"Azərbaycanlı ailədə qızın qayayadırmanma ilə məşğul olması nə cür qəbul edilər?"

Dağ

Şəklin mənbəyi, Vəfa Zeynalova

    • Müəllif, Vəfa Zeynalovadan həyat hekayələri
    • Vəzifə, Bakıdan BBC Azərbaycanca üçün

Bazar günü səhər tezdən Nardaran qayalıqlarının ətəyi kölgəlikdir. Bir qrup gənc burada məskən salıb. Kimi çantanın üstündə oturub istirahət edir, kimi termosdan isti çaydan zövq alır, kimi isə kəndirləri xüsusi ləvazimatlarla bərkidir.

- Ehtiyatlı ol! Ayağını bir az sola çək! Sağ əlinin altında oyuq var, ondan yapış... - Qorxma, tutmuşam!

Qayanın üstündə bir neçə gənc və məşqçı, "Yavaş, kəndir düşdü!" deyir və kəndirləri aşağı atır.

Qayayadırmanma başlanır. Təcrübəli idmançılarla yeni gələnlər də çoxdur.

Kəndirlər karabinlərlə bellərdə sığorta kəmərlərinə cəftələnir, kəndirin digər ucu dırmananı söğorta edən şəxsin əllərindədir.

Aşağıdan dırmananları seyr etmək xüsusi zövq verir. "Bacaracaqmı, sona kimi dırmansın? Ayağı növbəti istinad nöqtəsini harada tapacaq?"

Burada insanlar arasında münasibətlərin qiymətləndirmə meyarları fərqlidir. Anlayırsan ki, sənin həyatın digərinin əllərindəki kəndirdən asılıdır. Buradaı insanlar daha açıq, daha səmimidirlər. Biri birilərinə qarşı daha çox qayğı ilə yanaşırlar.

"Məni də özünlə apar!"

Dağ

Şəklin mənbəyi, Vəfa Zeynalova

Ortaboylu, qısa saçlı Səbinə bu həyatsız özünü təsəvvür edə bilmir. Onunla qayanın önündə, kölgəlikdə oturub söhbət edirik.

"İlk dəfə qayayadırmanmaya nə cür gəldin?" sualına gülümsəyərək cavab verir: "2007-ci il idi, iyirmi bir yaşım var idi. İşdə bir oğlandan çox xoşum gəlirdi. Təsadüfən bildim ki, dostu ilə Dağçılıq İdman klubuna gedir. Əlbəttə ki, dağlara qalxan, qayaya dırmanan insanlar haqqında ümumiyyətlə eşitmişdim, amma heç vaxt bunun barədə düşünmürdüm və heç bir məlumatım yox idi.

Dedim: "Məni də özünlə apar!". Nədənsə aparmadı, indi artıq xatılamıram, nəyə görə. Amma dostu dedi: "İstəyirsən, gəl!". O vaxtı Koroğlu metrosunun qarşısında yığılardıq.

Gəldik Nardarana. Burada Bakı və Bakıətrafının qayalıqlarından biridir, əsasən klubumuz elə burada məşq edir. O birisi Beşbarmaqdadır, amma ora uzaqdır, əvvəllər isə, milli irsimiz elan olunmayana qədər Qobustan da var idi.

Gəlib şən, deyib-gülən, əynini dəyişib qayaya dırmanan adamları gördüm. Mən ümumiyyətlə insanlarla çətinliklə ünsiyyət quranlardanam. Burada isə heç kimlə söhbətə girmək niyyətində belə deyildim, elə-belə baxmağa gəlmişdim.

Birdən yanıma bir saqqallı kişi yaxınlaşdı (sonradan bildim ki, məşqçi Dmitri Petroviç idi), soruşdu: "Nə gəlmisən?" Dedim: "Dırmanmağa!". İndiyə kimi bilmirəm, nəyə görə belə cavab verdim. Dedi: "Yaxşı, gedək!"

İlk növbədə məni bir müsbət relyefli (yəni ki, dayaz, addımla qalxmağa imkan verən) daşın üzərinə apardı və ən sadə əsasları öyrətməyə başladı: daşın üstündə necə durmaq, nə cür hərəkət etmək.

Məşqlərə getməyə başladım. Əvvəllər heç bir ləvazimatlarım yox idi; o vaxtlar, elə indi də, bütün alətlər, ləvazimatlar çox baha idi, mənim də qazancım o qədər deyildi.

Məşqçinin qızından mənə köhnə qayaya dırmanma üçün çəkmə çatdı. Bu çəkmələrin altı xüsusi rezindən olur, relyef üzərində özünü rahat hiss etmək üçündür.

O vaxtı alpinizm haqqında heç söhbət də yox idi. İndiyə kimi özümə qarşı "alpinist" sözünü deməkdən çəkinirəm.

Qayayadırmananlar artıq onlar üçün hazırlanmış, təmizlənmiş, sığorta ilə təmin edilmiş marşrut üzrə hərəkət edir. Dağlarda sənin üçün heç kəs marşrutu təmizləyib hazır etmir. İnsanlar dağlara qalxarkən özləri sığorta nöqtələrini hazırlayır, qarmaqları bərkidir, kəndirləri cəftələyir, yəni ki öz qorxu və riskinə.

Bundan fərqli, qayayadırmanma tamamilə təhlükəsiz bir idman növüdür. Orada üstünə heç nə düşməyəcək. Dağlarda vəziyyət fərqlidir: başına daş da düşə bilər, hava da gözlənilmədən pisləşə bilər və sair.

Qayalar üst və alt sığorta ilə təmin olunur. Üst sığorta - qayanın yüksəyində qulaqlar bərkidilib, onlardan ipi keçirib aşağı sallayırsan. Aşağıdakı bir kəs səni sığortalayır, sən öz kəmərini kəndirə cəftələyib yuxarı dırmanırsan.

Aşağı sığorta isə trass boyu qayanın üzərində qarmaqların bərkidilməsi deməkdir dırmanaraq kəndiri həmin qarmaqlara cəftələyirsən.

...Mənim qayayadırmanmaya gəlməyimin səbəbi olan oğlanla ünsiyyətimiz çox çəkməsə belə (klubda da çox az müddət oldu) hər-halda ona minnətdaram, çünki məhz onun sayəsində kluba gəldim və ümumiyyətlə qayayadırmanma və dağçılıq mənim həyatımda ən yaxşı, ən xoşbəxt məqamlardandır.

"İşin-peşən yoxdur?"

Dağ

Şəklin mənbəyi, Vəfa Zeynalova

Dostlarım, oradakı insanlar həqiqidir, səmimidir. Onlar həyat sürmürlər, sadəcə çox dolğun yaşayırlar. Prinsipcə unikal insanlardı, hər biri kamallı, gözəl yumor hissinə malikdilər. Hər adam dağa qalxa bilməz.

Azərbaycanda bir çox dağçılıq üzrə klublar var, müxtəlifdirlər. Mən ilk dəfə gələndə cəmi iki klub idi: İdman Dağçılıq klubu və Alp Klubu.

Azərbaycanlı bir ailədə qızın qayayadırmanma ilə məşğul olmaq istəyini eşidəndə, bu xəbəri nə cür qəbul edərlər? (gülümsəyir)

Əvvəlcə dağçılıq barədə heç söhbət belə getmirdi. "Nəyinə lazımdır? İşin-peşən yoxdur?" Yavaş-yavaş razılaşdılar, amma gecələməsiz.

Əslində qayayadırmanma məşqləri üçün gecələmək lazım deyil. Klubumuzun digər üzvləri isə daimi ya yarışlara, ya dağa qalxmağa gedirdilər. Ona görə məni qayayadırmanmadan dağa qalxmaq arasında dörd il ayırdı.

İlk dəfə dağlara qalxmağım yadımdadır, 2011-ci ildə idi. Bu, Gürcüstanda Çauxi dağ massivinə idi. Əvvəlcə Cuta kəndinə, oradan isə piyada baza düşərgəsinə yola düşdük.

Çox gözəl bir mənzərədir: düşərgə yaşıl talada yerləşir, qırağında cay axır, qarşında isə möhtəşəm dağ massivi ucalır.

Baza düşəgrəsinə (baza düşərgəsi - dağa qalxmaq uçun dislokasiya nöqtəsidir, orada yatırsan, qidalanırsan, dincəlirsən, oradan marşruta çıxırsan və həmin yerə də geri qayıdırsan) yol dörd saat tutdu.

Kürəyimdə çantam var idi. İndi başa düçürəm ki, o qədər də ağır deyildi, amma o, ilk dəfə beynimdə yeganə bir fikir sızıldayırdı: "İlahi, bu, nə zaman bitəcək?!"

İlk dağa qalxmağım Muxadze zirvəsinə olub. İndi artıq bilirəm, bu, əslində gürcülərin təcrübəsiz alpinistləri apardıqları bir təpədir, hündürlüyü heç üç min metrə də çatmır.

Amma mənim və həmkarlarım üçün (hamımız naşı idik) nəhəng bir zirvə kimi idi. Çox gözəl bir mənzərə idi və mən düşündüm: "Alpinizm belə asandırsa, alpinist olacam". Əslində bu, "Bir"dir - bütün marşrutlar mürəkkəbliyi üzrə bölünür, və "Bir" ən asan marşrutdur.

Sanballı xörəyi unudun

Dağ

Şəklin mənbəyi, Vəfa Zeynalova

Dağa qalxmaq üçün, normal yaşam və fəaliyyət üçün bütün lazımi əşyalar çantanda olmalıdır. Adətən səyahət bir-iki həftə davam edir. Bu zaman ərzində sən yatmalısan, qidalanmalısan, əynin kifayət qədər isti olmalıdır, çünki dağlarda hava gözlənilmədən dəyişə bilər.

Çantamızda hər hava şəraiti üçün geyim var, çadır, yataq torbası, yerə sərmək üçün karemat, yemək bişirmək üçün qazan, qaz balonu, kəndirlər, təhlükəsizlik sistemi, hətta qab yumaq üçün vasitə.

Çox ciddi marşrut olmadığına görə ağır dəmir alətləri götürməmişdik. Mütləq dərman qutusu, qazla işləyən primus (üzərində xörək bişirirdik), ərzaq.

Hələ şəhərdə olarkən hər bir adam üçün gündəlik normanı nümunə alaraq ərzaqlar siyahı ilə alınır və hamının arasında bölüşdürülür.

İlk çantamın çəkisi 18 kiloqram idi, indi isə 22 də aparıram. Təbii ki, oğlanların çantaları qızdakılarından bir qədər ağır olur.

Yadımdadır, məşqçimiz bizə əvvəllər alpinistlərin hətta 40 kiloqram ağırlığı olan çantalar apardıqlarını danışırdı. Təsəvvür edə bilmirəm bunu. İndi həm ləvazimatlar, həm yataq torbaları, çadırlar daha yüngüldür, çantalar daha rahat.

Əvvəllər alpinistlər çantaları belə əllərinə keçən uyğun materialdan özləri tikirdilər. İndi poliester yun geyimi əvəz edir - yüngüldür, tez quruyur. Yun sviter yaş olsaydı, həm geç quruyurdu, həm də əlavə çəki verirdi.

Adətən yemək üçün özünlə xarab olmayan ərzaq götürürsən: tuşonka, konserv, qatılaşdırılmış süd, quru şorbalar, yarma, kolbasa, sup bişirmək üçün bir neçə ədəd kartof, soğan, çay, şəkər.

Dağa qalxanda sanballı xörək bişirmək olmur, adətən çərəz və qəlyanaltı ehtiyyatımız olur. Geri qayıdanda belə istifadə edilmiş boş banka, qutuları özümüzlə götürürük və ilk zibil qabına kimi daşıyırıq.

Baza düşərgəsi həmişə suyun yanında salınır. Bu, çay, göl və ya kiçik bulaq ola bilər. Su soyuq olsa belə, hamı orada yuyunur. Qızlar özlərinlə şampun götürüb soyuq suda saçlarını səhmanlayır.

Səhər isti yataq torbasından çıxmaq istəmirsən. Qrup üzrə növbətçi birinci durur. Çayniki odun üstünə qoyursan, qaynayanda başqalarını oyatmağa başlayırsan.

Dağlarda ən çətini - dostlarının beynini yeməməkdir (gülümsəyir). Əslində hamı əziyyət çəkir və bu anda "sən hamıdan çox əziyyət çəkmirsən" anlamına gəlməkdir.

İnsan əslində özünə təsəlli verməyə çox meyllidir, amma dağlarda belə olmaz. Hamımız, olur, sızıldayırıq, amma həddi gərək keçməyəsən, çünki dağa dırmanmaqda ən əsas məqamlardan biri qrupdakı sağlam mühitin olmağıdır. Özünü əldə saxlamaq ən çətin gəlir, amma anlamaq lazımdır ki, əvvəl-axır bu çətinliklər bitəcək. Hə, çətindir, hə, bitəcək...

Bəs nəyə görə dağa dırmanıram?

Dağ

Şəklin mənbəyi, Vəfa Zeynalova

Bilmirəm. Həqiqətən bilmirəm... Digər insanların heç vaxt görmədiyi gözəllikləri görmək imkanı qazanmaq desəm, həm çox pafoslu səslənər, həm də ki həqiqəti tam şəkildə əks etdirməz.

Düzdür, gözəllikdir, amma dağa tək ona görə qalxmırlar. Hərəsi nəyə görə qalxdığını özü təyin edir. Məsələn, mən dağdakı insanlar üçün qalxıram.

Öz, yaxın insanlarım üçün... Çünki dağlarda ən əsası elə insanlardı və bu, həqiqətən də yanlarında rahat olan, yanlarıda qorxmayan insanlar olmalıdır, o insanlar ki, sən onlarla eyni rahatlıqla həm deyib-gülə, həm də susa bilirsən. Əlbəttə ki, etibar etdiyin insanlar olmalıdır.

Amma bu yolu seçəndə geri dönmək çox çətindir. Hərdən anam deyir: "Axır vaxtlar hirslisən, deyəsən, çoxdandır dağlara qalxmamısan".

Alpinistlərin təcrübələrinin qiymətləndirməsi üçün dərəcələr var. Bu dərəcələr müxtəlif mürəkkəbliyi olan keçilən marşrutların sayına görə müəyyən edilir.

Məsələn, mənim indi üçüncü dərəcəm var, o qədər də yüksək deyil. Ən mürəkkəb keçdiyim marşrut 3B idi (bu, müəyyən qədər dırmanmaq və sığorta nöqtələri hazırlamaq tələb edən marşrutdur).

Hər qrupun rəhbəri olur, amma sığorta nöqtələrini qrupun hər üzvü növbə ilə hazırlayır. O, ilk olaraq hansısa nöqtəyə qalxır və orada sığorta sistemini quraşdırıb, komandanın digər üzvlərinə qalxmağa kömək edir.

Qorxaqlıq?

Dağ

Şəklin mənbəyi, Vəfa Zeynalova

Mən də sığorta nöqtəsini hazırlamışam. Qorxulu idi. Mən ümumiyyətlə çox qorxağam.

İllər öncə karate dərslərinə gedəndə o vaxtkı məşqçim deyirdi: "Ancaq axmaq insan heç nədən qorxmur. Ağıllı bir kəs isə qorxusunu bir küncə itələməyi bacara bilir. İşini gör, sonra yenə də o küncə qayıt və qorxunu bərpa et". Düşünürəm ki, dağçılıqda da bu, önəmlidir.

Cəmi bir addım etməli idim, amma addım olduqca geniş olmalı idi. Söykənməyə və ya tutmağa da divar yox idi. Təxminən iki dəqiqə həmin yerdə donmuş dayandım.

O addımı etməyə qorxurdum. Dedim: "Uşaqlar, üzr istəyirəm, amma bacarmaram. Bəlkə, burada bir az da dayansam, bacararam, əks halda isə mən enərəm, kimsə başqası qalxıb nöqtəni yaratsın".

Məşqçimiz Dmitri Petroviç aşağıda durub sakitcə məni ruhlandırırdı: "Hər şey qaydasındadır, narahat olma!" Bir müddət dayandıqdan sonra nəhayət səbrin tükənir və sən "Əşi, hamısı cəhənnəmə!" fikri ilə o addımı edirsən.

Qarmaqları bərkidirsən və dostlarına qalxmağa kömək edirsən. Dmitri Petroviç qalxıb mənə "Afərin, Səbinə, afərin!" dedi. Mən isə başa düşürəm ki, heç də afərin deyiləm. İki dəqiqə vaxt itirdim.

Birinci olmaq həmişə qorxuludur. Və öyrəşmək də olmur. Hər dəfə dağdan enəndə "Bitdi, artıq ömrümdə heç vaxt dağlara qalxmayacam!" deyirəm. Sonra otururam, düşünürəm, deyirəm: "Eybi yox, bir dəfə də gedərəm".

Elbrusa qalxmaq

Marşrutun çətinliyi dağın hündürlüyündən asılı olmur, amma qalxdığım ən hündür zirvə Elbrus zirvəsi olub, hündürlüyü beş min metrdən artıqdır.

2015-ci ildə dörd nəfərdən ibarət qrupla ora gedib, üçümüz qalxdıq. Qızlardan biri qalxa bilmədi; dağlarda adamın halı dəyişə bilər, hündürlüyə qalxanda pisləşir, başağrısı, zəiflik olur.

Əvvəlcədən gəlib Kabardino-Balkariyada FHN-də qeydiyyata durduq - geriyə nə vaxt qayıdacağımızı bildirdik. Növbəti gün Elbrusun baza düşəgrəsində gecələyib, səhər saat üçdə dağa qalxmağa başladıq və qalxmağımızı uğurla bitirib, FHN-in qeydiyyatındaın çıxdıq.

Texniki baxımdan marşrut mürəkkəb olmasa belə, fiziki baxımdan olduqca çətin idi. Ümumiyyətlə, Elbrus qəribə zirvədir, bu, sönmüş vulkandır. Mənim üçün qalxan zaman bir dəqiqəlik dincəlmək üçün dayanıb dərin yuxuya, hətta röyalara dalmaq çox qəribə idi.

Adətən mən dağlara yayda qalxıram, amma qış qalxmaları da olur. Dağlarda yayda da qış olur, məsələn, Elbrusun zirvəsində temperatur mənfi 15 dərəcə idi.

Kürək kürəyə gecələmək

Dağ

Şəklin mənbəyi, Vəfa Zeynalova

Ən pis dağa qalxmağım da yadımdadır. O da Dağıstanda idi. Biz "İki" dərəcəli zirvəni fəth edib, ikincisinə də qalxmağa qərar verdik. Dörd nəfər qızdan və bir məşqçidən ibarət qrup idi.

Gec qalxmağa başladıq və biz qayıdanda artıq qaranlıq qarışmışdı. Dörd nəfərə cəmi birimizdə fənər var idi. Dağlarda hər bir əşya sənin üçün əlavə yükdür, həm də bütün dırmanmaları sutkanın işıqlı vaxtı bitirməyə çalışırsan. Əks halda səni "soyuq gecələmə" gözləyir: bütün qrup üzvləri kürək kürəyə yerdə oturub gecələyir.

Yol heç görünmürdü, hara enmək - bilinmir. Çadırımız düşərgədə qaldı. Daşlar ayaqlarımızı döyürdü.

O günlərdə Dağıstanda Alpiniada günləri keçirilirdi. Birdən uzaqdan fənər işıqları hiss olundu. Sevindik, məşqçimizə dedik: "Müəllim, bəlkə, bizim arxamızca gəlirlər?" "Əşşi siz kimə lazımsız?" - yarıqəzəbli-yarızarafat cavab verdi.

Amma həqiqətən də FHN-in işçiləri idi, gördülər ki, biz səhərdən çıxmışıq və hələ qayıtmamışıq. Gecə saat on ikidə nəhayət ki, endik və bizi həddindən artıq dadlı quru meyvələrdən hazırlanmış kompot ilə qonaq etdilər.

Bir dəfə də Gürcüstanda Uşba dağı ətrafında idik. O yerlər isə, elə zirvənin özü də çox sərt, qəddar xasiyyətlidir. Çox yorulmuşduq, çantalarımız həddindən artıq ağır idi.

Baza düşərgəsinə dörd saat əvəzinə səkkiz saata çatdıq. Açıq buzlaqla qalxırdıq və orada mən arxamca gedənə daş atdım - təbii ki, təsadüfən, yıxılmamaq üçün iki əlli onu tutdum və əlimin altından çıxdı.

Arxamdan gələnin adını qışqırdım ki kənara çəkilsin. Heç təyin olunan yerə də çatmadıq, qayıdanda isə indi mənim üstümə daş sürüşdü və bu dəfə hədəfini tapdı - ayağıma dəydi, yıxıldım. Dostlarım məni qaldıranda, ağladım.

Mənəvi dəyərdən çox ağır qalxma idi və ondan sonra təxminən yarım il mən dağa qalxmağa tövbə etdim. Amma növbəti mövsümdə yenə də qalxmağa hazırlaşırdım və o dəfə mən anladım ki, bu, həqiqətən də təhlükəli ola bilər.

Bir dəfə də Kazbek zirvəsi yaxınlıqdakı düşərgədə şiddətli küləklə qarşılaşdıq. Baza düşərgəmiz meteostansiyanın yanında yerləşirdi. Gecə əsən külək bir neçə çadırı dağıtdı. Düşərgədə üç-üç, bir-birimizdən yapışaraq hərəkət edirdik. O zaman heç zirvəyə qalxmadıq.

Bahalı idman

Dağlarda təhlükəsizlik yalnız insanın bacarıqlarından və biliklərindən asılıdır: kəndirlə, ləvazimatlarla davrana bilirmi, yamaclarda gəzə bilirmi.

Açıq və bağlı buzlaqlar olur, qar uçqunu, daş uçqunu, təhlükəli yamaclar olur. Bunları hamısını dərslərdə öyrənirsən, məşqçi əvvəlcə dəfələrlə danışır, sonra isə praktıkada özünü sınayırsan.

Bəzi yerlərdə bir-birinə bağlanmamış gəzmək olmur, bəzi yerlərdə əksinə. Bunlar hamısı illərlə öyrənilir və biliklər təcrübədə bərkidilir.

Qayayadırmanma və dağçılıq heç də ucuz başa gəlmir. Müəyyən baza ləvazimatları olmadan keçinmək mümkün deyil. Bura şəxsi sığorta sistemi, çanta, yataq torbası, geyim, ayaqqabı, kaskalar aiddir.

Bunların hamısını ölkədən kanardan sifarışlə almalı oluruq. Həm də başqa ölkələrə çıxmaq da müəyyən məbləğ tələb edir. Azərbaycanın dağlarında üç gündən artıq qalmaq üçün icazə verilmir.

Bəzi məhdudiyyətlərə görə adətən başqa ölkələrə üz tuturuq. Bir ay əvvəl icazə almaq üçün sifariş vermək lazımdır və hələ bəlli deyil ki, buraxacaqlar ya yox.

Dağlarda soyuq, qar başqa cürə qəbul edilir. Ümumiyyətlə məişət narahatlıqlarına öz münasibətini dəyişməlisən. Ağır çanta, yorğunluq, pis havalar - bunlar hamısı məsrəflərdir.

Amma insanlar və getdiyimiz yerlər bu məsrəfləri örtür və bu, insan şəxsiyyəti üçün bir iddiadır.