Mingəçevirdəki qəzanın araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb

Şəklin mənbəyi, Azertag
Prezident Mingəçevirdəki qəzanın araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradıb, president.az xəbər verir.
Prezidentin sərəncamında iyulun 3-də Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarında baş vermiş qəzanın Bakı və Gəncə şəhərləri də daxil olmaqla 39 şəhər və rayonunun elektrik enerjisinin kəsilməyinə səbəb olduğu deyilir.
Baş nazirinin birinci müavini komissiyanın sədri təyin olunub.
Xəstəxanalar işıqsız qalıb

"Semaşko" kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzində dünən işıq olmayıb.
Amma xəstəxananın baş həkimi Ədalət Dadaşov BBC News Azərbaycancaya deyib ki, mərkəzdə işıq olmasa da, bütün tibbi avadanlıqlar fasiləsiz işləyib.
"Reanimasiya, süni tənəffüs aparatlarının hamısı fasiləsiz işləyib. Həmin aparatların özlərinin akkumlyatorları var", - Ədalət Dadaşov deyib.
Baş həkim bildirib ki, gecə həkimlər təcili tibbi yardım üçün əl fənərlərindən istifadə ediblər və bu, heç bir problem yaratmayıb: "Bu, "heç kəsin taleyinə ciddi təsir göstərən hal deyil".
Ədalət Dadaşovun sözlərinə görə, gecə saatlarında xəstəxanada əməliyyat aparılmayıb.
Cənab Dadaşov deyir ki, xəstəxanada Fövqəladə Hallar Nazirliyinin yoxladığı xüsusi fənərlər var.
Bakının Binəqədi rayonunda yerləşən Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında da işıq olmayıb, bunu həmin xəstəxanada müalicə alan xəstələr BBC News Azərbaycancaya söyləyib. Onların dediyinə görə, xəstəxanada işıq səhər saatlarında yanıb.
Səhiyyə Nazirliyi isə tabeçiliyində olan tibb müəssisələrinin enerji təminatında problem olmadığını bəyan edib.
"Ölkədə yaranan ümumi problem baş verən kimi generatorlar avtomatik işə düşüb. Bakı və bölgələrdə Təcili Tibbi Yardımın fəaliyyətində də hər hansı bir problem qeydə alınmayıb", məlumatda qeyd edilib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BBC News Azərbaycancaya bildirib ki, bütün tibb müəssisələri generatorlarla təchiz olunub:
"Generatora güc düşməsin deyə, elektrik lampaları qoşulmayıb. Amma bu o demək deyil ki, tibbi avadanlıqlar elektriksiz qalıb. Xəstəxanalarda süni nəfəs aparatına qoşulanlar var, heç bir ölüm hadisəsi qeydə alınmayıb. Xəstəxanalar dünən yaranmış vəziyyətdən çıxa biliblər".

Liftlərdə qalanlar olub
Gecə saatlarında elektrik enerjisinin kəsilməsi ilə Bakıda 18 nəfər yaşayış binalarının liftlərində qalıb, Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Onlar Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən liftdən çıxarılıb.

Baş nazirin birinci müavini Yaqub Eyyubov və "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər, Azərtac xəbər verir.
Yaqub Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tapşırıqlar verib.

"Elektrik enerjisinin verilməsi Bakıda 100 %, regionlarda 75-80% bərpa olunub", - BBC News Azərbaycancaya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev 3 iyul səhəri deyib.
Cənab Mustafayev yaxın vaxtlarda bütün respublika üzrə enerji təminatının tam bərpa olunacağını bildirib.

Elektrik qatarlarının fəaliyyətində fasilə yaranıb
Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub.
Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub, "Azərbaycan Dəmir Yolları" QSC bildirib.
Qurumun məlumatına görə, yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.
Azərbaycan Dəmir Yolları bildirir ki, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb. Eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də Bakı-Moskva qatarı artıq Bakıya çatıb.
Qurum açıqlayıb ki, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmışdı.

İşıqforlarla bağlı nasazlıq olub

"Sfetaforlarla bağlı müəyyən nasazlıqlar olub, amma hazırda demək olar ki, bütün problemlər həll olunub", BBC News Azərbaycancaya Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
O, enerjinin kəsilməsi ilə bağlı qəzaların baş vermədiyini, nəqliyyat sisteminə nəzarətin tam gücləndirildiyini qeyd edib.
"Metronun Avtovağzal stansiyasında problem yarandığı üçün o ərazidəki avtobusların son dayanacağı müvəqqəti olaraq Memar Əcəmi və 20 Yanvar istiqamətinə dəyişdirilmişdi. Hazırda avtobuslar əvvəlki qrafiklə işləyir", - cənab Ağayev söyləyib.
O, hazırda paytaxt yollarında ciddi sıxlıq və ya məhdudiyyətin müşahidə olunmadığını bildirib.

Hava limanı "zərər görməyib"
"Heydər Əliyev Beynəlxalq Hava Limanı tam rejimdə işləyir və heç bir problem yoxdur", - AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BBC News Azərbaycancaya deyib.
Cənab Kəsəmənski heç bir reysdə gecikmə və ya hər hansı bir problemin qeydə alınmadığını söyləyib.

Metroda gecikmələr olub

Şəklin mənbəyi, “Azərbaycan Dəmir Yolları” QSC
"Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır", - "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
İyulun 3-də günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq, bu barədə BBC News Azərbaycancaya "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

Hansı ərazilərdə elektrik enerjisi bərpa olunub?
Elektrik enerjisi təminatı Şimal və Qərb bölgələrində tam, Mərkəzi Aran bölgəsində 60 faiz, Bakı şəhərinin Yasamal rayonunda 100 faiz, Sabuncu 30, Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz və Nizami rayonunda 10 faiz bərpa olunub, Energetik Nazirliyi və "Azərenerji" ASC-nin birgə məlumatında deyilir.
Məlumatda deyilir ki, hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhəli şəkildə elektirik enerjisinin təminatı bərpa edilməkdədir.
"İlkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub. Əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir", - nazirlik bildirir.
Nə baş verib?

İyulun 2-dən 3-ə keçən gecə Bakı, Sumqayıt, Mingəçevir, Balakən və digər şəhərlərdə elektrik enerjisi tamamilə kəsilib.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, hazırda ölkədə işıqların sönməsinə səbəb olmuş yanğın tamamilə söndürülüb, APA yazır.
Artıq Sumqayıt şəhərinə, Bayıl, Ceyranbatan, Xaçmaz, Xırdalan və bəzi Bakıətrafı kənd və qəsəbələrə də elektrik enerjisinin verilişi bərpa olunub.
Bunu APA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Mingəçevir İES-da baş verən hadisə ilə əlaqədar Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
APA-nın xəbərinə görə, məlumatda deyilir:
"İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir".
Hadisə ilə bağlı FHN də məlumat yayıb.
"Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb", fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Kəmaləddin Heydərov bildirib ki, artıq qəza baş vermiş blokda bərpa işləri aparılır, APA yazır.
FHN bildirib ki, yanğına səbəb Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasının 1-ci və 6-cı enerji blokunda partlayış olub.
"Soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur", APA adı çəkilməyən FHN rəsmisinə əsasən bildirib.
Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.
APA yazır ki, partlayış nəticəsində ölən və yaralanan olmayıb.
Bundan əlavə, Azərenerjinin qəzanın nəticələri aradan qaldırılanadək Gürcüstan və ya Rusiyadan elektrik enerjisi mübadiləsi üçün müraciət olunduğu da deyilir, Report yazır.
Mingəçevirdə səs eşidilib
Sakinlər işıqlar sönən zaman Mingəçevirdə səs-küy eşidildiyini, hazırda isə sakitlik olduğunu deyirlər.
Sosial mediada paylaşılan bir çox şəkillərdə isə Bakıda yanğının olduğunu görünür. Hərçənd ki, bu yanğınla işıqların sönməsi arasındakı əlaqə təsdiqlənməyib.
"Sfetaforlar yanmır, maşınlar necə gəldi hərəkət edir", sosial media istifadəçilərindən biri BBC News Azərbaycancanın Facebook səhifəsində yazıb.
Bəzi məlumatlara görə metro stansiyalarında sərnişinlər qalıb.







