Azərbaycan hökumətində yeniliklər - 3 paraqrafda

Şəklin mənbəyi, President.az
Şənbə günü Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.
Bundan əvvəl Azərbaycan Prezidentinin sərəncamı ilə yeni dövlət qurumları təsis olunub və bəziləri ləğv edilib.
BBC Azərbaycanca bu yeniliklər barədə məlumatı bir araya gətirib.
1. Bir nazirlikdən iki qurum yaradılıb
Mədəniyyət və Turizm Nazirliyinin əsasında iki qurum yaradılıb - Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi.
Aprelin 20-də imzalanan müvafiq sərəncamda deyilir ki, məqsəd dövlət idarəçiliyinin təkmilləşdirilməsidir.
2. Gömrük və Vergilər Nazirliyi idxal-ixraca birgə nəzarət edəcək
Cümə günü prezident İlham Əliyevin imzaladığı daha bir sərəncam "bir sıra idxal-ixrac əməliyyatları üzrə" Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarəti təklif edir.
Sənəddə deyilir ki, bu maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımının artırılması və qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsinə xidmət edəcək.
3. İki agentlik yaradılır, bir qurum ləğv olunur
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi təsis olunub.
Prezidentin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.








