BBC-nin İmişlidən reportajı: polisin məktəblilərin ölümü ilə nəticələnən yol qəzasından sonra

- Müəllif, Səadət Akifqızı və Fərid Həsənov
- Vəzifə, BBC News Azərbaycanca
İmişlinin Yalavac kəndinə girəndən az sonra bizi qərənfillərə bürünmüş hasar qarşılayır.
Yanvarın 18-də burada yol polisinin onun yoluna çıxan maşınla toqquşması nəticəsində baş vermiş qəzada iki azyaşlı həlak olub, ikisi yaralanıb. Yaralılardan biri, vəziyyəti ağır olan məktəbli Məhbubə Əlizadə qəzadan bir neçə gün sonra, yanvarın 22-si gecəsi müalicə aldığı xəstəxanada vəfat edib. Uşaqların hamısı Yalavac kəndindədilər.
"Mənim bəxtimə bax, biri sağımda, biri solumdadı, qonşularımdı. Məhbubə Ayanla bir sinifdəydi. Bir yerdə gedirdilər məktəbə", - qəzada həyatını itirən 4-cü sinif şagirdi, evinin sonbeşiyi, iki qardaşın tək bacısı Ayanın anası Könül Məmmədova bizə danışanda nalə çəkir.
Məhbubə qəzada yaralandıqdan sonra Bakıya, xəstəxanaya aparılıb və süni nəfəs aparatına qoşulub, amma həkimlər onun həyatını xilas edə bilməyiblər. O doğulandan sonra anasını itirib, bibisi böyüdürmüş. Qəzada həlak olan Zümrüd isə 6-cı sinifdə oxuyurmuş.
Könül qızının saçlarını yığdığı bəzəkli bir rezini əlində oxşayır, telefonunda şəkillərinə baxır, "balam" deyir ağlayır. O gün yəqin ki, ömrünün axırına kimi yadından çıxmayacaq.
"Neçə gün idi xəstəydi, həmin gün dedi ki, hazırlıqdan imtahanım var, getməliyəm. Nə qədər elədim, getmə, dedi, ana, istəyirsən, geri qalım? Müəlliminə zəng elədim, o da dedi ki, istəyirsən, gəlmə, Ayan, gələn həftə gələrsən, yazarsan. Yenə dedi ki, gedirəm. Özü də heç vaxt səhərlər yemək istəməzdi, bu dəfə istədi", - Könül sonuncu dəfə qızını necə yola saldığını xatırlayır.

Şəklin mənbəyi, sosial media
Qəza günorta saatlarında olub. Daxili İşlər Nazirliyi kamera görüntülərini yayıb. Qəza törədən yol polisinin sirena və işıqlarını yandırdığını bildirib. Kamera görüntülərində maşının magistral yolda sürətlə hərəkət etdiyi görünür. Yolayrıcında qarşısına çıxan başqa bir maşınla toqquşaraq idarəetməni itirir və səkidə dəstəylə gedən uşaqları əzir.
Qəzadan sonra hadisə yerindən çəkilən kadrlar qandondurucudur: bayaq topa halda olanlar indi bir-birindən uzaqda sərilib qalıb.
''Balam öz yolu ilə gedirdi''

"Balamın üzü tanınmaz halda olub. Qoymadılar baxım, elə axşam da dəfn elədilər", - Könül ağlayır.
Qəzada həlak olan uşaqlar həmin gün axşam dəfn edilib.
Uşaqlar məktəbə maşınla getsələr də, bəzi hallarda piyada qayıdırmışlar. Məktəb onların yaşadığı yerdən aralıdadı, uşaqlar bu yolu piyada 30-40 dəqiqəyə gedirmişlər.
"Balam öz yoluyla gəlirmiş, balamı öz yolunda vurublar, maşın yoluna çıxmayıb ki!" - deyə Könül əllərini dizinə çırpır.
"Eşitdim, Məhbubənin bibisiylə əmisi arvadı qaçır. Çıxdım yola ki, niyə qaçırsız. Dedilər ki, Məhbubəni maşın vurub. Necə bərk qaçdımsa, onları keçdim. Elə onda da fikirləşdim ki, Aykanı vurmayıb, onun adını çəkmədilər axı. Amma sonra fikirləşdim ki, onlar bir gedib bir gəlirlər axı…" - Könül həmin günü xatırlayır.

Şəklin mənbəyi, sosial media
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Haraya qaçan təkcə onlar olmayıb. Eşidib-bilən hər kəs hadisə yerinə gedib. Hadisə ora yığışmış insanları qəzəbləndirib. Elə həmin gün sosial mediada yayılan görüntülərdə bir gəncin qəza törətmiş yol polisi maşının üstünə çıxaraq onu təpiklədiyini, sonra isə bir neçə şəxsin maşını aşırdığı görünür. Burdan sonra insanlar rayon mərkəzinə doğru, İmişli rayon Polis idarəsinin qarşısına yürüş edirlər.
"Dörd kilometr yol gəliblər. Polisə etiraz edirdilər", - bizimlə söhbətdə rayon sakinlərindən biri deyir.
Soruşuruq ki, insanlar niyə bu qədər qəzəblənmişdilər. Müsahibimiz deyir ki, polis sakinləri incidir.
"Polis uzun müddətdir camaata qarşı aqressiv davranır. Məsələn, kənddə yaşayan birinin köhnə bir maşını var, mal-qarasına gedir, kəndin içində sürür, kasıb bir adamdı. "Tras"a (magistral yol -red.) çıxan kimi polis gəlib yaxasından yapışır. Kəndlərə gedib adamlara cərimə yazırlar. Camaat güclə dolanır", - o deyir.
İmişlidə olduğumuz saatlarda müşahidə edirik ki, yol polisi post-patrul xidmətinin maşının müşayiəti ilə gəzir.
İmişlidə polis gücləndirilmiş iş rejimindəmi çalışır? Daxili İşlər Nazirliyi bu suala cavab verməyib.
Hadisə baş verən günü İmişliyə DİN-in daxili qoşun qüvvələri cəlb edilib, bunu yerli media həmin günü yazmışdı. Sosial mediada yayılan görüntülərdə küçədə zirehli polis maşınlarının dayandığı görünür. Amma zirehli texnika gecə ilə oranı tərk edib, İmişlidə həmsöhbət olduğumuz şəxslərdən biri BBC-yə deyib.
Daxili İşlər Nazirliyi hadisədən bir gün sonra yaydığı xəbərdə bildirib ki, ictimai yerdə "törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib". DİN-in yaydığı fotoda saxlanan şəxslərin 9 nəfər olduğu görünür, amma bu şəxslərin hansı xuliqanlıq hərəkəti törətdiyi, qəzadan sonrakı aksiya ilə əlaqəsi olub-olmadığı açıqlanmır.
Daxili İşlər Nazirliyi BBC Azərbaycancanın bununla bağlı suallarına cavab verməyib.

"Balam ölən gündən bəri valideynlər, qohum-əqrəba gəlib qapıma ki, oğlumu, ərimi aparıblar, gedin xahiş edin, buraxsınlar. Çoxu qızımın sinif yoldaşlarının atasıdır. Qoyun kimsə ürəyində az da olsa, bulandırmasın ki, mən getdim o baladan ötrü… indi burada zülm çəkirəm. Niyə camaatın balasını aparıb içəri atırlar? Dövlət dəmirinin qədrini bilir, amma balamın qanını asfaltda qoyur? Balamın qanını keçmərəm, qanun nədi onunla gedəcəm", - deyə Könül saxlanan şəxslərin sərbəst buraxılmasını istəyir.
"Qoyun balam orda rahat yatsın", - o deyir.
Yalavac kəndində saxlanan bir neçə şəxsin yaxınları ilə görüşürük.
"İki balası var, məktəbə aparıb-gətirmək lazımdır. Kim aparacaq? İşləyib çörəyini qazanırdı, balasını saxlayırdı, məni saxlayırdı. Aparıb içəri soxmusan, bəs mən nə yeyim, uşağı nə yesin?" – Kəklik Rzayeva deyir. Saxlananların arasında onun da oğlu var.
"Oğluma zəng gəlib ki, maşın uşaqları xışdayıb. Elə bilib öz balalarıdır. Qaçıb. Gedib görüb ki, uşaqlar yerə sərələnib", - o deyir.
Saxlananlar arasında yaxını olan Əntiqə İbrahimova qəzadan sonra yaranmış mənzərəni təsvir edir və deyir ki, hadisə yerinə gedənlərə gördükləri dəhşətli mənzərə pis təsir edib və onları qəzəbləndirib.
"Bu cavanlar da hirslərini bilməyiblər nədən alalar, dəmiri vurublar. Dəmiri vurmaqla adamları aparıb salarlar dama? İş verərlər? Dəmir əzildi, bəs uşaq öldü, qaytara bilərsən?" - Əntiqə İbrahimova əlavə edir ki, Könülgilin "əlindən-ayağından öpüblər" ki, onlar yaxınlarının sərbəst buraxılması üçün dövlət qurumlarından xahiş etsinlər.
"Dolanışıq yoxdu, hamı güclə dolandırır ailəsini-uşağını. Belə zülm olmaz axı hökumət bizə edir, - o ağlayaraq sözünə davam edir, - gedirik [polis idarəsinə], deyirlər, dəmiri əzib, cəzasını çəkəcək".

İmişlidə taksi sürən Qalib Baxışov qəzayla bağlı fərqli düşünür. "Görünməyən bir yol qəzasıdır, instintaq öz işini görür. Bəzi savadsız uşaqlar başa düşmürlər ki, polisin maşını bizim bayrağımız deməkdir, ona əl vurmaq olmaz. Polisin maşınını aşırmaq olmaz, qəti olmaz. Polis bizi qoruyur, hökumətimizi qoruyur", - o deyir.
Baş Prokurorluq çərşənbə axşamı bildirib ki, bu yol qəzasına görə, yol polisinin qarşısına çıxan avtomobilin sürücüsü saxlanıb. 17 yaşlı yeniyetmə yol qəzasında iki nəfərin ölümü, digərinin ağır yaralanmasına səbəb olmaqda ittiham edilir. Ona həm də başqa bir maşını talama məqsədi olmadan ələ keçirmək ittihamı verilib. Yeniyetmənin sürücülük vəsiqəsi olmayıb. Onun bu ittihamlara münasibəti bəlli deyil.
Qəzada xəsarət almış yol polisinin vəziyyəti barədə BBC məlumat əldə edə bilməyib. İmişli xəstəxanasından yalnız onu deyiblər ki, polis Bakıya göndərilib. TƏBİB-dən isə polisin onun tabeliyindəki xəstəxanalarda olmadığı bildirilib.
Yol polisinə qəzaya görə hər hansı ittiham irəli sürülüb-sürülmədiyi bəlli deyil. BBC Baş Prokurorluqla əlaqə saxlaya biıməyib.

…Yalavac kəndinin məzarlığında əklillərlə bəzənmiş yeni məzarların birində məktəb çantası, o birində oyuncaqlar var. Ayan və Zümrüd arxada qalanlardan, olanlardan xəbərsiz burada uyuyur. İndi burda daha bir məzar olacaq: balaca Məhbubə üçün.






