You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda müharibə əleyhinə çağırışçıların həbsi "hökumətə ziyandır"
- Müəllif, İzolda Ağayeva
- Vəzifə, BBC Azərbaycanca
Bu həftə ərzində Azərbaycanda 5 nəfər ictimai fəal və bir jurnalist həbs olunub, yerli media yazır. Onların bəzilərinin Facebookdakı sonuncu paylaşımı hüquq mühafizə orqanlarına dəvət olunmaları ilə bağlı olub. Bu, sentyabrın 19-da Azərbaycanın Qarabağda “antiterror əməliyyatlarına başlamasını” açıqladıqdan sonra baş verib.
“Məni Prokurorluğa çağırıblar. 1 saata xəbər çıxmasa, bilin ki, tutulmuşam”, - sentyabrın 20-də ictimai fəal Əmrah Təhməzov Facebook hesabında yazıb.
Bir gün öncə isə o, eyni hesabında Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldığını yazmışdı. Son 3 gündə Əmrah Təhməzovla birgə, daha 5 nəfər ictimai fəal həbs olunub.
İctimai fəllardan Əmrah Təhməzov, Emin İbrahimov və jurnalist Nurlan Libre informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində Azərbaycan qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ittihamı ilə 30 sutkalıq inzibati həbs olunublar, yerli media yazır. Hüquq müdafiçiləri və vəkilləri isə BBC Azərbaycancaya onların sosial şəbəkədə müharibə əleyihinə status yazdıqlarına görə həbs olunduqlarını bildirib.
İnzibati həbs cəzası alan keçmiş diplomat, fəal Emin İbrahimov Facebookdakı müharibə ilə bağlı sonuncu statusunda "... Mahiyyət odur ki, kölə oldunsa, həmişə ağanı haqlı çıxarmağa məcbursan. Əks halda, azad olmağa çalışmalısan. Kölələr isə həmişə azadlıqdan qorxurlar. Onlara daim öz köləliklərinə don geydirmək lazımdır…İndə də hə, Rusiya Qarabağı bizə verib, özü çıxıb gedəcək. Ölmüşdü xan kişi”, yazıb.
Azərbaycan sentyabrın 19-da Qarabağda “antiterror əməliyyatlarına" başladıqdan sonra hüquq mühafizə orqanları keçirdikləri brifinq zamanı vətəndaşlara bu əməliyyatlarla bağlı sosial şəbəkələrdə etdikləri paylaşımlarında diqqətli olmaq haqda xəbərdarlıq edib.
Müdafiə Xətti təşkilatının hüquq müdafiəçisi Rüfət Səfərov BBC Azərbaycancaya bildirib ki, “bu həftə ərzində Azərbaycanda siyasi motivli repressiv tədbirlər xeyli sıxlaşıb”.
“Çox təəssüf ki, baxırsan ki, sadəcə müharibə əleyhinə statuslar, rəylər yazan, hakimiyyətin hərbi siyasətini qınayan fəallar inzibati həbs olunur. Bu, fikirdir, vətəndaşın hərbi siyasətə münasibəti budur. Buna görə onların inzibati həbs olunması absurddur”, Səfərov bildirib.
30 sutkalıq həbs alan Emin İbrahimovla görüşdüyünü deyən vəkili Aqil Layıc BBC Azərbaycancaya bildirib ki, Baş Prokurorluğun işçiləri İbrahimovun evinə Azərsu ASC-nin işçiləri kimi daxil olub:
“Qapını açan kimi bir neçə mülki geyimli şəxs icazəsiz Eminin mənzilinə daxil olub, onu kobud formada saxlayıblar və Baş Prokurluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsinə ayaqqabısız, corabla gətiriblər. Onun evində qanunsuz axtarış həyata keçiriblər, ailəsinə məxsus HP komputerinin, Samsung və İphone markalı telefonunun, video registratorunun götürülməsi dəqiqdir, digər nələrinsə də götürülmə ehtimalı var. Götürülən əşyalar qaytarılmayıb. Onu “terroru dəstəkləməkdə” ittihamları ilə üz-üzə qoyublar”.
Vəkil BBC-yə bildirib ki, “məhkəmə Emin İbrahimovu yayılması qadağan olunan informasiyanı yayma maddəsi ilə əsassız yerə həbs edib”.
“Özü iddia edir ki, həbsinin səbəbi fikrini və tənqidini sosial şəbəkələrdə yaymaq olub. O fikirlər bu gün də onun hesablarında mövcuddur və orada hansısa terrorun dəstəkləməsindən qəti söhbət gedə bilməz. Emin bəy saxlanma şəraitindən və prokurorluğun inzibati binasında ona olan rəftardan narazı deyil”, Aqil Layıc BBC-yə bildirib.
BBC ittihamlarla bağlı Baş Prokurorluğa sorğu göndərib. Hələlik cavab almayıb.
"Hökumətin özünə ziyandır"
Deputat Zahid Oruc BBC Azərbaycancaya deyir ki, o, “fikir məkanında hər cür mövqelərin səslənməsinin tərəfdarıdır". Amma:
“Bu, mənəvi məsələdir ki, müharibə gedən zaman bir milli birlik tələb olunur. Həmin adamlar müharibənin əleyhinə olmaqla, torpaqlarımızın işğalda qalmasını istəyirlərmi? Əminəm ki, xeyr, amma ola bilər ki, fərqli fikiləri var. Sadəcə bildirmək istəyirəm ki, belə məqamlarda hüquq mühafizə orqanlarının məsələyə həssas yanaşması başa düşülməlidir”.
Hüquq müdafiəçisi Rüfət Səfərov BBC deyir ki, “Azərbaycan hökumətinin müxalif fikirli şəxsləri təqib etməsi onun özünə ziyandır”.
“Bu dəqiqə bütün dünyanın diqqəti Qafqazdadır, dünyanın bir nömrəli siyasi mərkəzi BMT-də bizim məsələmiz müzakirə olunur. Biz isə ölkənin daxilində insan hüquq və azadlıqları ilə bağlı hansısa islahatlara getmək əvəzinə, ölkə daxilində müxalif, alternativ fikir səsləndirən adamları təqib etməyə başlamışıq. Şübhəsiz ki, işğal olunmuş torpaqlarımız azad edilməli və suverenliyimiz bərpa olunmalıdır. Biz dövlət olaraq erməni icmasına haqlarınız və hüquqlarınız qorunacaq, Azərbaycan cəmiyyətinə reinteqrasiya olunacaqsınız deyə, vədlər veririk. Anlaya bilmirəm ki, belə bir həssas məqamda biz bu həbslər, təqiblər, bəzən də psixoloji basqılarla vədlər veririk? Bu ki, absurddur”, Rüfət Səfərov bildirir.
Deputat Zahid Oruc isə BBC-yə deyir ki, “Xankəndidə yaşayan ermənilərlə bağlı Azərbaycanın daxilindəki dövlət vətəndaş münasibətlərindəki hüquqi və siyasi azadlıqlarında müəyyən problemlərin bir arqument kimi səslənməsi gözləniləndir”.
“Amma qarşı tərəfin bu separatizmini, işğalını demokratiyanın azlığı və ya çoxluğu doğurmayıb. Belədirsə, çıxsın hansısa Qarabağ ermənisi desin ki, mən Azərbaycan vətəndaşlığını qəbul etməyə hazıram, amma onun daxilindəki demokratiya problemlərindən narazıyam”, deputat bildirib.