İlham Əliyev Bakının binaları, liftləri, damları və küçə işıqları barədə nə deyib?

Şəklin mənbəyi, Prezident.az
"Bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır".
Bunu prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib, Prezidentin rəsmi saytında yazılıb.
Prezident görüş zamanı deyib ki, həm dövlət investisiya proqramı çərçivəsində və Prezidentin ehtiyat fondunun vəsaiti hesabına lift təsərrüfatı yenilənir, nümunəvi həyətlər qurulur.
Nümunəvi məhəllələr
Onun sözlərinə görə, həyətlər vətəndaşlar üçün rahat, işıqlı olmalıdır və təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Prezident həyətlərə təhlükəsizlik kameralarının qoyulmalı olduğunu deyib.
Cənab Əliyev həm də lift təsərrüfatının tam yenilənməli olduğunu deyib və yaradılan nümunəvi həyətləri diqqətdə saxlamağı tapşırıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, prezidentin tapşırığıyla 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıbdır.
"İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcəkdir. Bizim hesablamalarımıza görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür. Bu proses davam edir."
Liftlərin yenilənməsi
Eldar Əzizov deyib ki, Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün 32 milyon manat vəsait ayrılıb və Almaniyadan ölkəyə 430 lift gətirilib.
O, cari ilin sonuna qədər 581 liftin quraşdırılacağını bildirib. BŞİH rəhbəri yaxın illərdə 2500-ə qədər liftin mərhələ-mərhələ dəyişdirilməli olduğunu da qeyd edib.
Buna cavab olaraq İlham Əliyev o liftlərin dəyişdirilməsilə bağlı cənab Əzizovdan təkliflər istəyib.
İlham Əliyev qış aylarının yaxınlaşması ilə bağlı dam örtüklərinin vəziyyəti ilə də maraqlanıb.
"Heydər Əliyev Fondu bu sahədə çox böyük iş aparır. Dam örtüklərinin təzələnməsi üçün Ehtiyat Fondundan 10 milyon manat vəsait ayrılmışdır", o deyib.
"Əlbəttə ki, bütün dam örtüklərini bu vəsaitlə təmir etmək mümkün deyil. Ancaq mən sizə göstəriş vermişdim ki, bu işləri planlı şəkildə görməliyik, illərə bölməliyik və maksimum qısa müddət ərzində Bakı şəhərinin bütün binalarının dam örtükləri tamamilə standartlara cavab versin", prezident deyib.
Eldar Əzizov isə bu prosesin başladığını və şəhərdə 380 binanın dam örtüyünün təmirinin nəzərdə tutulduğunu deyib.
Tikinti üçün zəbt olunan yerlər
"Bu gün demək olar ki, artıq 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bütün bu işi qurtarmaq niyyətindəyik.
Prezident İlham Əliyev tikintilərlə bağlı məsələlərdən də danışıb. O deyib ki, bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır.
"Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidi. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni, şəhərsalma qaydaları tətbiq olunmalıdır", o deyib.
İlham Əliyev deyib ki, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmalı deyil, vətəndaşlarla görüşməlidirlər.
"...rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar", prezident vurğulayıb.
İlham Əliyev bəzi tarixi binaların da söküldüyünü qeyd edib.
"...tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir".
Torpaq yollar
"Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni, şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq".
İlham Əliyev BŞİH başçısından rayon icra hakimiyyətlərinin başçılarını toplayıb müşavirə keçirməsini istəyib.
"İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət - bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır".
Görüşdə Bakının inkişaf etməsindən danışan prezident Əliyev onu da deyib ki, şəhərin ekoloji vəziyyəti yaxşılaşır, əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan götürülüb.
O, Balaxanı zibilliyi, Bibiheybət neft mədənləri, Böyükşor gölündən danışaraq oralardakı ekoloji problemlərin aradan qaldırıldığını deyib.
Müstəqil iqtisadçılar, eləcə də hakimiyyət tənqidçiləri illərdir ki, Bakının çoxsaylı problemləri - işıqsız küçələr, işləməyən liftlər, binaların həyətlərində hündür mərtəbəli evlərin tikilməsindən şikayətləri əks etdirən şərhlər verirlər.
İlham Əliyev 16 ildir ki, ölkəyə rəhbərlik edir. Bundan əvvəl onun atası, mərhum prezident Heydər Əliyev 10 il müddətinə ölkə prezidenti olub.






