AzTV rəhbərliyi: "Cavanşir Quliyevə qadağa qoymamışıq"

Azərbaycan Dövlət Televiziyası rəhbərliyi bəstəkar Cavanşir Quliyevə hər hansı qadağa qoymayıb. Bunu AzTV-nin mətbuat xidməti bəstəkarın ona qadağa qoyulması ittihamına cavab olaraq bildirib.
"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində hazırda çəkilişləri aparılan film və tamaşaların heç birində bəstəkar olaraq Cavanşir Quliyevə heç bir rəsmi müraciət olmayıb və yaxud bundan rəsmi imtina olmayıb", qurumdan BBC News Azərbaycancaya deyilib.
Sual vaxtı YouTube proqramında qonaq olan Cavanşir Quliyev Azərbaycanda hakimiyyəti tənqid edən sənətçilərə qoyulan qadağalardan danışıb və əlavə edib ki, AzTV rəhbərliyi onun yeni hazırlanan tamaşada iştirakını istəməyib.
Cavanşir Quliyev müsahibəsində dövlət televiziyası olan AzTV-dən hazırlanan bir tamaşanın musiqisini yazmaqla bağlı sifariş aldığını, ancaq sonradan rəhbərliyin bu sifarişin ona verilməsini bildikdə buna mane olduğunu söyləyib:
"Azərbaycan televiziyasında bir tamaşanın çəkilişi başlayır, komediyadır, Yeni il gecəsi təqdim ediləcək. Keçmişdə çəkilmiş tamaşalar kimi olacaq. Bütün gözəl aktyorları, o cümlədən xaricdə yaşayan azərbaycanlı aktyorları da dəvət ediblər. Mənim də tamaşanın musiqisini yazmağımı istədilər. Hətta başladım da işləməyə. Bir müddətdən sonra tamaşanın rejissoru mənə çatdırdı ki, AzTV-nin yeni sədri Rövşən Məmmədov bizi çağırıb dedi, bu tamaşanın musiqisini Cavanşir yazmayacaq".
AzTV-nin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, "bəstəkarın bu ittihamının haradan qaynaqlandığı" onlar üçün də "müəmmalı"dır və bunu araşdıracaqlar.
Qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanovun sözlərinə görə, AzTV-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində hazırda çəkilişləri aparılan film və tamaşaların heç birində "bəstəkar olaraq Cavanşir Quliyevə heç bir rəsmi müraciət olmayıb və yaxud bundan rəsmi imtina olmayıb".
"Ümumiyyətlə, əvvəldən təsdiqlənən hər hansı bir yaradıcı heyətin siyahılarının heç birində Cavanşir Quliyevin adı olmayıb. Bu baxımdan bəstəkarın bu ittihamının haradan qaynaqlandığı bizim üçün də müəmmalıdır və bu, araşdırılacaq", Mübariz Aslanov qeyd edib.
Sözçü onu da vurğulayıb ki, AzTV heç bir zaman hansısa sənətçinin və ya mədəniyyət xadiminin əsərlərinə qadağa qoymayıb: "İstər AzTV, istərsə də Mədəniyyət kanallarında onlarla tanınmış sənətçilərin, xalq və əməkdar artistləri, bəstəkarların əsərləri yer alır və bu zaman Cavanşir Quliyevin də repertuarına yer verilir. Yeni tamaşalara gəlincə, istər aktyor, istərsə də musiqi tərtibatını bilavasitə peşəkarlara, bu sahədə öz sözünü deyən mütəxəssislərə etibar etmişik", Mübariz Aslanov əlavə edib.









