ATƏT Azərbaycana verdiyi seçki tövsiyəsinin nə vəziyyətdə olmasını ictimailəşdirəcək

ATƏTİ-in müşahidə missiyası Azərbaycanda başlayıb
Şəklin alt yazısı, ATƏT-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayıb

ATƏT bu ildən etibarən xüsusi məlumat bazası təşkil edərək seçki ilə bağlı ölkələrə verilən tövsiyələrin icrası statusunu beynəlxalq ictimaiyyətə açıqlayacaq. Azərbaycanda tövsiyələrin qəbul edilməsi durumu ilə bağlı məlumatlar isə 2020-ci ilin ikinci yarısından etibarən qurumun saytında öz əksini tapacaq, Bunu Azərbaycanda erkən parlament seçkisini müşahidə etməyə gələn ATƏT missiyasının rəhbəri Peter Tejler deyib.

19-21 dekabrda Azərbaycanda seçkiqabağı müşahidələr aparmış ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyası bildirib ki, "Azərbaycanda son seçkilərdən bəri seçki qanunvericiliyində sərbəst toplaşmaq, ifadə azadlığı və seçki idarəçiliyinin tərəfsizliyi, namizədlərin qeydiyyatı, media mühiti və seçki günü prosedurları ilə əlaqəli heç bir dəyişiklik aparılmayıb".

Hakimiyyət bu iradları qəbul etmir və bildirir ki, Azərbaycanın seçki qanunvericiliyi ölkədə ədalətli və obyektiv, o cümlədən rəqabətli seçki keçirməyə imkan yaradır.

"Müşahidə missiyamız əməkdaşlıq mühitində keçəcək"

ATƏT-in seçki müşahidə missiyasının rəhbəri Peter Tejler çərşənbə axşamı günü keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan tərəfi 9 fevral erkən parlament seçkisinin müşahidəsi üçün rəsmi şəkildə onlara müraciət edib.

Demokratik Təsisatlar Azərbaycanda seçkini 11-ci dəfə müşahidə edir.

Peter Tejler bildirib ki, müşahidə missiyası əsas heyət, uzunmüddətli və qısamüddətli müşahidəçilərdən ibarət olacaq.

"Əsas ekspertlərdən ibarət nümayəndə heyəti 11 nəfərdən ibarətdir. Əsas heyət ATƏT-in öhdəlikləri çərçivəsində müşahidə aparacaq. Həmçinin milli müşahidəçilərdən ibarət heyət də olacaq. Bu seçkiyə 30 uzunmüddətli müşahidəçi cəlb ediləcək. 350 nəfər qısamüddətli müşahidəçi olacaq və onlar seçkidən bir neçə gün öncə Azərbaycana gələcək. AŞPA və ATƏT nümayəndələri də seçki günü Müşahidə Missiyasına qatılacaq.

Onlar seçkilərdən bir neçə gün sonra ölkəni tərk edəcək. Lakin əsas heyət və uzunmüddətli müşahidəçilər qrupu ölkədə qalacaq və seçkisonrası vəziyyəti də müşahidə edəcək".

ATƏT rəsmilərinin məlumatına görə, müşahidəçilər seçkidə 2 nəfərlik qrup şəklində və hər məntəqədə təxminən 30-40 dəqiqəlik aralıqlarla müşahidə prosesini həyata keçirəcəklər.

"Bizi seçkilərin nəticəsi maraqlandırmır"

Cənab Tejler seçkilərin DTHİB-nin tələblərinə uğun olaraq qiymətləndiriləcəyini vurğulayıb.

"Bizim bu seçkilərdə rolumuz prosesi müşahidə etmək və hesabat hazırlamaq olacaq. Biz seçki polisi və ya supervisor deyilik. Prosesə də müdaxilə etməyəcəyik. Qiymətləndirməmizi faktlar əsasında təşkil edəcək, hesabatlarımızı verəcəyik. Bizi seçkilərin nəticəsi maraqlandırmır, biz prosesin texniki qiymətləndirməsini aparırıq, nəticələri legitimləşdirmirik. Qiymətləndirməmizin əsasında daha geniş - seçki hüququndan azad istifadə, qərəzsizlik, nəticələrin düzgün dərci və sair kimi meyarlar durur", missiya rəhbəri bildirib.

Uzunmüddətli müşahidəçilər Azərbaycana yanvarın 14-dən etibarən gələcəklər.

Seçkidən dərhal sonra fevralın 10-da missiyanın ümumi vəziyyətlə bağlı və cəmiyyəti məlumatlandırmaq üçün aralıq hesabatı dərc olunacaq. Yekun hesabat isə ümumilikdə seçki prosesini qiymətləndirəcək və final hesabat təxminən 2 ay sonra çap ediləcək.