Sərhədsiz Reportyorlar Azərbaycanı Mehman Hüseynovu "dərhal azad etməyə" çağırıb

Mehman Hüseynov
Şəklin alt yazısı, Həbsdə olan Mehman Hüseynov ona qarşı yeni ittihamlara etiraz olaraq aclıq aksiyası keçirir

Sərhədsiz Reportyorlar təşkilatı Mehaman Hüseynovun həbsdə "ölüm təhlükəsində" olduğunu bildirib.

Təşkilatın yaydığı bəyanatda Azərbaycan hakimiyyəti Mehman Hüseynova verilən yeni ittihamları ləğv etməyə və onu dərhal azadlığa buraxmağa çağrılır.

Polisə böhtan atmaq ittihamı ilə iki ilə yaxındır ki, həbsdə olan Mehman Hüseynov "həbsxana işçisinə xəsarət yetirməkdə" təqsirləndirilir. Əvvəlki ittihamı rədd edən bloqçu yeni ittihamları qəbul etməyib, ona "şər atıldığını" bildirib. O, yeni ittihama etiraz olaraq aclıq aksiyası keçirir, yeməkdən və sudan imtina edib, vəkilləri bildiriblər.

"Mehman Hüseynov ölüm təhlükəsi ilə üz-üzədir və Azərbaycan hakimiyyətini onun taleyindən məsul hesab edirik. Onların təcili olaraq bloqçunu azad etmələrini və ona qarşı olan yeni ittihamların ləğvini istəyirik. Beynəlxalq ictimaiyyət buna nail olmaq üçün əlindən gələn hər şeyi etməlidir",- Sərhədsiz Reportyorların Şərqi Avropa və Orta Asiya bölgəsi üzrə rəhbəri Johann Bihr belə deyib.

Bloqçunun vəkili Şəhla Hümbətova BBC News Azərbaycancaya deyib ki, bayram günləri olduğundan o, Mehmanla görüşə bilmir.

"Mehman ailəsinə zəng edib və deyib ki, onu Kürdəxanıya gətiriblər. Mehman Hüseynov öz imzası ilə Ombudsman Aparatına müraciət edib, amma insan hüquqları üzrə müvəkkildən heç bir cavab gəlməyib",- vəkil belə deyib.

"Vəziyyəti öyrənməyin ən məqbul yolu Ombudsmanın ona baş çəkməsidir"

Milli Məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə BBC News Azərbaycancaya deyib ki, Mehman Hüseynovun həbsdə yeni ittihamlarla qarşılaşması barədə geniş məlumatı yoxdur, ancaq media vasitəsiylə informasiya alıb.

"Həbs yerində olan şəxsin özü ilə görüşərək məsələni aydınlaşdırmağa ehtiyac var. Bu hüquq da bizdə daha çox Ombudsmana verilən hüquqdur. Deputatlar müdaxilə etmək və həbsxanaya bu formada baş çəkmək imkanına malik deyillər. O halda daha çox məlumat almaq olar, aclıq edibsə səbəbləri və başqa məsələlər barədə öyrənmək olar",- Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, "hər hansı bir şəxsə qarşı qanunsuz bir addım istər siyasi, istər başqa motivli olsun, qanunvericiliyə ziddir: "Əgər belə bir şey varsa, onun vəkilləri, ictimai müdafiəçilər müvafiq qurumlara müraciət edə bilərlər".

Fazil Mustafa vurğulayıb ki, vəziyyəti öyrənməyin ən məqbul yolu "Ombudsmanın ora baş çəkməsi və vəziyyəti yerində araşdırması" ola bilər.

Bayram günü olduğundan BBC News Azərbaycanca Ombudsman Aparatı ilə əlaqə saxlaya bilməyib.

Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının hesabatında 2018-ci il Dünyada Media Azadlığı üzrə 180 ölkə arasında 163-cü yeri tutur.

Mehman Hüseynov kimdir?

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.

Bloqçu bu ittihamları qəbul etməyib.

Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə ölkəni tərk edib.