Cəmil Həsənli: "Milli Şura olaraq Əli Kərimlinin müdafiəsini üzərimizə götürürük"

Ötən gün polis şöbəsindən sərbəst buraxılmış Milli Şuranın sədri Cəmil Həsənli bu gün Bakıda müxalifət fəalları və jurnalistlərlə keçirdiyi görüşdə bildirib ki, hazırda həbs altında saxlanılan AXCP sədri Əli Kərimlinın Bakı vaxtı ilə saat 15:00 radələrində öz vəkili ilə görüşəcəyi gözlənilir.
Onun sözlərinə görə, Əli Kərimli (və dünən saxlanılmış digər AXCP fəallar) İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2 maddələrilə (ictimai yerlərdə aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulması) ittiham olunurlar.
Milli Şuranın sədrinin sözlərinə görə, Əli Kərimlinin bu gün, noyabrın 18-də işinə məhkəmədə baxılacağı gözlənilir.
"Məlum olan mümkün yollar budur: Əli Kərimli ya azad buraxılmalı, ya cərimə olunmalı və ya inzibati qaydada həbs olunmalıdır", - Cəmil Həsənli görüşdə bildirib.
Onun təbirincə, qeyd edilmiş maddələrə əsasən, məhkəmə Əli Kərimlinin həbs olunacağı barədə qərar çıxaracaqsa, həmin həbs müddəti 60 gündən çox ola bilməz.
Cəmil Həsənli qeyd edib ki, Əli Kərimlinin həbs olunacağı barədə məhkəmə qərarı çıxarılacaqsa, Milli Şura və AXCP onun müdafiəsini təşkil edəcək.
"Biz Milli Şura olaraq Əli Kərimlinin müdafiəsini üzərimizə götürürük, - Cəmil Həsənli bəyan edib - Bunun üçün qanun çərçivəsində mümkün olan bütün siyasi, ictimai və hüquq imkanlarından istifadə edəcəyik".
Mətbuat konfransında iştirak edən Milli Şuranın üzvü Oktay Gülalıyev isə bildirb ki, "bizim üçün əsas məsələlərdən biri indiyə qədər AXCP sədri Əli Kərimlinin harada və hansı şəraitdə saxlanması məsələsidir".
"Ötən gecə saat 2 radələrində həm Səbayıl Polis idarəsində olduq, həm Səbayıl Rayon Məhkəməsində , həm Yasamal Rayon Məhkəməsində və digər qurumlarda olduq və hər birində bizə israrla bildirirdilər ki, Əli Kərimli burada deyil, burada saxlanmır".
Noyabrın 17-də, Milli Dirçəliş günü ilə bağlı Bakıda, Şəhidlər Xiyabanı qarşısında tədbirə qatılmaq cəhdi vaxtı bir qrup fəal ilə birgə saxlanılmış Milli Şuranın sədri Cəmil Həsənli sərbəst buraxılıb.
Ötən gün Bakıda, Şəhidlər Xiyabanında saxlanılan fəallar arasında AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də olublar, AXCP Facebook səhifəsində deyilib.
"Milli Azadlıq Hәrəkatının 30 illiyi münasibәtilә Şәhidlәr Xiyabanı ziyarәtinә mane olmaq üçün AXCP sәdri Əli Kərimli vә Milli Şura sәdri Cəmil Həsənlini hәbs ediblәr".
Cəmil Həsənli, media xəbərlərinə görə, həmin gün, yəni noyabrın 17-də axşam saatlarında sərbəst buraxılıb.
Sosial şəbəkədə Әli Kәrimlinin Sәbail Polis İdarәsinә aparıldığı bildirilir.
Məlumata görə, noyabrın 17-də 50-dən artıq fəal polis idarəsinə aparılıb. AXCP, bu hadisə ilə bağlı insanların polis idarәsinin qarşısına toplaşdığını bildirmişdi.
Rəsmi dairələrin reaksiyası
AZƏRTAC-ın bildirdiyinə görə, noyabrın 17-də AXCP və "bəzi digər siyasi təşkilatların bir qrup fəalı Şəhidlər xiyabanında Milli Dirçəliş Günü ilə əlaqədar sanksiyalaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd göstərib".
"Nəticədə aksiya iştirakçılarından 52 nəfər saxlanılıb və Səbail Rayon Polis İdarəsinə aparılıb. Məsələ araşdırıldıqdan sonra aksiya iştirakçılarının 41 nəfəri xəbərdarlıq olunmaqla sərbəst buraxılıb. Tədbirin təşkilatçıları və əsas fəalları olan 11 nəfər barəsində toplanılmış materialların baxılması üçün məhkəməyə təqdim olunması qərara alınıb", - məlumatda qeyd olunub.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a deyib ki, qanunlarla müəyyən edilmiş yerlərdə, o cümlədən rəsmi protokol tədbirlərinin təşkil olunduğu məkanlarda "müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanksiyalaşdırılmamış hər hansı kütləvi tədbirin keçirilməsi qadağandır".
"Lakin qanunla qadağan olunmasına və müvafiq xəbərdarlığa baxmayaraq, yuxarıda qeyd olunmuş qurumların rəhbərlərinin təşkilatçılığı və bilavasitə iştirakı ilə bir qrup fəal Şəhidlər xiyabanı ərazisinə keçməyə və siyasi aksiya keçirməyə cəhd göstərib", - Əli Həsənov qeyd edib.
Prezidentin köməkçisi bildirib ki, aksiya iştirakçıları "qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər".




