Azərenerji ASC: "Nə qədər yenidənqurma işləri aparılsa da, infrastrukturların fundamenti köhnədir"

Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlı BBC News Azərbaycancaya deyib ki, "nə qədər yenidənqurma işləri aparılsa da, infrastrukturların fundamenti köhnədir. Buna görə də işə düşməsi çox böyük vaxt tələb edir".
Onun sözlərinə görə, iki gün ərzində elektrik enerjisinə tələbat ölkə üzrə 40% artıb və bu da sistemdə gərilməyə gətirib çıxarıb.
"Ölkənin enerji sistemini idarə edən vahid mərkəz var, buna mərkəzi dispetçer xidməti deyilir. Bu, ümumi mərkəzdən idarə edildiyinə görə, müxtəlif mənbələrdən olan enerji mərkəzdə qovuşur və bu da təlabata uyğun paylanır. Məsələ ondadır ki, sadəcə yarımstansiyada baş verən proses sistemi iflic etdiyinə görə, bu, ümumilikdə idarəetməyə təsir edib", - Yəhya Babanlı söyləyib.
"Cənubi Qafqazın ən böyük stansiyası..."
Cənab Babanlı qeyd edir ki, yarımstansiyada qəza baş veribsə, stansiya ümumilikdə nə qədər enerji istehsal edirsə etsin, onu ötürməyə imkanı olmayacaq:
"Balaca bir stansiyada belə qəza baş veribsə, deməli, Cənubi Qafqazın ən böyük stansiyasının işini təxirə salacaq və kökündən dayandıracaq", - o bildirib.
Qəzanın səbəbləri haqqında danışan Yəhya Babanlı deyib ki, yarımstansiyanın soyutması o tələbə cavab vermədiyinə görə, mövcud mənfi mənzərəni ortaya çıxarıb.
"Rəsmi məlumatlarda deyilir ki, son 120 ilin ən böyük temperaturudur, 120 ili biz düşünürdükmü tempratur qalxacaq?
2002-ci ildəki qəza təkrarlanıbmı?
Yəhya Babanlı 2002-ci ildə baş verən analoji hadisənin bu günkü qəza ilə müqayisədə miqyasının daha kiçik olduğunu və ölkənin yalnız bir hissəsini əhatə etdiyini, bu günki qəzanın isə ölkənin əksər hissəsini əhatə etdiyini söyləyib.
O, ölkənin Mingəçevirdən elektrik enerjisi asılılığı fikrini absurd hesab edir və son 15 ildə onlarla istilik və su elektrik stansiyalarının istifadəyə verildiyini qeyd edir.
Cənab Babanlı deyir ki, bu tip hadisələr insanları qorxutmamalıdır:
"Bu, o demək deyil ki, sabahları 40 yox, 80% tələbat olsa yenə bu hadisə olacaq. Bununla bağlı biz özümüzü qorxutmamalıyıq", - o əlavə edib.

Şəklin mənbəyi, COURTESY
"Enerji sektoruna yatırılan investisiyaların səmərəsizliyi"
İqtisadi təhlilçi Samir Əliyev BBC News Azərbaycancaya bildirib ki, Mingəçevir İES-də baş vermis hadisə "Azərbaycanın enerji sektoruna yatırılan investisiyaların səmərəsiz olduğunun göstəricisidir".
"Bu özü bir göstəricidir ki, bir il əvvəl investisiya yatırırsan, indi belə hadisə baş verir", - Samir Əliyev deyib.
O hesab edir ki, elektrik enerjisindən asılılıq çox olduğu üçün həm insanların, həm də bir sıra obyektlərin elektrik enerjisiz qalmasının çox böyük sosial fəsadları var.
"Bu hadisələrdən Azərbaycan iqtisadiyyatı itirir. Bu gün istehsaldan tutmuş ticarət obyektlərinə qədər hər yer kompyuterləşib. Elektrik enerjisinin olmaması bu halda iqtisadiyyata mənfi təsir göstərir", - o bildirib.
"Müharibə şəraitində olan Azərbaycan"
Cənab Əliyev deyir ki, Mingəçevirdə İES-də baş verən qəzada ilk növbədə enerji təhlükəsizliyi məsələsi diqqətə gəlir. Onun sözlərinə görə, Azərbaycan müharibə şəraitində olduğu üçün enerji xəttinin kəsilməsi psixoloji təsir də göstərə bilər.
"Azərbaycanda 2000-ci illərdə də belə hadisə baş vermişdi və bunun gələcəkdə baş verməməsi üçün hökumət mütləq alternativ enerji sistemlərinin inkişafına diqqət artırmalıdır. Söhbət külək və günəş enerjisindən gedir. Eyni zamanda enerji mənbələrinin özünün də diversifikasiya edilməsi lazımdır ki, bir mənbədən asılı olunmasın", - Samir Əliyev qeyd edib.
"Kommunal xidmətlərin satışı və istehsalı özəl sektorun idarəetməsinə verilsin"

Şəklin mənbəyi, Azertag
İqtisadçı Vüqar Bayramov hesab edir ki, elektrik enerjisinin təminatında yaranan problemlər real sektorun fəaliyyətinə mənfi təsir göstərir.
Nəzərə alsaq ki, bəzi rayonlarda elektrik enerjisinin verilməsi tam bərpa edilməyib, həmin rayonlarda bu cür təsirlər qalmaqdadır. Buna görə də təklif olunur ki, elektrik enerjisi də daxil olmaqla kommunal xidmətlərin satışı və istehsalı mərhələli şəkildə özəl sektorun idarəetməsinə verilsin".
Vüqar Bayramov deyir ki, bu addımın atılması səmərəliliyin artırılması baxımından vacibdir.
"Bu addımlar həmin dövlət qurumlarında şəffaflığın artırılması və büdcədən ayrılan vəsaitin səmərəli xərclənməsinə də müsbət təsir edəcək", - o söyləyib.
Cənab Bayramov qeyd edir ki, alternativ enerji mənbələrinin yaradılmasına böyük ehtiyac var.
"Bakı külək və günəş enerjisindən istifadə imkanları kifayət qədər geniş olan şəhərdir, amma çox təəssüf ki, nəinki regionlarda, heç paytaxtda belə alternativ enerji mənbələrindən istifadə olunmur", - o bildirib.
Yəhya Babanlı ilə tam müsahibəni burada izləyin:








