Yunis Səfərovun işgəncə iddialarını təkzib, silahlı hücumu etiraf etdiyi video yayılıb

Şəklin mənbəyi, Xəzər telekanalı
İyulun 3-ü Gəncənin İH başçısına sui-qəsddə təqsirləndirilən Yunis Səfərov iyulun 6-sı yayımlanan müsahibəsində təzyiq olduğu barədə iddiaları rədd edir və hücumu həyata keçirdiyini bildirir, amma bu müsahibənin hansı şəraitdə götürüldüyü məlum deyil.
Çərşənbə axşamı baş vermiş hücumda Yunis Səfərov Gəncə İH başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazova odlu silahdan atəş açmaqda ittiham olunur.
Yunis Səfərovun çərşənbə günü sosial şəbəkələrdə yayıldığı şəkilləri bir çox hüquq müdaficəçilərinin narahatlığına və Yunis Səfərovun işgəncəyə məruz qalması ilə bağlı iddialara səbəb olub.
Cümə günü Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin dərc olunan birgə bəyanatında isə Yunis Səfərovun bir müddət İranda yaşadığı və Suriyada silahlı birləşmələrin tərkibində döyüş təlimindən keçdiyi iddia edilir.

Həmçinin oxuyun:

Bəyanatda həmçinin iddia olunur ki, Yunis Səfərov bir video hazırlayaraq "ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa" çağırıb.
Məlumatda bildirilir ki, "istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub" və dəstənin digər üzvlərinin "məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir".
Bəyanatda iddia olunur ki, Yunis Səfərov videomüraciətində "Müsəlman birliyi hərəkatı"nın sədri, hazırda həbsdə olan Taleh Bağırzadəni müdafiə edən fikirlər səsləndirib.
Hüquq-mühafizə qurumları Yunis Səfərovun videogörüntüdəki iddia edilən fikirlərini "ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış" kimi qiymətləndiriblər.
BBC News Azərbaycancaya müsahibəsində Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bəyanatdaki məlumatl bir daha təsdiqləyib, lakin Yunis Səfərovun İslam Birliyi Hərəkatı adından yaymaq niyyətində olduğu videonun hazırda harada olduğu və niyə yayımlanmadığı barədə sualları cavablandırmayıb.
O, qeyd edib ki, hələlik Baş Prokurorluq bəyanatda dərc olunan məlumatdan artıq şərh verməyəcək, lakin həmçinin əlavə edib ki, Yunis Səfərov və onun üzv olduğu dəstə bu videomüraciəti Azərbaycan daxilində yaymaq niyyətində idi.
Baş Prokurorluğun bundan əvvəl yaydığı bəyanatında qeyd olunub ki, Yunis Səfərova qarşı Cinayət Məcəlləsinin zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə etmə maddələri ilə cinayət işi açılıb.

Şəklin mənbəyi, APA
Mənbələrdə Yunis Səfərovun 35 yaşı olduğu və Gəncədə doğulduğu bildirilir.
Baş Prokurorluq onun Rusiya Federasiyasının vətəndaşı olduğunu deyir.
Məlumatda iddia olunur ki, Yunis Səfərov 2016-cı ildə İranın Qum şəhərində 8 ay yaşayıb və bundan sonra o, Suriyada silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.
İddialara görə, bundan sonra o, 2017-ci ildə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib və "həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, onun başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib.
Bəyanatda Yunis Səfərovun silahı əldə etməsindən, hücmun baş verdiyi tarixəcən keçən 13 ay ərzində nə etdiyi bildirilmir.
Hüquq-mühafizə orqanlarının bu açıqlamasına Yunis Səfərovun vəkilinin və yaxınlarının münasibətini öyrənmək mümkün olmayıb.




