Azərbaycanın ilk kazinosu "ölkənin ən dindar" kəndində tikilir

Şəklin mənbəyi, AzTV
Prezidentin keçmiş kürəkəni Emin Ağalarov Azərbaycanın ilk, Avropanın ən böyüyü olacaq kazinosunu Bakının Nardaran qəsəbəsinin yaxınlığında tikdirir.
Video açılmırsa, YouTube səhifəmizdə izləyin.
Nardaranın Azərbaycandakı ən dindar, mühafizəkar kənd olduğu deyilir.
Bu kənddə uzun müddət onlarla kütləvi etiraz aksiyaları olub.
Kənd ilə hakimiyyət arasında uzun illər siyasi baxış fərqliliyi hökm sürüb.
BBC-yə danışan təhlilçilər deyir ki, polis 2015-ci ildə Nardaranda terror əlehinə olduğu deyilən əməliyyat keçirib və ondan bəri qəsəbəni tam nəzarətə götürüb.
Həmin əməliyyat nəticəsində yeddi nəfər ölüb, onlarla insan uzunmüddətli həbs edilib. Hələ də kəndin ərazisində polis postları var.
Bundan başqa, yerli sakinlər deyir ki, Nardaranda bir neçə nəfər bir yerə toplaşan kimi dərhal polisin diqqətini cəlb edir.
BBC-yə danışanlar deyir ənənəvi görüş yeri olan çayxanalar artıq 10 il əvvəl bağlanıb.
Ancaq Emin Ağalarovun kazino layihəsi, demək olar, Nardaranda ciddi etirazlarla qarşılanmayıb.
Yerli sakinlər deyirlər ki, bəzi yerli gənclər kazinonun da içərisində olacağı Sea Breeze-in tikintisində işləyirlər, onların təbirincə, "başsız gəzmirlər".
Sea Breeze-dən BBC-yə bildirib ki, kurort ərazisində hazırda da Nardaran sakinləri çalışır və gələcəkdə də burada işləyənlərin təxminən10 faizi yerli sakinlər olacaq.






