You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Növbəti parlamentin "cızığından çıxmaması" üçün qanun?
Deputatların etik davranışları ilə bağlı qanuna təklif edilən dəyişikliklər növbəti parlamentə hesablanıb, yeni qanun deputatlar üzərində nəzarəti daha da gücləndirəcək, bəzi siyasi təhlilçilər düşünürlər.
BBC News Azərbaycancaya danışan bəzi millət vəkilləri isə bu arqumentlərlə razılaşmırlar, onların fikrincə, bu, parıamentin "daxili işidir" və qanuna təkliflər "göydən düşməyib".
Təkliflərdə deyilir ki…
Deputatlar arasında fikir ayrılığı yaradan, bəzilərinin sərt tənqidinə məruz qalan qanun layihəsində yazılır ki, deputat öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməlidir.
O, hətta səlahiyyət müddətindən sonrakı dövrdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət etməməlidir.
Birinci oxunuşdan keçmiş qanun layihəsində göstərilir ki, deputat hər hansı maraqlı tərəflə, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüş və bunun detallarını ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanmalıdır.
"Deputatlar üzərində nəzarətin güclənməsi?"
Bu dəyişikliklərlə deputatlar üzərində nəzarəti gücləndirmək imkanı artır, 1990-cı illərdən 2005-ci ilə qədər parlamentdə təmsil olunmuş, keçmiş AMİP sədri Etibar Məmmədov BBC News Azərbaycancaya deyir.
Milli Məclis səlahiyyətləri yetərincə məhdudlaşdırılmış bir qurumdur və bu məhdudlaşdırmalar deputatların öz əlləri ilə edilir, Etibar Məmmədov söyləyir.
O, son təkliflər qəbul olunacağı halda qanunverici hakimiyyətin səlahiyyətlərinin daha da məhdudlaşacağını düşünür:
"Bununla deputatlar üzərində nəzarəti gücləndirmək imkanı artır. Maraqların toqquşması da buna aiddir. Hamıya məlumdur ki, bizdəki deputatlar həm məmur yerlərini saxlayırlar, həm də bizneslə məşğul olurlar, öz maraqlarını həyata keçirirlər. Buna da göz yumulur. Amma bu əlavəni etməklə istənilən deputatı "maraqlar toqquşması"nda ittiham etmək mümkündür. Bunun üçün qanunda əlavələr də nəzərdə tutulub", - o bildirir.
Maraqlar toqquşması
Sözügedən qanuna təkliflərdə nəzərdə tutulub ki, deputat hətta növbəti parlamentə seçilməsə, məşğul olacağı sahədə keçmiş deputatlığından dəstək kimi yararlanmamalıdır.
Əgər deputatın xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yaranacaqsa, bu haqda İntizam komissiyasına məlumat verməlidir. Maraqlar toqquşarsa, deputat ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır.
Təkliflərdə göstərilir ki, onlar maraqlarının yarandığı məsələ ilə bağlı çıxış və ya səsvermədə iştirak edə bilməzlər.
Layihədə maraqlar toqquşmasının izahına görə, bu, deputatın özü və yaxınlarının onun səlahiyyətlərinin icrası çərçivəsində əldə edə biləcəkləri maddi və sair nemətlər, imtiyazlar və güzəştlərdir.
Bu təklif qəbul edilib qüvvəyə minərsə, millət vəkillərinin yaxınları maraqlar toqquşmasının yaranmaması üçün bəzi məhdudiyyətlərlə üzləşməli olacaqlar.
"Növbəti parlamentə hesablanıb"
"Bu sərtləşdirmələr növbəti parlamentə hesablanıb və gələcək parlament seçkilərinin nisbətən demokratik olacağı ehtimalını yaradır", siyasi məsələlər üzrə təhlilçi Erkin Qədirli deyir.
"2016-cı ildə keçirilmiş referendumda parlamentin buraxılma səlahiyyətinin prezidentə verilməsini görəndə ağlıma ilk bu fikir gəldi. Bundan başqa son 2 ildə deputatlarla bağlı etik qaydalara, nizam-intizam, daxili nizamnamə kimi məsələlərə edilən məhdudlaşdırmalar və cəzaların sərtləşdirilməsi, mandatın əldən alınmasına qədər hamısını toplayanda başqa izah qalmır", o hesab edir.
Erkin Qədirli əlavə edir ki, belə bir məzmundakı qanun demokratik yolla seçilən parlament risk yaradacağı halda onu buraxmaq və ya ayrı-ayrı deputatları mandatdan məhrum etmək imkanı yaradacaq.
Qanun layihəsinin birinci oxunuşuna deputatların əksəriyyəti səs versə də, müzakirəsi haylı-küylü keçmişdi. Amma deputatlar "55 manatdan yuxarı hədiyyə" və "İntizam Komissiyasının rəyi əsasında deputatın müzakirəyə və ya səsverməyə qatılıb-qatılmaması" məsələsini qabartsalar da, siyasi təhlilçilər hesab edirlər ki, millət vəkillərini narahat edən hallar daha çox maraqların toqquşması məsələsidir.
Düzdür, qanun millət vəkilinə birbaşa bizneslə məşğul olmaq səlahiyyəti vermir, ancaq "maraqlar toqquşması" təklifi yaxın qohum-əqrəbanın biznes fəaliyyəti ilə deputatın "marağı" arasında şəffaf sərhədlər çəkməklə onu daim gərginlikdə saxlaya bilər.
"...kənarda siyasi partiya və ya QHT formalaşdırılmasının qarşısını almaq istəyirlər?"
Hərçənd siyasi təhlilçi Azər Rəşidoğlu düşünür ki, bu dəyişikliklər Azərbaycan parlamentindəki "ayrı-ayrı oliqarxların tərəfdarlarının" siyasi fəaliyyətinin məhdudlaşdırılmasını hədəfləyib.
O deyir ki, bu səbəbdən də son təkliflər qanuna əlavə ediləndən sonra deputatlardan "hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdikləri görüşün detalları tələb olunacaq.
Təhlilçinin fikrincə, "hakimiyyətdaxili qruplar öz tərəfədarlarını" Milli Məclisdə "fəallaşdırmaq" istəyirlər: "Qarşı tərəf də gələcəkdə kimlərləsə keçiriləcək görüşləri, konturları cızıla biləcək fəaliyyət proqramını indidən minimuma endirməyə çalışırlar. Yəni hakimiyyətdaxili qruplar onlardan kənarda siyasi partiya, siyasi təşkilat və ya QHT formalaşdıra bilərlər, bunun qarşısını almaq istəyirlər".
Azər Rəşidoğlunun proqnozuna görə, proseslər bu cür davam edəcəksə, 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçirilə bilər.
"Dəyişikliklər "göydən düşməyib"
Amma hakimiyyət yönlü deputat Zahid Oruc təhlilçilərin yanaşmasını "çox şişirdimiş və tünd boyalarla təsvir edilmiş mənzərə" adlandırıb.
O deyir ki, deputatların etik davranışına belə təkliflər "göydən düşməyib", son referendumdan sonra Konstitusiyada deputatların mandatdan məhrum edilməsi ilə bağlı yeni maddə belə bir dəyişikliyə hüquqi baza yaradıb.
Zahid Oruc düşünmür ki, bu qanun deputatların imkanlarını məhdudlaşdıracaq və ya gələcək seçkilərlə bağlıdır. O deyir ki, bu qanun sadəcə parlamentin etik davranışlarını tənzimləyir.
"QHT sektorunda tanıdığın simanın sabah, məsələn, İTV-də Yayım Şurasının üzvü olması üçün lobbiçilik edə bilərsən. O da sabah bunun qarşılığında sənə efirdə meydan verər. Beləliklə, ortaya sövdələşmə çıxır və əslində, digər deputatların haqları pozulur. Ona görə də təkliflər arasında QHT üzvləri və ya başqaları ilə görüşlər də ayrıca yer alıb".
"Bu, Milli Məclisin daxili işidir"
Hakim Yeni Azərbaycan Partiyasının üzvü Musa Quliyevsə qanuna dəyişiklikləri Milli Məclisin daxili işi adlandırır və mətbuata çıxarmağın tərəfdarı olmadığını bildirir:
"Bu, sırf deputatlara aid məsələdir, belə məsələnin mətbuatda, ictimaiyyət arasında çözülməsini etik cəhətdən doğru saymıram".
YAP-çı deputat onların üzərində nəzarətin gücləndirilməsi, səlahiyyətlərinin məhdudlaşdırılması kimi yozumlara da şərh vermək istəmir: "Kim nə deyər özü bilər, sırf daxili məsələdir. Əlbəttə, bizi xalq seçib, amma ictimai müzakirəni doğru saymıram".
Suçlanan, həbs edilən deputatlar
Azərbaycanda əvvəlki illərdə bəzi deputatların adları maliyyə, korrupsiya, dələduzluq kimi qalmaqallarda hallanıb.
2005-2010-cu illərdə deputat olmuş iş adamı Dünyamin Xəlilov Beynəlxalq Bankdan 50 milyon manata yaxın kredit götürüb qaytarmamaqda suçlanaraq 13 il həbs cəzası alıb. İttihama görə, Dünyamin Xəlilov 2007-2008-ci illərdə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə dostluq münasibətlərindən istifadə edərək, milyonlarla kredit götürüb, bu məqsədlə başqalarının adına şirkət yaradılıb. Amma keçmiş deputat özünü təqsirli bilmir.
Bir neçə ilı öncə YAP-çı deputat Gülər Əhmədova da "külli miqdarda dələduzluq və "qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə" maddələriylə suçlanaraq 3 il azadlıqdan məhrum edilmiş, həm də mandatını itirmişdi. Amma Gülər Əhmədova özünü təqsirli bilməyib.
Bundan əvvəl də qanuna edilən dəyişikliklərdə deputatlara vəzifə tutmaq qadağan olunmuşdu. Əgər əvvəlcə nazirlərin deputatlığı əllərindən alınmışdısa, sonrakı dəyişikliklərdən sonra bəzi deputatlar rektorluqla millət vəkili postu arasında seçim etmişdi.
Hələ ki, qanun deputatlara müxtəlif elmi təşkilatlarda rəhbər vəzifə tutmağı qadağan etmir.