Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərləri niyə gizli saxlanılır?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin məxfi saxlanmasının səbəbi "ictimaiyyəti qıcıqlandırmamaq üçündür", təhlilçilər belə düşünür.
"Azərbaycan və Ermənistandan olan jurnalistlər iki gündür ki, Yerevan və Bakıda səfərdədirlər", amma hər iki ölkənin Xarici İşlər Nazirlikləri bununla bağlı heç bir şərh verməyib.
İyirmi ildən sonra ilk dəfə bu ilin əvvəlində Ermənistana səfər etmiş "Turan" agentliyinin redaktoru Şahin Hacıyev hesab edir ki, hər iki tərəfin bu səfərdə iştirakı "məcburidir".
Humanitar Araşdırmalar İctimai Birliyinin sədri Əvəz Həsənov inanır ki, "sülh prosesi geniş tədbirlər kompleksindən ibarət olmalıdır".
Araz Əlizadə hesab edir ki, "xalq diplomatiyasının faydalı iş əmsalı sıfıra bərabərdir".
Iddialara görə, bu səfər Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə baş tutub. Lakin qurum BBC News Azərbaycancaya bu məlumatın doğru olmadığını bildirib.
Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri bu ilin əvvəlində xalqların sülhə hazırlanması prosesinin başlanmasının vacibliyindən danışıblar.
Bəs, iki ölkə jurnalistlərinin səfərlərinin məxfi saxlanmasının sülh prosesinə faydası nə olacaq?

Şəklin mənbəyi, Şahin Hacıyev
"Məxfi saxlamağın səbəbi ictimaiyyəti qıcıqlandırmamaqdır"
İyirmi ildən sonra ilk dəfə bu ilin əvvəlində Ermənistana səfər etmiş Turan İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev BBC News Azərbaycancaya bildirib ki, "gedən prosesləri izlədikdə hər iki tərəfin bu səfərdə məcburiyyət qarşısında iştirak etdiyi təsəvvürü yaranır".
"İdeya-təklif nə Bakının, nə də Yerevanın ürəyincə deyil. Bunu həmsədrlər təkid edir, ilk növbədə Rusiya bunu həyata keçirməyə cəhd göstərir. Hər iki tərəf razılıq verib, lakin bunu mümkün qədər məxfi saxlayır. Məxfi saxlamağın səbəbi isə ilk növbədə ictimaiyyəti qıcıqlandırmamaqdır. İlk növbədə bu Azərbaycana aiddir, amma görünür bu problem Ermənistanda da var", o deyir.
BBC News Azərbaycancanın Yerevan müxbirinin verdiyi xəbərə görə, azərbaycanlı jurnalistlər hazırda Yerevandadır.
Şahin Hacıyev mediada gedən rəylərdən bu qənaətə gəlib ki, "mümkün qədər neytral mövqeyi tutan jurnalistlər seçilib ki, neytral, qıcıqlandırmayan materiallar hazırlasınlar".
Bu səfərin digərlərindən fərqi nədir?
Cənab Hacıyev özünün Ermənistana səfər təcrübəsini yada salaraq deyir ki, həmin səfər onun öz təşəbbüsü ilə həyata keçirilib.
"O səfər mənim öz təşəbbüsümlə baş tutmuşdu. O layihə Turan Agentliyinin idi və biz onun üzərində bir il işlədik. Ölkələrin razılığını aldıq. O, tamamilə azad layihə idi, mən nəyi, kimi vacib hesab edirdim, hansı məsələləri işıqlandırmaq, kiminlə görüşmək istəyirdimsə bütün bunlara özüm qərar vermişdim. Orda bircə problem yarandı, o da rəsmi tərəf öncə söz versə də, nəticədə mənimlə görüşmədilər. O səfərin bu səfərdən fərqi də bunda idi. Mən sərbəst idim. Müstəqil mətbuat necə işləməlidirsə, mən də elə işlədim".
Şahin Hacıyev vurğulayır ki, "sülhə hazırlıq prosesi təbii olmalı"dır.
"İnsanlar gedir-gəlir, görüşür, danışır, nələrisə müzakirə edir. Hökumətin göstərişi ilə baş tutan iş deyil bu, belə olmamalıdır. Lakin prosesin həyata keçirilməsi hər iki dövlətin boynuna düşür. Bunlar da necə bacarırlar elə də edirlər".

Şəklin mənbəyi, Əvəz Həsənov
"Rusiyanın təşəbbüsüdür"
Humanitar Araşdırmalar İctimai Birliyinin sədri Əvəz Həsənov vurğulayır ki, "jurnalistlərin səfərinin məxfi saxlanması cəmiyyətlərin bu təmasa hazır olmadığını göstərib".
"Danışıqlar prosesi sülh prosesi demək deyil. Sülh prosesi geniş tədbirlər kompleksindən ibarət olmalıdır. Azərbaycanda cəmiyyət də sülhə hazır deyil, elə hökumət də. Ancaq hökumətin Dağlıq Qarabağa səfəri mümkünsüzdür. Azərbaycan cəmiyyəti isə Qarabağdakı proseslərə maraqlı olduğu halda ordan uzaq durmağa çalışır", - Əvəz Həsənov BBC News Azərbaycancaya deyir.
Onun fikrincə Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vacib sayılan xalq diplomatiyasının inkişafında "ayrı-ayrı ziyalılar bu məsələdə hökumətdən daha çox iş görə bilərlər".
"Azərbaycanlılar köhnə strategiya ilə davam etməyin tərəfdarıdır. Onlar hesab edirlər ki, ermənilərlə heç bir danışıq aparılmamalıdır və onlar bizim torpaqdan qeyd-şərtsiz çıxmalıdırlar. DQ dünya ilə münasibətlər qurmağa çalışır. Bu davranış yuxarıdan gələn sifariş də deyil. İnsanlar bu məsələdə nəticə istəyirlər, ancaq nəticə üçün heç nə etmək istəmirlər. Qaçqınların geri qayıtmasını istəyirlər, ancaq heç kim bu məsələ ilə bağlı konkret nə isə etmir. İnsanlar biganədirlər. Mən ümidimi itirmişəm ki, adamların bu cür yanaşması ilə biz DQ-la bağlı nəsə edə bilək", - cənab Həsənov deyir.

Şəklin mənbəyi, APA
"Məxfi deyil, bütün respublika bundan danışır"
"Məxfi deyil, bütün media bunu yazır, bütün respublika bundan danışır", deputat Araz Əlizadə BBC News Azərbaycancaya belə deyib.
"Mən bircə şeyə təəssüf edirəm. Bizi ora gedən jurnalistlərimizi radikal jurnalistlərdən seçsəydilər, mən bunu təqdirəlayiq hesab edərdim. Gedib görərdilər ki, Azərbaycanlılar necə yaşayır, Ermənistan əhalisi necə yaşayır. Ancaq düşünürəm ki, ora loyal jurnalistlər gedəcək və bunun heç bir əhəmiyyəti olmayacaq", - millət vəkili vurğulayıb.
O, "xalq diplomatiyasının faydalı iş əmsalı sıfıra bərabər olduğuna" inanır.
Azərbaycan Xarici İşlər Nazirliyindən bazar ertəsi günü BBC News Azərbaycancaya məsələdən məlumatsız olduqlarını bildiriblər.
Adının çəkilməsini istəməyən mənbə BBC Azərbaycancanın Yerevan müxbirinə bildirib ki, iki gün ərzində Azərbaycandan olan jurnalistlərin heç bir rəsmi qurum nümayəndələri ilə görüşməyib.
Yerevan müxbirimizdən aldığımız və daha əvvəl "Turan" agentliyinin məlumatlı diplomatik mənbələrdən verilən xəbərə görə, jurnalistlərin Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri planlaşdırılıb.
Yerevan müxbirimiz deyir ki, görüşlər zamanı heç bir rəsmi şəxs olmur. "Lakin məxfilik şərtinə son dərəcə ciddi əməl olunur. Görüşlər zamanı audio yazı və video çəkiliş vasitələrindən istifadə etmək olmaz", - o bildirir.






