Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Bakıda 30 gün müddətinə həbs olunub

Şəklin mənbəyi, Şəhanə Hacıyeva
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədov barəsində çıxarılmış məhkəmə hökmündən apellyasiya şikayəti verilib.
Nərmanov rayon məhkəməsi onun haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi və 510-cu maddəsi, xuliqanlıq və polisin qanuni əmrinə tabe olmama maddələri üzrə 30 sutka həbs qərarı çıxarıb, bu barədə onun vəkili Elçin Sadıqov BBC News Azərbaycancaya məlumat verib.
Mirtağı Əsədovun həyat yoldaşı deyib ki, onun saxlanılması haqqında həm Gürcüstanda, həm də Azərbaycanda Ombusman aparatına müraciət olunub.
Şəhanə Hacıyevanın sözlərinə görə, "həyat yoldaşının həbsindən bir həftə keçməsinə baxmayaraq nə vəkili, nə də ailə üzvləri onunla görüşə bilməyib və harada saxlanılması barədə məlumat əldə edə bilməyiblər".
Şəhanə Hacıyeva BBC News Azərbaycancaya deyib ki, həyat yoldaşı Bakıda yaşayan ailə üzvləri ilə görüşmək üçün Bakıya gələn zaman "yoxa çıxıb".
Baş Prokurorluq və DİN-in mətbuat xidmətindən BBC News Azərbaycancaya deyiblər ki, Mirtağı Əsədovun harada saxlanması ilə bağlı onlarda "heç bir məlumat yoxdur".
Mirtağı Əsədov noyabrın 7-də Bakıya gələn zaman, günorta saatlarında Sınıq Körpü Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində saxlanıb, ailəsi deyir.
"O, Qazax polis şöbəsinə aparılıb, oradan isə özü telefonla xəbər verib ki, onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparırlar",-Şəhanə Hacıyeva iddia edir.
Şəhanə Hacıyeva Bakıda yaşadığından Mirtağı Əsədov ailəsi ilə görüşmək üçün vaxtaşırı Azərbaycan paytaxtına gəlirmiş, xanımı bildirir.
Şəhanə Hacıyeva Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getdiyini və həyat yoldaşının saxlanma səbəbləri ilə maraqlandığını, ona "Nərimanov məhkəməsinə getməsinin məsləhət görüldüyünü" deyir.
Mirtağı Əsədovun vəkili Elçin Sadıqov da onu axtarsa da, təcridxanalarda tapa bilməyib, Şəhanə Hacıyeva iddia edir.
O, ərinə işgəncə verilməsindən narahatdır: "Məncə, onu göstərmək istəmirlər ki, hər hansı bir mərhələ keçsin. Deməli ortada ciddi təziqlər var".
Mirtağı Əsədov bir neçə il öncə Azərbaycan vətəndaşlığından imtina edib və Gürcüstan vətəndaşlığını qəbul edib, ailəsi bildirib.







