Mənsum İbrahimov: “Cənab prezident özü dedi ki, xahiş edirəm, danışın”

Şəklin mənbəyi, President.az
Martın 1-də prezident və birinci vitse-prezident mədəniyyət və incəsənət xaidmləri ilə görüşüb.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev görüş iştirakçılarına müraciət edərək onlardan fikrilərini səsləndirmələrini istəyib.
"Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq", - prezident söyləyib.
Firəngiz Əlizadə: "Çox xoşbəxtik ki…"
"Çox xoşbəxtik ki, belə bir görüş baş verdi. Biz hamımız orda böyük ruh yüksəkliyi ilə iştirak etdik", Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə BBC News Azərbaycancaya açıqlamasında deyib. "Danışmağa sözüm çoxdur" söyləyən sədr vaxt məhdudluğundan geniş danışa bilmədiyini deyib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca prezidentlə görüşün "açıq, səmimi, doğma ovqatda" keçdiyini bildirib.
Fikrət Qoca: "Belə görüş çoxdan lazım idi"
"Açq danışdıq nəyimiz çatışır, nəyimiz çatışmır. Prezident özü də dedi ki, indiyədək nələr edib. O çox işlər görüb gənc yazıçılar üçün, yaşlılar üçün. Dedi ki, biz bunları etmişik, amma əlavə nə lazımdır? Yoldaşlar çıxış etdilər.
Tək yazıçılar yox, mədəniyyət, kino, musiqi sahəsindən olan nümayəndələr hamımız dərdlərimizi danışdıq. Çox anlayışla qarşılandı, açıq, səmimi, söhbət keçdi, çox yaxşı", Fikrət Qoca deyib.
Fikrət Qocanın sözlərinə görə, yazıçıların qaldırdıqları məsələlərdən biri də AYB-nin yaradıcılıq evinin məcburi köçkünlərə verildiyindən "istirahətə, işləməyə yerlərinin olmaması" ilə bağlıdır. Prezident həmin yaradıcılıq evinin boşaldılacağını və təmir olunacağını bildirib.
"Dəvəçi tərəfdə yaradıcılıq ittifaqlarının ümumi bir ərazisi var. Onun məsələsi də həll olundu, orda da yaradıcılıq evi tikiləcək. Ev məsələsinə toxunuldu. Bizə çoxdandır mənzil verilmirdi. Tək-tək yazıçılara verilmişdi. Bu məsələ qaldırıldı. Bəzi məsələləri prezident elə ordaca, yerindəcə həll etdi", - xalq şairi deyir.
Fikrət Qoca prezident Heydər Əliyevlə İlham Əliyevin ziyalı, yaradıcı şəxslərlə görüşlərini də müqayisə edir.
"Fərq vaxtdadır, zaman dəyişir", söyləyən şair fikrini belə davam etdirib: "Heydər Əliyev, Allah ona rəhmət etsin, tamam başqa siyasətçi idi. Amma onda sovet dövrü idi, o qədər imkan yox idi. Və yaxud sonra ikinci dəfə gələndən sonra büdcə boş idi, vəziyyət ağır idi.
Buunla belə, gələn kimi o az imkanla bizə çox kömək etdi. Az qala jurnallarımız, qəzetlərimiz bağlanacaqdı. Bunlara yardım etdi. Yaradıcılıq evi tikdirmişdi vaxtında və ilaxır".
AYB katibi İlham Əliyevin atasının ənənəsini davam etdirdiyini, "yeni imkanlarla daha artığını etdiyini" bildirir. "Elə bil bir ailəyik hamımız. Biz Hindisan, Çin deyilik. Balaca bir Azərbaycandır. Qurdalasan hamı qohum çxar.
Bu mənada o görüşdə doğmalıq vardı, anlamaq, başa düşmək həvəsi vardı və bir də məhəbbətlə baxmaq. Atmosfer çox qiymətli idi".
Heydər Əliyev adətən önəmli hadisələr ərəfəsində ziyalılarla görüşürdü, bu görüşlərdə müəyyən mesajlar ötürürdü. İlham Əliyev də hansısa mesajlar verdimi və ya ölkədə nə baş verir ki, dövlət başçısı ziyalılarla təmasa ehtiyac duyur? Fikrət Qoca BBC News Azərbaycancanın bu sualına belə cavab verib:
"Bizim yaramız qan verir. Müharibə bitməyib, elimiz əldən gedib. Bu vəziyyətdə, o boyda dərdlə yanaşı həm də mədəni inkişafı düşünmək, ayrı-ayrı insanların şəraitnə fikir vermək böyük ürək istəyir. Dövlət istəyir ki, nəzərdən qaçmayan, təklənmiş adam qalmasın. Bu da gözəldir, böyük işdir. Belə görüş çoxdan lazım idi".
Alim Qasımov: "Danışıldı, deyildi kimin nəyi yoxdur, nəyi var"
Xalq artisti Alim Qasımov da tədbirdə iştirak edib, orda sənət adamlarının daha çox öz "iş-güclərindən danışdıqlarını" və dövlət başçısının da buna reaksiya verdiyini bildirib.
O, prezidentin ildə bir dəfə belə görüş keçirdiyini və savadlı adamların da problemləri qaldırdıqlarını söyləyib: "O problremləri mən Bəstəkarlar İttifaqı, Teatrlar İttifaqı qədər bilmirəm. Danışıldı, deyildi kimin nəyi yoxdur, nəyi var", danışmağa meylli olmayan xalq artisti söhbətə son qoyur.
Mənsum İbrahimov: "Cənab prezident özü dedi ki, xahiş edirəm, danışın"
Xalq artisti Mənsum İbrahimov özü tədbirdə çıxış etməsə də, yaradıcı ittifaqların rəhbərlərinin, nüfuzlu yardıcı şəxslərin çıxış etdiklərini deyib.
"Cənab prezident özü dedi ki, xahiş edirəm, danışın, kimin nə ürək sözü var desin, nə problem varsa mütəmadi görüşək həll edək. O, qaldırılan məsələlərin həll olunacağını bildirdi.
Cəmiyyəti maraqlandıran, narahat edən bütün məsələlərdən danışıldı, təkcə mədəniyyətdən danışılmadı. Səmərəli görüş oldu. Prezident ölkədəki proseslərlə bağlı mədəniyyət xadimləri ilə fikrini bölüşdü, onları dinlədi, bəzi məsələlərlə bağlı qərar verdi.
Bizim sahəmizə həmişə diqqət olunub. Müstəqillik qazanılandan imkan daxilində hər şey edilib, Heydər Əliyev də edib, cənab prezident də. Amma birbaşa görüş fərqli idi. Bəzən məktub yazırsan gedib çatmır, amma indi insanların dilindən eşidib özü həll etdi", xalq artisti bildirib.
Xalq artisti "bütün sahələrdə problemlər olduğunu, amma onları birdən-birə, bir görüşdə həll etməyin mümkün olmadığını da qeyd edib.
"İllərlə yığılıb. Orda məsələ qaldırıldı ki, Zeynalabdin Tağıyevin Bakıda heykəli yoxdur, bu adam xeyriyyəçi olub. Cənab prezident də bildirdi ki, babası Əziz Əliyevin Sankt-Peterburqda oxumasına Tağıyev kömək edib, heykəl məsələsinə də yaxşı baxdı.
Özəl kanallarda bədii şuranın yaradılmasına çox müsbət yanaşdı. O dedi ki, bədii şura AZTV-də yaradılıb, orda layiqli insanlar təmsil olunmalıdır. Hətta özəl kanallarda bədii şuraların yaradılması ilə bağlı çağırış etdi. Və ya deyildi ki, 90 yaşlı bəstəkar var, evə ehtiyacı var, Yaşar Qurbanov. Buna müsbət reaksiya verildi".
Görüşə qatılmayan Ramiz Fətəliyev nə deyərdi
Görüşə dəvətlilər sırasında kinossenarist, rejissor Ramiz Fətəliyev də olub, ancaq o, ölkədə olmadığından tədbirə gedə bilmədiyini bildirib.
O, BBC News Azərbaycancaya deyib ki, həmin görüşə gedə bilsəydi mütləq kinoya dövlətin maddi kömək göstərməsini xahiş edərdi: "Son 4-5 ildə kinoya maliyyə köməyi sıfır səviyyəsindədir. Bilmirəm nəyə görə belədir? Amma qabaq ildə 6 milyon manat ayrılırdısa, axır illər milyon manat ayrılır. O bir film çəkməyə çatmır.
İmkanım olsa yalnız bunu qaldırardım, başqa məsələ yox. Boş-boş danışmaqla aram yoxdur. Kino sənətimdir, ömrümdür", rejissor deyib.
Belə görüşlərin keçirilməsi ənənəsi mərhum prezident Heydər Əliyevin dövründən mövcuddur.





