Qadınlar İlham Əliyevin çıxışı barədə: "Təəssüfedicidir"

Şəklin mənbəyi, Getty Images
Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan "arvadla kişi arasında fərq görməyən" Avropaya inteqrasiya etməməlidir.
"Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop İslam!" deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik", prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi mərasimində çıxışında bildirib.
Azərbaycanda qadın hüquqları ilə bağlı bir neçə həftə öncə baş vermiş etirazlar, evdə ərləri tərəfindən döyülməyə məruz qalan qadınların şikayətləri və Azərbaycanın qadın haqları barədə İstanbul konvensiyasını izləməməsilə bağlı narazılıqlardan sonra ölkə prezidentinin qadın haqları ilə bağlı belə bir münasibət nümayiş etdirməsi narahatlıqla qarşılanıb.
"Təəssüfedicidir"
İctimai-siyasi fəal Zümrüd Yağmur deyib ki, İlham Əliyev bu çıxışı ilə indiyə kimi olan fikirlərinin əksini dedi.
"İlham Əliyev indiyə kimi demokratik və liberala dəyərlər malik olan ölkənin başçısı olduğunu iddia edirdi. O deyirdi ki, Azərbaycanda insan haqları ilə bağlı problem yoxdur, amma bu gün özünün çıxışında bunların əksini dedi", Zümrüd Yağmur bildirib.

Şəklin mənbəyi, Zümrüd Yağmur
Zümrüd Yağmurun sözlərinə görə, qadınla kişinin hüququ bərabərdirsə nə qadının kişini, nə də kişinin qadını qorumasına ehtiyac var.
O bildirib ki, ölkədə qanunlar işləyirsə, ümumiyyətlə, qadını qorumağa ehtiyac yoxdur.
"Prezidentin ənənəvi ölkə olduğumuzu deməsi onu göstərir ki, qadınlar kişilərdən asılı olacaqlar, Azərbaycan qadınları yenə kişilərin namus kriteriyalarının arxasından dünyaya baxacaqlar. Ənənəvilik deyəndə bu nəzərdə tutulur, çünki Azərbaycanda bunlar ənənə olub", Zümrüd Yağmur prezident Əliyevin fikirlərini şərh edərkən deyib.
O hesab edir ki, İlham Əliyevin son dövrlərdəki çıxışları "təəssüfedicidir".
"Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları", Prezident Əliyev deyib.
Zümrüd Yağmur deyir ki, 100 illik tarixi olan bir universitetin tələbə və müəllimlərinin qarşısında bu qədər "ənənəvi" çıxış etmək özü də təəssüfedicidir".
Qadın-kişi bərabərliyinın "Azərbaycan modeli"
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı isə hesab edir ki, Prezident İlham Əliyevin hər bir cümləsi kampaniya xarakteri daşıyır.
"İlham Əliyev, ümumiyyətlə, çıxışlarında yaşlıların çıxdaş olunmasını deməmişdi, O, tərdicən cavanlaşma məsələsini ortaya atmışdı.
Şübhəsiz ki, yaşlılar və cavanlar birgə olmalıdırlar və məsləhət verən insanlar olmalıdırlar", Aqiyə Naxçıvanlı prezident Əliyevin fikirlərinə bəraət qazandırıb.
Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda hərdən səhvən dünyaya inteqrasiya adı ilə "Avropa dəyərləri gətirilib cəmiyyətimizə şamil edilir".
"Bizim özümüzün dədə-babadan gələn adət-ənənələrimiz var. Cənab prezident onları göstərdi ki, bizdə ağsaqqala, ağbirçəyə, böyüyə hörmət adətləri var və bu, başqa millətlərdə yoxdur, Aqiyə Naxçıvanlı deyib.
O, gənclərin yaşlı insanlardan məsləhət aldıqları təqdirdə uduzmayacaqlarını bildirib.
Millət vəkili deyib ki, Azərbaycanda "şübhəsiz ki, qadın kişi bərabərliyi var, amma bizdə onun Azərbaycan modelidir".
Aqiyə Naxçıvanlı bu "modeli" izah edərkən bildirib ki, "indiyə kimi, qadın hansı yerdə olubdursa, indi də orada olacaq yəni, o evin xanımı olub, ancaq evin sütunu kişi olub".
O bildirib ki, milli mentalitet və adətlər qorunmalıdır və Prezidentin çıxışı da bunu nəzərdə tutur.
"Biz bu bərabərlikdən danışırıq, daha biz demirik ki, qadın əlinə nəsə alıb kişini döysün və desin ki, mənim də hüquqlarım kişiylə bərabərdir. Başqa milətlərdə kişi qadın, qadın kişi ola bilir, bizdə belə şeylər yoxdur", Aqiyə Naxçıvanlı deyib.
Onun sözlərinə görə "qadının həmişə kişi tərəfindən qorunub, əzizlənməsinə ehtiyacı var".
"İlham Əliyevin fikirlərində ziddiyyət yoxdur. Biz dünyaya inteqrasiya olmalıyıq, amma öz dəyərlərimizi itirmədən inteqrasiya olunmalıyıq" Aqiyə Naxçıvanlı bildirib.
Sosial şəbəkələrdə nə yazılır?
Prezident Əliyevin fikirləri ötən gündən bəri sosial şəbəkələrdə müzakirə olunmaqdadır.
@SamirKazımlı adlı istifadəçi Twitterdə yazır ki, "Prezidentin #gender bərabərliyi ilə bağlı əvvəllər belə çıxışına rast gəlməmişəm. Ola bilsin ki, bir qrup qadının təşkilatlanaraq #qadın hüquqlarının pozulması ilə bağlı keçirdikləri aksiyalar hakimiyyəti narahat edib və çox güman ki, çıxışdakı o hissə də o aksiyalara cavabdır."
@FikretHuseynli adlı istifadəçi isə bildirib ki, "İlham Əliyev deyir Azərbaycan Avropaya inteqrasiya etməyəcək. Mən də deyirəm Azərbaycan etməsə də, azərbaycanlılar edib artıq. Avropanın dadını görən milləti geriyə döndərmək mümkünsüzdür. Təyyarə ilə qovurlar, qatarla, maşınla qayıdır millət".
Lətafət Malikova adlı sosial media istifadəçisi Facebook sosial şəbəkəsində yazıb ki, "Avropaya inteqrasiya olunmaq istəmirlər, amma istirahətə, xəstəxanaya, mülk almağa, univermaqda özlərinə bazarlıq etməyə Avropaya gedirlər. İnteqrasiya necə olur ki ? Vay bə, özləri inteqrasiya olur, bizə xəbər vermirlər. Yaxşıdırsa siz də "Binə", "Sədərək"dən geyinib, "Semaşko"da müalicə olunub, istirahətə İsmayıllı-Masallıya gedin."










