Aclıq aksiyası edənlər həkim nəzarətindən necə keçirlər?

Şəklin mənbəyi, Aygül Cəfərova
Aclıq aksiyası keçirən bir neçə ictimai-siyasi fəal mütəmadi həkim nəzarətindən keçirilməməsindən şikayətçidir.
"Dedik, hamımızın təzyiqi ölçün, həkim briqadası isə dedi ki, ancaq kimin şikayəti varsa, onları yoxlaya bilərlər",- 5 gündən sonra səhhətindəki problemlərə görə aclıq aksiyasını dayandıran ictimai fəal Sənubər Heydərova bildirib.
Səhiyyə Nazirliyi isə çağırış olduqda onlara yalnız təcili tibbi yardımın baş çəkəcəyini bildirir.
Hüquqşünaslar aclıq edənlərə həkim təyinatının qanunvericilikdə birbaşa göstərilmədiyini desələr də, onu da vurğulayırlar ki, Kostitusiyaya görə, vətəndaşın səhhətinin qayğısına qalınması "dövlətin öhdəliyidir".
İctimai fəal Sənubər Heydərova həbsdə olan video bloqçu Mehman Hüseynova əlavə ittiham verilməsinə etiraz olaraq qoşulduğu aclıq akisyasını beş gündən sonra dayandırıb.
Video bloqçu Mehman Hüseynov azadlığa çıxmağına iki ay qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.
Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb, Penitensiar Xidmət isə Mehman Hüseynovun aclıq aksiyasını tamamilə dayandırdığını iddia edir.

Şəklin mənbəyi, Könül Alı
Yanvarın əvvəlindən bir qrup fəal Mehman Hüseynova dəstək məqsədilə Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirdiyini bəyan edib.
"Aclıq aksiyasına başlamamışdan əvvəl araşdırma apardım. Necə etmək olar və nə içmək olar? Məlum oldu ki, su içmək lazımdır və aclığı dayndırdıqda da qidalanma yavaş-yavaş olmalıdır. Əvvəlcə 2-3 gün maye halda olan qidalar qəbul etməlisən, sonra adi-gündəlik qidalara keçmək olar",- Sənubər Heydərova deyib.
O, həkimə müraciət etməyib, amma aclıq keçirdiyi beş gün müddətində həkim nəzarətinin olmadığını deyib.
"Aclıq etdiyim müddət ərzində iki dəfə təcili tibbi yardım çağırdıq. Birində aclıq edənlərdən birinin halı pisləşdi, digər bir nəfərin isə iki dəfə ardıcıl burnundan qan açıldı. Təcili yardımdan həkim qrupu gələndə onlardan aclıq edən hər kəsin qan təzyiqinin ölçülməsini istədik. Onlar bildirdilər ki, ancaq kimin şikayəti varsa, onları yoxlaya bilərlər",- Sənubər Heydərova bildirib.
Onun sözlərinə görə, gələn həkim qrupu aclıq edən yeddi nəfərdən yalnız dördünün adını sənədləşdirib.

Şəklin mənbəyi, Könül Alı
"Ərazidəki poliklinikaya müraciət etdik, amma gəlmədilər"
Müsavat partiyasının divan üzvü Alya Yaqublu BBC News Azərbaycancaya deyib ki, aclıq edənlərin həkim müayinəsindən keçirilməsi üçün bir neçə yerli səhiyyə müəssisəsinə müraciət edib: "Amma çağrışımıza cavab vermədilər, dedilər ki, bunun üçün bizə yuxarı instansiyaların tapşırığı lazımdır".
O, iki yerli poliklinikaya aksiya iştirakçılarının oranın həkimləri tərəfindən müayinəsi üçün müraciət etsə də çağırışlarına cavab verilmədiyini bildirib.
25 saylı şəhər poliklinikasının baş həkimi Xatirə Xəlilova BBC News Azərbaycancaya deyib ki, onlara aclıq aksiyası keçirənlərdən müraciət edənlər olub.
Onun sözlərinə görə, aclıq edənlərin qaldığı qərargahın yerləşdiyi ərazi onların xidmət sahəsində deyil, ona görə də imtina cavabı veriblər.
Digər tərəfdən poliklinikanın belə bir şəraiti də yoxdur ki, ora həkim göndərsin. Səhiyyə Nazirliyindən bizə bildirdilər ki, ora təcili tibbi yardım göndəriləcək",- Xatirə Xəlilova belə deyib.
"Təcili tibbi yardımı çağırmadan ora gedə bilməz"
Səhiyyə nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, həkimlər aclıq edənləri aksiyanı dayandırmağa çağrıblar.
"Təcili tibbi yardım həkimləri aclıq edənlərə deyib ki, bu sizin sağlamlığınız üçün təhlükəlidir. Həkimlər onları aclığı dayandırmağa çağırıblar. İstəyiblər sistem qoşsunlar, amma aksiya iştirakçıları icazə verməyib",- Səfayə Əhmədova deyib.
Nazirliyin rəsmisi bildirib ki, belə şəraitdə həkimlər heç nə edə bilməz.
Onun sözlərinə görə, təcili tibbi yardım, ancaq çağırış zamanı ora gedə bilər və bunu etmək onların vəzifəsidir.

"Konstitusiya görə… bu, dövlətin öhdəliyidir"
Hüquqşünas Ramil Süleymanov BBC News Azərbaycancaya bildirilib ki, aclıq aksiyası zamanı tibbi nəzarətlə bağlı qanunda birbaşa maddə nəzərdə tutulmur.
Onun sözlərinə görə, Konstitusiyanın 41-ci maddəsində sağlamlığın qorunması göstərilir.
"Bu maddədə göstərilir ki, hər kəsin sağlamlığının qorunmasına dövlətin təminatı var. Aclıq aksiyaları da birbaşa sağlamlığa təhdid olduğu üçün və bu təhdidin gələcək bir sıra ciddi xəstəliklərə səbəb olacağını nəzə alaraq öncədən həmin şəxslərin səhhəti ilə bağlı lazımı tədbirləri görmək dövlətin öhdəliyidir",- hüquqşünas deyib.
O, həmçinin əlavə edib ki, Avropa İnsan Haqqları Konvensiyasının ikinci maddəsi də bu məsələni əhatə edir.
"Dövlət vətəndaşların yaşamaq hüququnu təminatçı qismində çıxış etdiyinə görə onları səhhətlərinn nəzarətdə saxlaması normaldır və dövlətin vəzifəsidir",- Ramil Süleymanov sözlərinə əlavə edib.
Mehman Hüseynov kimdir?
Həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehman Hüseynova cəzaçəkmə müəssisəsinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılıb.
Həbsdə olan Mehman Hüseynovun bu ittihama etiraz olaraq dekabrın 26-dan aclıq aksiyası keçirdiyi bildirilib.
Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.
O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.
Bloqçu bu ittihamları qəbul etməyib.
Mehman Hüseynov aclığa başladıqdan sonra həbsxanada və azadlıqda olan ona yaxın siyasi fəal aclıq aksiyasına başlayıb.






