Putin Bakıda nə deyib?

Şəklin mənbəyi, President.az
"Regionlararası əlaqələr bizim dövlətlərarası münasibətlərimizin mühüm tərkib hissəsidir." Rusiya Federasiyasının təxminən 70 regionu Azərbaycanın regionları ilə sıx işləyir, Putin bildirib.
O deyib ki, 2017-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı demək olar 12 faiz artıb. "Bu, yarım milyard dollarlıq ümumi həcmdir", Rusiya prezidenti vurğulayıb.
Putin vurğulayıb ki, Rusiya və Azərbaycan birgə infrastruktur layihələri həyata keçirir:
"Məsələn, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması davam edir. Bu miqyaslı, həqiqətən irimiqyaslı böyük iş, yaxud təşəbbüs çərçivəsində ölkələrimizin inşaatçıları Samur çayı üzərində sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan yeni körpü tikirlər".
Putin çıxışında Xəzər dənizinin statusu haqqında Konvensiya da toxunub. O deyib ki, "mövcud sənədlərin imzalanması Xəzər regionunda əməkdaşlıq üçün bizə yaxşı baza" yaradır.
"…biz bunu - Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndiririk" deyən prezident əlavə edib ki, həm də təkcə Azərbaycan vətəndaşlarının rus dilinə marağını yox, "eyni zamanda, dövlət, şəhər bələdiyyələri tərəfindən köməyi yüksək" dəyərləndirirlər.
"...münasibətlərimizə parlaq sübutdur"
Azərbaycan prezidenti öz çıxışında vurğulayıb ki, o, rusiyalı həmkarı ilə "müntəzəm görüşür".
Sentyabrda yenicə görüşdüklərini və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını deyən İlham Əliyev hesab edib ki, "bir aydan da az müddətdən sonra Rusiya Prezidentinin Azərbaycanda olması" onların münasibətinin "parlaq sübutudur".
Rusiyanı Azərbaycan üçün idxal üzrə "bir nömrəli tərəfdaş" adlandıran İlham Əliyev onun qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də "bir nömrəli tərəfdaş" sayıb.
"Əlbəttə ki, bizim münasibətlərimizin təməlində tarixi, mədəni əlaqələrimiz, xalqlarımızın yaxınlığı durur. Əlbəttə, biz birlikdə humanitar əlaqələrin inkişafı üzərində çox fəal işləyirik", prezident vurğulayıb.

Şəklin mənbəyi, President.az
İlham Əliyev xatırladıb ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 341 məktəb, Rusiyanın aparıcı ali təhsil ocaqları olan Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir.
"Rusiya regionları ilə də bizim çox sıx münasibətlərimiz mövcuddur" deyən İlham Əliyev əminliyini bildirib ki, regionlararası əməkdaşlıq ölkələri birləşdirən "bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq".
Forum çərçivəsində Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuraları arasında əməkdaşlıq sazişi imzalanıb.
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik Azərtaca bildirib ki, bu saziş ölkələrin bir-birinin mənafeyini təmsil etməyə, həmçinin, azərbaycanlıların Rusiyada üzləşdiyi məsələləri həll etməyə imkan yaratmalıdır.
"Mən çox ümid edirəm ki, Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuraları arasında əməkdaşlıq haqqında imzalanmış saziş müddətsiz olacaq. Bizim məqsədimiz rusiyalı sahibkarlar tərəfindən Azərbaycan bazarı üçün və azərbaycanlı sahibkarlar tərəfindən Rusiya bazarı üçün təkliflərin çeşidini maksimum dərəcədə artırmaqdır".

Şəklin mənbəyi, President.az
Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumundan sonra prezidentlərin təkbətək görüşü olub. Onlar sonra söhbətlərini çay süfrəsi arxasında davam etdiriblər, president.az saytı yazır.
Bundan əvvəl onlar Monqolustan prezidenti ilə birgə Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarını izləyiblər.

Şəklin mənbəyi, Azertag
İlham Əliyev və Vladimir Putin sentyabrın əvvəllərində Rusiyada, Soçi şəhərində görüşmüşdülər.
Səfər çərçivəsində iki ölkə arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 15 sənəd imzalanmışdı.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Vladimir Putin Bakıda keçirilmiş forumdan sonra Tacikistana səfər edəcək.
O, sentyabrın 28-də Düşənbə şəhərində keçiriləcək MDB ölkələrinin Dövlət başçıları Şurası çərçivəsindəki tədbirlərə qatılacaq.







