Bakı sakinləri şikayət edir: “Park salmaq vədilə ağaclar çıxarılır”

Ağacları daşıyan yük maşını

Şəklin mənbəyi, Anar İsmayılzadə

Şəklin alt yazısı, Şikayətçi sakin deyir ki, onlar ağacları kəsənlərin şəklini çəkməyə başlayanda işçilər avtomobilə doluşub qaçmağa başlayıblar

Xətai rayonu, Cavanşir küçəsi 27 ünvanında yaşayan sakinlər bu ərazidəki ağacların mayın 10-dan başlayaraq "kəsildiyini", əvəzində isə həmin ərazidə "tikinti işlərinin aparıldığını" deyirlər.

Bakı şəhər sakini Fazil İsmayılov BBC News Azərbaycancaya deyib ki, onlara ağacların başqa yerə əkiləcəyi ilə bağlı "vəd verilib", amma onlar bu vədlərə inanmır, çünki vədlər "dəfələrlə dəyişib".

"Üstü bar verən ağacı heç cür başqa yerə basdırmaq mümkün deyil. Bu ağaclar insanlar tərəfindən əkilib, parka çevrilib. İndi başlayıblar hamısını kəsib "obyekt" tikməyə", - cənab İsmayılov deyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BBC News Azərbaycancaya məsələ ilə bağlı bildirilib ki, onlarda ağacların başqa əraziyə köçürülməsi barədə məlumatlar var və hazırda bu məlumatlar yoxlanılır.

Ağacları kəsənlər

Şəklin mənbəyi, Anar İsmayılzadə

Şikayətçi Fazil İsmayılov deyir ki, məsələ ilə bağlı 79 sakin tərəfindən bütün aidiyyatı qurumlara müraciət olunub.

"Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yoxlamaya gəlmişdilər. Biz onlara ağacların necə kəsilməyi, çıxarılması haqqında bütün sübutları verdik. Bizə dedilər ki, məsələni aydınlaşdırıb onları cəzalandıracayıq. Ancaq nə cür cəzalandıracaqlar, bunu biz bilmirik.

Fazil İsmayılov əlavə edir ki, təkcə son dörd gün ərzində 9 böyük ağac kəsilib və "tikintinin bünövrəsi qoyulub":

"Söhbət üzərində meyvəsi olan ağaclardan gedir, quru ağaclardan yox. Sonuncu dəfə ağaclar dünən kəsilib. Bundan başqa, 23 qızıl gül [kolu] də çıxarılıb".

Ağacları kəsənlər

Şəklin mənbəyi, Anar İsmayılzadə

Onun sözlərinə görə, ilk dəfə may ayının əvvəlində sakinlərin şikayəti əsasında aidiyyatı orqanlar əraziyə çəkilmiş hasarı söküblər.

Lakin cənab İsmayilov iddia eder ki, Ramazan bayramında qeyri-iş günlərinin olmasını "fürsət bilərək sürətli bünövrəqoyma işləri aparılıb".

O deyir ki, ağacları çıxaranlar özlərini "Xətai rayon Yaşıllaşdırma İdarəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyi işçiləri" kimi təqdim ediblər. Lakin əlavə edir ki, onları çəkməyə başlayanda işçilər ərazidən qaçmağa başlayıb.

"Mənzil-Kommunal Təsərrüfatı Birliyindən [işçilər] bizə dedilər ki, burda park salacağıq. Biz də bütün qonşular ərazini təmizləməyə kömək etdik. Sonra məlum oldu ki, ərazi hissə-hissə satılır", - şikayətçi iddia edir.

Ağacları kəsənlər

Şəklin mənbəyi, Anar İsmayılzadə

Şikayətçi onu da əlavə edir ki, onlara əvvəlcə ərazidə gül mağazasının tikiləcəyi, daha sonra isə avtomobil təmiri obyekti tikiləcəyi deyilib.

"Əllərində Xətai Rayonu İcra Hakimiyyətinin verdiyi qərar var ki, filankəsə avtomobil təmiri obyekti üçün torpaq yeri ayrılsın. Əvvəl dedilər müharibə iştirakçısına verilib, sonra dedilər ki, şəhid ailəsinə verilib".

Xətai Rayon İcra Hakimiyyəti BBC News Azərbaycancaya onların "tikinti üçün sərəncam vermək səlahiyyətinin olmadığını" deyib.

"Bizə bu barədə şikayət daxil olmayıb. Bu məsələni diqqətdə saxlayacayıq", - qurumdan bildirilib.