi vacib obyektlərdən başqa bütün məkanlarda xidmət dayandılır, parklara və bulvara giriş məhdudlaşdırılır, yalnız onlayn satışa və çatdırma xidmətinə icazə verilir.
Hazırda Azərbaycanda 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. 3 nəfər ölüb, 15 nəfər sağalıb. Ümumi yoluxma halı 165-dir.
Hökumət koronavirusa artıq ölkə daxilində də yoluxmaların olduğunu bildirib.
Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

- Koronavirus: Nə dərəcədə narahat olmalı?
- Koronavirus: maskaları kim, harada və necə taxmalı?
- Böyük şəhərlərdə koronavirus: yoluxmadan yayınmaq olarmı?
- Koronavirus: onu ilk xəstəyə hansı heyvan yoluxdurub?
- Koronavirus: maskaları kim, harada və necə taxmalı?
- Azərbaycanda xüsusi rejim. Mənə nə etmək olmaz, nə olar? – 6 suala cavabda

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, bəzi vacib sahələrə aid nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.
Yalnız xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkətinə icazə verilir.
Amma Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.
Martın 29-u gecə saat 12-dən etibarən, supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Xüsusi karantin rejimi dövründə restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır, amma evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
O cümlədən, bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılacaq.









