"Əziz Emin, bu Xəzər deyil, su içdiyimiz anbardır" - özbəkistanlılar

Özbəkistan Azərbaycan iqtisadiyyat Sea Breeze Emin Ağalarov RUSİYA Ağalarov Development

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Özbəkistanın Çarvak su anbarı

İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun Sea Breeze Özbəkistan layihəsi aylardır bir sıra özbəkistanlını narahat edib.

Belə ki, Daşkənd yaxınlığında yerləşən Çarvak su anbarı ətrafında tikiləcək layihədən narazı sosial media istifadəçiləri #savecharvak və digər həştəqlərlə narazılıqlarını yazırlar.

Bir Daşkənd sakini yazır ki, "Əziz Emin, bu, dəniz deyil, bu, biz daşkəndlilərin su içdiyi anbardır".

Çarvak su anbarı 3,5 milyon əhalisi olan Daşkəndi içməli suyla təmin edir.

Yerli mediaya danışan ekspertlər, təxminən, 700 hektara yaxın ərazidə tikiləcək, akva-parkları da ehtiva edən belə nəhəng bir layihənin risklərinin hesablanmasını və nəticələrin ictimaiyyətə açıqlanmasını tələb edirlər.

Yerli media həm də yazır ki, Daşkəndin 60 kilometrliyində yerləşən və təxminən 100 kilometr ərazini əhatə edən Çarvak su hövzəsi təkcə xarici turistlər üçün deyil, elə yerli turistlərin də isti yay günlərində ciblərinə uyğun sevimli istirahət yeridir.

"Hə, hə, əlbəttə. Varlılar üçün daha bir yer açın. Adi adamlar da kənardan heyran-heyran baxsın", - daha bir istifadəçi yazıb.

Digəri yazır "Özbəkistan qədimliyi ilə məşhurdur və onlar (yəni, turistlər) buraya qədim gözəlliyi görmək və mətbəxi dadmaq üçün gəlirlər. Qutuya bənzər, şüşə ilə üzlənmiş müasir binaları görmək üçün yox".

Ağalarovun bu layihəsini bəyənib-dəstəkləyən sosial media istifadəçiləri də var.

Azərbaycan əsilli iş adamı Emin Ağalarov bir müddətdir ki, Xəzər dənizinin paytaxt Bakıya yaxın ərazisində Sea Breeze adlı layihəsini istifadəyə verib.

Özbəkistan mediası yazır ki, Daşkəndin Bostanlıq rayonunda yerləşən Çarvak su anbarı hövzəsi ətrafında 1 kilometr uzunluqda salınacaq Sea Breeze Özbəkistan layihəsi təxminən 10 milyard dollar dəyərində qiymətləndirilir.

Bu arada Bakıda Özbəkistan parkının təməli qoyulub. Parkda Özbəkistanın tarixi şəhərləri Səmərqənd, Buxara və digərlərinin bənzəri yaradılacaq. Bəzi sosial media istifadəçiləri iddia edir ki, bu park Emin Ağalarovun Özbəkistandakı layihəsinin əvəzində yaradılır.

Video açılmırsa YouTube kanalımızda izləyin.