8-ci sinif şagirdinin ölümü: kim nədə günahlandırılır?

Şəklin mənbəyi, bakimektebleri.edu.az
- Müəllif, Cəmilə İbrahimova
- Vəzifə, BBC News Azərbaycanca
Bakıda intihar etdiyi deyilən 8-ci sinif şagirdinin ölümü ilə bağlı 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova işdən kənarlaşdırılıb, Təhsil Nazirliyi bildirib.
Ötən həftə məktəbin şagirdi olan 15 yaşlı qızın intihar etməsi barədə xəbərlər yayılıb.
Lakin Baş Prokurorluq və Təhsil Nazirliyinin birgə məlumatında qızın məktəbin 3-cü mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və daha sonra xəstəxanada vəfat etdiyi bildirilib.
Bu hadisə ictimaiyyətdə qəzəb yaradıb və məktəbin direktorunun məhkəməyə cəlb olunması tələb edilib.
"Aparılan istintaq tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", Təhsil Nazirliyi bildirib.

Bazar ertəsi günü Təhsil Nazirliyi məktəbin direktoru Sevinc Abbasovanın işdən kənarlaşdırılması barədə məlumat yayıb.
Ancaq bu, direktorun hələ işdən çıxarılması demək deyil, o sadəcə işindən uzaqlaşdırılıb. Onu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov əvəz edəcək.
Baş Prokurorluq faktla bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açıldığını bildirib.
Bundan əvvəl mətbuatda Sevinc Abbasovaya məxsus olduğu iddia olunan səs yazısı yayılmışdı. Həmin şəxs vəfat edən şagirdin valideynləri haqda təhqiramiz ifadələr işlədərək valideynlərinin uşağa yetərli diqqəti ayırmadığını iddia edirdi.
Sevinc Abbasovadan iddialarla bağlı şərh almaq mümkün olmayıb.
"Hər şey yaxşıdır, narahat olmayın"
İnternetdə yayılan görüntülərdə şagirdin atası həkimlərin onlara "hər şey yaxşıdır, arxayın olun" dediyini vurğulayır.
Onun sözlərinə görə, 1 saylı Şəhər Klinik Xəstaxanasında müalicə alan qızının yanına buraxılmayıb və ona deyilib ki, "qızı palataya keçirək, yanına gələrsiniz".
Görüntülərdə şagirdin atası müalicə həkimi ilə danışığının səs yazısını dinləyir və həkim deyir ki, "qızı saat 6-da uziyə saldırmışam. Hər şey yaxşıdır, narahat olmayın".
Yayılmış görüntülərdə atası və yaxınları deyiblər ki, "qızı sağ olarkən nə onlar, nə də anası qızın yanına buraxılmayıblar, amma məktəbin direktoru və müəlliməsi buraxılıblar".
İnternetdə yayılan iddialar arasında həmin məktəbdə bir neçə ölüm hadisəsi olduğu yer alıb.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov BBC News Azərbaycancaya bildirib ki, "onlarda belə faktlar yoxdur və hansısa məktəbdə artan ölüm halları qeydə alınmayıb".
Cənab Valehov söyləyib ki, məsələ ilə bağlı ətraflı araşdırma gedir və bütün məsələlər öyrənilir.
"Rəfiqəm şikayətlənirdi ki, sinif yoldaşları onu döyür"
Ölən şagirdin rəfiqəsi sosial şəbəkə səhifəsində yazıb ki, "bu hadisədə məktəb günahkardır".
"Mən onunla dəfələrlə dərs hissə müdirinin yanına getmişəm və ondan yardım istəmişəm. Rəfiqəm mənə şikayətlənirdi ki, sinif yoldaşları onu döyür. Dərs hissə müdiri, eləcə də direktor dedi ki, bizi sizin uşaqyana problemləriniz maraqlandırmır. Rəfiqəm bildirmişdi ki, ölmək istəyir".
Mətbuatda yayılan iddialarda deyilir ki, məktəb direktoru ölən qızın rəfiqəsini susdurmağa çalışıb və danışacağı halda onu qızın ölümündə günahkar qismində cəlb edəcəyini söyləyib.

Şəklin mənbəyi, UNICEF
UNİCEF: "Həssas uşaqlar üçün daha çox şey etməliyik"
Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edward Carwardine bu hadisə ilə bağlı deyib ki, "həssas uşaqlar üçün müdafiə və dəstək imkanlarının təmin edilməsini artırmaq üçün daha çox şey etməliyik".
"Baxmayaraq ki, biz bu spesifik faciənin əsasında dayanan səbəblər barədə fərziyyələr yürütməməliyik, bununla belə risk altında ola biləcək hər bir uşağı qorumaq üçün ata biləcəyimiz addımlar var.
Bura yaxşı təlim keçmiş uşaq məsləhətçilərinə, uşaq psixoloqlarına və sosial işçilərə investisiyaların artırılması və eyni dərəcədə əhəmiyyətli olan - risk altında olan uşaq və ailələrin ehtiyac duyduqları peşəkar xidmətlərlə və dəstəklə əlaqəsinin yaradılmasına imkan verən yönləndirmə və keyslərin idarə edilməsi sistemlərinin gücləndirilməsi daxildir", - o bildirib.







