Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə görüşü başa çatıb

Şəklin mənbəyi, Facebook
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə 28-30 yanvar tarixində Cenevrədə keçirilən görüş başa çatıb.
Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar, Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinə istinadən Trend agentliyi bildirir.
Tam tərkibdə görüşdən əvvəl Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Andrew Schofer (ABŞ), Stephane Visconti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrıca görüşüblər.
Məlumata görə, ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub.
Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar. Son dəfə Azərbaycan və Ermənistan XİN rəhbərləri 2019-cu il 4 dekabr tarixində Bratislavada görüşüblər.





