Türk futbolçunun bozqurd işarəsi qalmaqal yaradıb

Futbol

Şəklin mənbəyi, Getty Images

Türkiyəli futbolçu Merih Demiralın Avstriya ilə oyun günü göstərdiyi bozqurd işarəsi qalmaqal yaradıb.

Avropa Futbol Federasiyaları Birliyi (UEFA) Merih Demiral barədə araşdırmaya başlayıb. Buna səbəb Demiralın iyulun 2-də Türkiyə-Avstriya oyununda vurduğu ikinci qoldan sonra bozqurd işarəsi göstərməsi olub.

UEFA araşdırmaya "uyğun olmayan davranış" səbəbi ilə başladığını açıqlayıb.

BBC Türkçe-dən Emre Temel bildirib ki, keçmişdə Türkiyədə bəzi oyunlarda bozqurd işarəsi göstərilib.

"Keçmişə baxanda Türkiyə milli komandası formasınını geyinən heç kimin belə bir turnirdə bu hərəkəti göstərdiyini xatırlamıram. Türkiyədə bəzi dairələrdə bu işarə irqçilik kimi xarakterizə olunur. Lakin mən Prezident Erdoğanın azı bir mitinqində bu işarəni göstərdiyini xatırlayıram", - Emre Temel BBC Azərbaycancaya deyib.

Türkiyənin Milli Komandalar Birliyinin sözçüsü Türker Tozar məsələyə şərh verməyib, yalnız onu deyib ki, Demiral bozqurt işarəsini niyə göstərdiyinə yarışdan sonrakı paylaşımında işarə edib.

Meril Demiral İnstagram hesabında qol sevincini göstərən video paylaşaraq yazıb ki, “Günaydın, Türkiyəm. Nə mutlu Türkəm deyənə”.

UEFA bildirib ki, araşdırma qurumun İntizam Reqlamentinin müvafiq maddəsinə uyğun olaraq başlanıb.

Sözügedən maddə ilə futbol meydançalarında “siyasi, ideoloji, dini və ya irqi təbliğat ehtiva edən hər hansı davranış” qadağan olunur.

Videoya Youtube Kanalımızdan baxın.