İlham Əliyevin yenilənən komandası: Paşayevlərin və Cabbarovun "adamları", texnokratlar və hakimiyyətə loyal kadrlar

İlham Əliyev, İnam Kərimov

Şəklin mənbəyi, president.az

Səadət Akifqızı

BBC News Azərbaycanca

Parlamentdə kənd təsərrüfatı naziri İnam Kərimovun Ramiz Rzayevin təqaüdə göndərilməsi ilə boşalan Ali Məhkəmənin sədrliyi postuna təyin olunması bu səbəbdən müzakirə olunur: nazir olmazdan əvvəl hökumətin uğurlu layihələrindən biri sayılan, əhali arasında rəğbətlə qarşılanan ASAN xidmətin ilk rəhbəri olmuş İnam Kərimov hüquqşünas olsa da, onun bioqrafiyasında hakimlik təcrübəsi yoxdur.

Amma Azərbaycanda təcrübə ilə uzlaşmayan vəzifəyə təyinat ilk deyil: İçərişəhər dövlət qoruğu rəhbərliyindən Təhsil nazirliyinə, oradan Vergilər, sonra da İqtisadiyyat nazirliklərinə gedən və bu qədər post dəyişdiyinə görə xalq arasında "hər şeyin naziri" ləqəbini qazanmış Mikayıl Cabbarovu, təhsil naziri kürsüsünü xarici işlər naziri postuna dəyişən Ceyhun Bayramovu xatırlatmaq olar.

Prezident İlham Əliyev komandasını son bir neçə ildir ki, sürətlə yeniləməyə çalışır: illərlə eyni vəzifəni tutan yüksək çinli məmurlar bir-bir yola salınır.

Hakimiyyət “köhnə”lərdən, xüsusilə ata Əliyevin iqtidarında yüksək vəzifə tutanlardan imtina edir və onları, əsasən, gənclərlə əvəzləyir.

BBC-yə danışan hakimiyyət tənqidçiləri üçün bu suallara bir cavab var: İqtidar hakimiyyəti təmərküzləşdirmək istəyir və buna görə də “loyal”, “sadiq” qüvvələrə üstünlük verir. Nəticədə yüksək vəzifələrə savadlı, Avropa təhsilli, amma “heç bir siyasi görüşü olmayan texnokratlar” gətirilir.

Hakimiyyət müdafiəçiləri isə hesab edirlər ki, əksinə, idarəetməyə həm “yaxşı təhsilli”, həm də təcrübəli, gənc kadrlar gətirilir və üstəlik onlar “təmiz kadrlar”dır, “rüşvətə, korrupsiyaya bulaşmayıblar”.

Vasif Talıbov

Şəklin mənbəyi, prezident.az

Şəklin alt yazısı, Postunu son itirənlər sırasında 27 il Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş Vasif Talıbov da var.

Gedənlər…

İlham Əliyevin komandasında “köhnə”lər barmaq sayı qədər az qalıb. Postunu son itirənlər sırasında 27 il Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş Vasif Talıbov, Mərkəzi Bankın uzun illər sədri olmuş Elman Rüstəmov, oğlunun saat qalmaqalına görə sosial mediada hər fürsət düşdüyündə adı xatırlanan keçmiş ARDNŞ (SOCAR) prezidenti Rövnəq Abdullayev, barəsində şikayətlərin əksilmədiyi sabiq gömrük rəhbəri Səfər Mehdiyev var.

Eləcə də, Prezident Adminstrasiyası rəhbərliyindən istefasından sonra karyerasını Elmlər Akademiyasinin Prezidenti kimi davam etdirən, ancaq bir müddət sonra bu işindən də istefa verən Ramiz Mehdiyevin adını çəkmək olar.

Hərçənd, cənab Mehdiyev ölkənin Təhlükəsizlik Şurası kimi mühüm qurumun hələ də şəxs olaraq (digər üzvlər TŞ-da rəhbərlik etdikləri quruma görə təmsil olunurlar-red.) üzvüdür. O, Azərbaycan Prezidentinin 23 oktyabr tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.

İnam Kərimov

Şəklin mənbəyi, agro.gov.az

Şəklin alt yazısı, İnam Kərimov Fransada hüquq üzrə həm bakalavr, həm də magistr təhsili alıb.

Gələnlər…

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Uzun illər Ali Məhkəmənin sədri olmuş Ramiz Rzayevin yerinə hazırkı kənd təsərrüfatı naziri İnam Kərimov gətirilir. Parlament onun namizədliyini təsdiqləyib.

İnam Kərimov Fransada hüquq üzrə həm bakalavr, həm də magistr təhsili alıb. O, 2012-ci ildə yaradılmış ASAN-ın (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) rəhbəri kimi ictimaiyyət arasında tanınıb.

Boşalan postlara da yeni təyinatlar olub:

Vasif Talıbovu, yerli mətbuatın yazdığına görə, vaxtilə sığorta və maliyyə sektorunda, həmçinin “Paşa Holdinq”də işləmiş 47 yaşlı Fuad Nəcəfli, Elman Rüstəmovu “Paşa bank”ın keçmiş sədri Taleh Kazımov, Rövnəq Abdullayevi İqtisadiyyat nazirinin keçmiş müavini Rövşən Nəcəf əvəzləyib.

Səfər Mehdiyevi Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışmış Şahin Bağırov əvəz edib. O, vaxtilə BMT-nin gömrük və beynəlxalq daşımalarla bağlı komissiya və komitələrində çalışıb.

“Paşayevlər dəst-xətti”

Azərbaycanda hakim elitada aparılan dəyişiklər klanlararası mübarizə kimi görünür. İctimaiyyətdə belə fikirlər hakim kəsilib ki, “ənənəvi klanlar” yerini “Paşayevlər komandası” adlandırılan gənclərə uduzur.

Bir neçə ildir ki, davam edən “komandayeniləmə”də bir çox kadr ya birinci xanım Mehriban Əliyevanın əmisi Hafiz Paşayevin rektor olduğu ADA universtetindən, Paşa holdinqdən və ya İqtisadiyyat nazirliyi və ya bu dairələrə yaxın qurumlardan seçilir. Mehriban Əliyevanın ata tərəfdən qohumlarına - Paşayevlər ailəsinə qohumluq və ya professional sahədə yaxınlıq daşıyan bu qrup mütəxəssisi "Paşayevlərin komandası" kimi təsnifləndirirlər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov – ADA-da çalışıb, birinci vitse-pezidentin köməkçisi olub.

Yerli media “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapali Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilmiş Taleh Ziyadovun bir müddət ADA-da da çalışdığını yazır.

Energetika nazirinin müavini Elnur Soltanovun da iş karyerası bu universitetdən keçib.

Bəzən orta və aşağı vəzifələrə də təyinatlar zamanı ADA məzunlarına və işçilərinə üstünlük verildiyi müşahidə olunur.

Mikayıl Cabbarov

Şəklin mənbəyi, president.az

Şəklin alt yazısı, İqtisadiyyat naziri Mikayıl Cabbarov müxtəlif komissiyalarda rəhbər vəzifələr tutmaqla yanaşı həm də “Qarabağ” Dirçəliş Fondunun və SOCAR-ın müşahidə şuralarının sədridir.

Cabbarov kadrları

Hakimiyyətin ilk diqqət çəkən yeni kadrı Mikayıl Cabbarov olmuşdu: İçərişəhər qoruğunun 37 yaşlı sədri təhsil, sonra vergilər, daha sonra iqtisadiyyat nazirliklərinə nazir təyin edildi. Sonradan Vergilər Nazirliyi və Dövlət Əmlak Komitəsi də ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tərkibinə verildi.

Amma Cabbarovun vəzifə yükü bununla bitmir. O, müxtəlif komissiyalarda rəhbər vəzifələr tutmaqla yanaşı həm də “Qarabağ” Dirçəliş Fondunun və SOCAR-ın müşahidə şuralarının sədridir.

Bir-birindən fərqli nazir postuna gətirilməsi, sonradan ölkənin iqtisadi sferasına aid sahələrə məsuliyyətinin artırılması, yüksək vəzifələrə təyin edilən bəzi kadrların onun nəzarəti altında olan qurumlardan seçilməsi Mikayıl Cabbarovun Əliyev-Paşayev qrupunun etibarlı kadrı olmasından xəbər verir.

Məsələn, ölkənin xarici işlər naziri kimi mühüm postuna məhz Mikayıl Cabbarovla Təhsil Nazirliyində bərabər işləmiş, sonra da təhsil naziri kimi onu əvəzləmiş iqtisadçı-hüquqşünas Ceyhun Bayramovun gətirilməsini xatırlatmaq olar.

Bəzi yeni kadrların tərcümeyi-halına baxanda görmək olar ki, Cabbarov təkcə Ceyhun Bayramova "zamin" olmayıb. SOCAR-a prezident gətirilən Rövşən Nəcəf də onun müavini olub.

İqtisadiyyat nazirinin hazırkı birinci müavini Elnur Əliyevin də Cabbarovun himayəsi altında öz karyerasını qurduğunu ehtimal etmək olar. Nazirliyin saytında yerləşdirilmiş məlumatların təhlili göstərir ki, onun “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində işlədiyi müddət Cabbarovun burda rəis kimi işlədiyi müddətlə üst-üstə düşür. O, 2013-2017-ci ildə Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. Bu müddətdə nazir vəzifəsində Mikayıl Cabbarov olub. O, Vergilər naziri təyin olunandan sonra Elnur Əliyev Cabbarovun müşaviri olub. Favorit kadr Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin olunandan bir il sonra ona müavin gəlib, iki il sonra birinci müavin təyin edilib.

Prezident İlham Əliyev yeni təyin etdiyi Masallı, Göygöl və Lerik rayon icra başçılarını qəbul etmişdi.

Şəklin mənbəyi, president.az

Şəklin alt yazısı, Prezident İlham Əliyev yeni təyin etdiyi Masallı, Göygöl və Lerik rayon icra başçılarını qəbul etmişdi. 2022-ci il.

“Peşəkarların höküməti”

5 il Prezident Adminstrasiyasında işləmiş, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov hesab edir ki, son illərdə “peşəkarların hökümətinin formalaşdırılması” prosesi gedir: “Yüksək vəzifələrə daha çox texnokratların, yəni koopeativ idarəetmə üsuluna bələd olan şəxslərin təyinatını müşahidə edirik. Təyin olunanların bir çoxu ya dövlət işində, ya da özəl sektorda özünü təsdiq etmiş şəxslərdir. Onlar həmin koopeativ idarəetmənin dövlət sisteminə tətibiqi ilə məşğuldurlar”.

Fərhad Məmmədov əlavə edir ki, dünyada hakimiyyət iki cür formalaşır: ya əsasən qurumun birinci postuna siyasətçilər gətirilir, onların müavinləri isə əsas iş yükünü öz öhdəsinə götürürlər, ya da elə birinci şəxs “texnokrat”ın özü olur:

“Onların bioqrafiyasına baxsanız, görərsiniz ki, hər hansı siyasi fəaliyyətləri olmayıb və ya çox aşağı səviyyədə olub. Bu da onu göstərir ki, onlar konkret böyük işlərlə məşğuldurlar: istər dövlət şirkətlərində, istər nazirliklərdə”.

Sitat

“Yenilər təşəbbüskar deyil”

BBC-yə danışan təhlilçi Leyla Əliyeva hesab edir ki, indiyə kimi müxtəlif “klanları” birləşdirən hakimiyyət getdikcə bircinsli olur, yəni indi yalnız bir qüvvəyə - birbaşa “Əliyevlər ailəsinə xidmət edən məmur ordusu” formalaşdırılır.

“Köhnələr daha təcrübəli, ictimai-siyasi proseslərdən baş çıxaranlar idi. Onların iddiaları böyük idi, hesab edirdilər ki, əvəzolunmazdılar və ölkənin siyasi rəhbərliyi onların fəaliyyəti və xidməti olmasa, bu ağır proseslərdən baş çıxara bilməz. Yenilərin isə belə bir fikirləri yoxdur. Köhnələr az da olsa, təşəbbüslə çıxış edə bilirdilər, amma yenilərin heç bir təşəbbüsü yoxdur və yuxarıdan nə təklif olunsa, gurultulu alqışlarla qarşılayırlar. Bu da idarəçiliyin nöqsanıdır və uzun müddət səmərə verə bilməz”, - siyasi təhlilçi Azər Rəşidoğlu BBC-yə deyib.

Hakimiyyəti tərk edənlərin və ya etdirilənlərin bir çoxu uzun illər müstəqil medianın, ana müxalifətin tənqid hədəfində olan məmurlar olub. Bəzi müstəqil media araşdırmalarında milyonlarla manat büdcə vəsaitlərinin şübhəli tenderlər vasitəsilə mənimsənildiyi iddia olunub və indiyə kimi bunu təkzib edən sübutlar ortaya qoyulmayıb.

Elə Prezident İlham Əliyev də iki il əvvəl çıxışlarının birində büdcədə “şişirtmə xərclər”in olduğundan danışıb və məmurları “pis vərdişlərdən əl çəkməyə” çağırıb.

İqtisadi güc - hakimiyyət üçün təhlükə?

Siyasi şərhçi Leyla Əliyevaya görə, vaxtilə bəzi məmurlara yaradılmış geniş maliyyə imkanları onları müstəqil bir gücə çevirmişdi və bu, bəzi məqamlarda hakimiyyətin özünə təhlükəyə çevrilirdi.

Onun sözlərinə görə, bir neçə ildir davam edən kadr dəyişikliyi də bu təhlükənin qarşısını almağa hesablanıb: “Burada iki məqsəd var: loyallıq mərkəzdən konkret oliqarxlara tərəf yönəlməsin və hakimiyyt üçün təhlükə kəsb edən oliqarx iqtisadi gücdən məhrum olsun”.

Təhlilçilər bir neçə il əvvəl başlayan və struktur dəyişikliyi kimi təqdim olunan prosesləri də elə bununla izah edirlər: oliqarxların hakimiyyət iyerarxiyasını sarsıtmaq.

Ləğv edilən, birləşdirilən, “idarə-idarə parçalanan” dövlət qurumları

İctimaiyyətdə zəlzələ effekti yaradan struktur dəyişikliyi 2015-ci ildə ölkənin milli təhlükəsizliyinə cavabdeh orqanın - Milli Təhlükəsizlik Nazirliyinin, ya da qıcasa MTN-in ləğvi olsa da, proses daha əvvəl, Nəqliyyat Nazirliyinin “idarə-idarə parçalanmasından” başlamışdı.

Bu qurumun idarəçiliyi ilə bağlı kifayət qədər kütləvi narazılıqlar vardı: taksi sürücüləri ilə Nəqliyyat Nazirliyi arasında münaqişə tez-tez birincilərin etiraz aksiyaları ilə nəticələnirdi.

Bundan başqa, iddialara görə, həm bu narazılıqlar, həm keçmiş nəqliyyat naziri Ziya Məmmədovun saya-hesaba gəlməz sərvətləri barədə jurnalist araşdırmaları, oğlu Anar Məmmədovun turistik rayonların birində “ayı yeməsi”nin dillərə dastan olması (hərçənd ortada bunu sübut edən hər hansı fakt yox idi-red.) Ziya Məmmədovun kürsüsünü laxlatmışdı.

Hakimiyyət tənqidçiləri buna misal olaraq, nazirliyin nəzdindəki ayrı-ayrı idarələrin ondan alınaraq qapalı səhmdar cəmiyyətlərə çevrilməsini və ya taksilərə lisenziya və “Fərqlənmə nişanı”nın verilməsi kimi xidmətin ASAN-a keçirilməsini göstərirdilər.

Ziya Məmmədov bu “idarə-idarə parçalanma” prosesi başlayandan iki il sonra vəzifəsindən azad edildi, nazirlik də ləğv edildi, onun yerdə qalmış idarələri indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verildi.

Bu ərəfədə isə artıq MTN ləğv edilmiş, nazir istisna olmaqla bir çox yüksək vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılmışdı. Qurum ləğv edilməmişdən bir qədər əvvəl 2015-ci ilin oktyabrında Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxış edərək yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının bəzi hallarda “sahibkarları boğduqlarını, soyduqlarını, incitdiklərini” söyləmişdi.

2015-ci ildən indiyə kimi davam edən "MTN işi”nin müxtəlif məhkəmə proseslərində şahid, zərərçəkən qismində ifadə verən sahibkarların verdiyi ifadələr bir dövlət orqanı tərəfindən “necə boğulduqlarının, soyulduqlarının, incidildiklərinin” ağlagəlməz mənzərəsini yaradıb.

Nəqliyyat Nazirliyi və MTN-nin ləğvi domino daşı effekti verdi: bəzi rəhbərlər bir-bir vəzifəsini itirməyə başladı: Misir Mərdanov, Fazil Məmmədov, Ramil Usubov, Hüseyin Bağırov, Abid Şərifov, Səlim Müslümov, Ramiz Mehdiyev, Rövnəq Abdullayev...

“Təmiz, rüşvətə meyilsiz” kadrlar

Vəzifəsindən çıxarılan nazirlər və ya yüksək vəzifə tutmuş şəxslərin bəziləri korrupsiya ittihamları ilə üzləşsə də, bəzilərinə daha aşağı rütbə olsa da, yeni vəzifə tapşırılıb.

Məsələn, bir neçə il əvvəl oğlunun 1 milyon dollarlıq saat qalmaqalı səbəbindən yaranmış narazılıqlara görə, SOCAR-da tutduğu vəzifəsini tezliklə itirəcəyi gözlənilsə də, yalnız bu hadisədən bir il sonra işindən uzaqlaşdırılan Rövnəq Abdullayev İqtisadiyyat Nazirliyində nazir müavini postuna göndərilib.

Millət vəkili Vahid Əhmədovun fikrincə, İlham Əliyev həmişə müəyyən dəyişiklər edəndə, onunla işləyən köhnə kadrlara heç vaxt ciddi cəza vermir: “Prezident o vaxt ciddi cəza verir ki, onlar yalan danışırlar, böyük korrupsiyaya yol verirlər”.

Vahid Əhmədov SOCAR-da kadr dəyişikliyinin əsas səbəbini yeni təyinatların “kifayət qədər təmiz kadrlar” olmasında görür:

"Yəni bunlar rüşvətə, korrupsiyaya bulaşmayıblar. Yeni kadrların hamısı xaricdə təhsil alıblar. Ona görə də onlar rüşvətə meyilli deyillər", - parlament üzvü BBC News Azərbaycancaya bildirib.

“Tək idarəçilik”

Azər Rəşidoğlu yeni kadrların Qərb təhsilli olmasının idarəçiliyə hər hansı müsbət dəyişiklik gətirmədiyini hesab edir, o deyir ki, əgər belə olsaydı, o zaman ölkədə azadlıqlar bu qədər məhdudlaşdırılmaz, ən azı "bu Qərbtəhsilli kadrlar bu cür idarəetməyə" etiraz edərdilər: “Onların müstəqil siyasi baxışları, təşəbbüs azadlıqları yoxdur”.

Onun fikrincə, ölkə idarəçiliyində yüksək vəzifəyə gətirilən yeni kadrların təyinatından sonra diqqət çəkən köklü bir dəyişiklik olmayıb: “Gəlin baxaq, korrupsiyanın, rüşvətin səviyyəsi kəsilib, ya kəsilməyib? Media azadlığı bu yeni, yüksək təhsilli kadrlar gələndən sonra azalıb, yoxsa çoxalıb? Əvvəllər heç olmasa, medianın, siyasi partiyaların bir nəfəsliyi vardı, indi bu nəfəslik də yoxdur. Əgər bu yeni kadrlar həqiqətən Avropa, Amerika düşüncəli insanlardırsa, nə üçün cəmiyyətin demokratikləşməsi, medianın sərbəst fəaliyyəti, sərbəst toplaşmaq azadlığının bərqərar olması istiqamətində bir təşəbbüs də irəli sürməyiblər?”

Təhlilçi hesab edir ki, ölkədə dövlət başçısının “tək idarəçiliyi” bərqərar olub: “Məsələn, nazirlərin yerinə də özü işləyir, hərbi sferaya da özü nəzarət edr, iqtisadi bloka da, siyasi bloka da, icra strukurlarına da özü nəzarət edir. Əslində hakimiyyət qanadları öz işini görsəydi, dövlət başçısı da Konstitusiya ilə ona verilmiş vəzifəni görəcəkdi. Yəni ən azı kənardan görünən odur ki, bu gün ölkədə Prezidentdən başqa işləyən yoxdur”.

Qərar qəbuletmə mexanizmi "prezident institutundadır”

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyir ki, Azərbaycanda qərar qəbuletmə mexanizmi qanunvericiliyə görə, prezident institutundadır və hər hansı bir sahəyə görə qərarların qəbul edilməsi bir neçə mərhələdən keçir.

Onun sözlərinə görə, təkliflər, təşəbbüslər Prezident Admintrasiyasına gəlir və burda üzərində hərtərəfli işləndikdən sonra Prezidentə təqdim olunur.

Fərhad Məmmədov hesab edir ki, “prezident üsul-idarəsində ancaq icraedici qurum istədiyini həyata keçirir” demək yanlışdır: “Birincisi, hər bir dövlət strukturunun fəaliyyətini tənzimləyən qanunvericilik bazası var və bu, parlamentdə, komitə iclaslarında müzakirə olunur. Biz görürük ki, bu müzakirələrdə nazirlər də, şirkət rəhbərləri də iştirak edir. İkincisi, bu qurumlaırn yanında ictimai şuralar mövcuddur və vətəndaş cəmiyyətini nümayəndələri də bu şuralar vasitəsi ilə fəaliyyətlə tanış olurlar”.

Yeni kadrların "yaxşı təhsili var"

Parlament üzvü Aydın Mirzəzadəyə görə, cəmiyyət dəyişdikcə, hakimiyyətdə də "yenilənmə gedib və burada təəccüblü bir şey yoxdur”. Onun fikrincə, yeni gətirilən kadrların “yaxşı təhsili”, “müəyyən yerlərdə iş təcrübəsi”, “dövrün tələblərinə cavablar tapmaq bacarıqları” onların bu vəzifəyə təyinat almalarına səbəb olub.

Millət vəkili bəzi yeni kadrların yüksək dünyagörüşünə sahib olduğunu deyir.

“Birincisi, cənab prezidentin son dövrlərdə təyin etdiyi kadrlar barəsində mənfi fikir varmı? Onların hansınısa işi yarıtmadığı barədə hər hansı məlumat varmı: Yox. Yuxarı hakimiyyət orqanları onlarla sıx işləyirlər və onların necə işlədikləri barədə məlumat olur”.

Aydın Mirzəzadə hesab edir ki, kadrın hansı universiteti bitirməsi önəmli deyil, əsas məsələ onun tapşırılan vəzifənin öhdəsindən gəlmə qabiliyyətidir, amma onun fikrincə, ictimai nəzarət güclü olmalıdır ki, səhvlər, nöqsanlar, təkliflər varsa, verilməlidir, deyilməlidir.

Aydın Mirzəzadənin fikrincə, idarəçiliyə gətirilən yeni kadrlar müstəqil çalışırlar və təşəbbüskardılar: “Yeni [icra hakimiyyətlərinə] təyin olunan şəxslərin tərcümeyi-halına baxmaq kifayətdir. Biri general-mayordu. (Masallının yeni icra başçısı Araz Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub-red.) Elə bilirsiniz, general-mayor olmaq asandır, yaxud təhlükəsizlik xidmətində böyük bir idarənin rəhbəri olmaq? İndi məsləhət olub ki, böyük strateji rayona icra başçısı təyin edilsin. Digəri Kənd Təsərrüfatı Nazirliyində aparat rəhbərinin müavini olub və kifayət qədər yerlərdə insanları narahat edən problemlər, çətinliklər barədə məlumatlıdır”.

“Komanda yenilənməsi o zaman ciddi islahat sayıla bilərdi ki...”

BBC-yə danışan Azər Rəşidoğlu hesab edir ki, əhalinin heç olmasa böyük əksəriyyətinin etimadını qazanmış seçkilər keçirilməyincə, hansısa kadr dəyişikliyi ilə müsbət dəyişikliyə nail omaqdan "danışmaq olmaz".

Leyla Əliyevanın fikrincə, komanda yenilənməsi o zaman ciddi islahat sayıla bilərdi ki, bunun arxasınca müstəqil və çevik qərar verməyi bacaran bir məmur obrazı yaranardı, amma hələ ki, bu, müşahidə edilmir:

“Dəyişiklər seçkilərdən başlayır, hansısa institutlara cavabdehlikdən, müşahidə orqanlarının yaradılmasından başlayır. Ciddi islahatlar aparmaq istəyən ölkə lideri ilk öncə institusional siyasi mühitin, şəffaflığın, cavabdehliyin olmasına çalışmalıdır”, - Leyla Əliyeva əlavə edib.

İnam Kərimovun yerinə, müvəqqəti olaraq, keçmiş müavini, Avstriyada təhsil almış Sarvan Cəfərov təyin olunub. Onun kənd təsərrüfatı naziri vəzifəsində daimi qalıb-qalmayacağı məlum deyil, ancaq o məlumdur ki, Sarvan Cəfərovu da çox güman ki, təhlilçilər mərkəzdən gələn əmrlərə tabe olan texnokrat kimi təsnif edəcəklər.