İmişlidə polisin yol qəzası: xəstəxanadakı uşaq da vəfat edib

Yol polisinin İmişlidə törətdiyi qəza
Şəklin alt yazısı, Soldan sağa 4-cü sinif şagirdləri Məhbubə və Ayan yol qəzasında həyatlarını itiriblər
    • Müəllif, Səadət Akifqızı
    • Vəzifə, BBC News Azərbaycanca

Yanvarın 18-də İmişlidə yol polisinin törətdiyi qəzada yaralanmış məktəbli həyatını itirib. Bu barədə BBC-yə TƏBİB-dən bildiriblər.

Bununla da qəzada 3 məktəbli həyatını itirib.

Baş Prokurorluq yol polisinin qarşısına çıxan maşının sürücüsünün saxlanıldığını bildirib. Yol polisinin özünə isə hər hansı ittiham irəli sürülüb-sürülmədiyi bəlli deyil.

İmişlidə yol polisinin törətdiyi qəzadan sonra keçirilmiş etirazlarda 9 nəfər saxlanıb.

Hadisə sakinləri qəzəbləndirib. Bir gün sonra Daxili İşlər Nazirliyi bildirib ki, İmişlidə "ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib".

"Dövlət dəmirinin, əşyasının qədrini bilir, amma balamın qanını asfaltda qoyur? Balamın qanını keçmərəm! Qanunla gedəcəm. Görüm o dövlət qurumundakıların birinin balasını mənim balam, yoldaşım, qardaşım vursa, vallah mənim nəslimi-kökümü qaşımışdılar", - qəzada ölən 11 yaşlı Ayan Məmmədovanın anası Könül Məmmədova BBC-yə deyib.

Saxlanılanların yaxınları hadisədən sonra etiraz edənlərdən saxlanılan doqquz nəfərin azad olunmasını istəyir.

Saxlanılanların yaxınları BBC-yə bildiriblər ki, qəza olan yerdə yaşayanlar qohum olublar və ona görə də "insanlar emosiyalarını cilovlaya bilməyib sərt reaksiya veriblər".

Könül Məmmədova bildirib ki, saxlanılan şəxslər onun övladına görə üsyan ediblər.

Onun sözlərinə görə, dövlət "günahsız həbs olunanları azad etməlidir"

Videoya Youtube kanalımızda baxa bilərsiniz.

Yol qəzası necə baş verib?

İmişli qəza yol polisi

Şəklin mənbəyi, Sosial media

Yanvarın 18-də İmişlinin Abbasqulu Şadlinski küçəsində yol polisi maşınının başqa bir maşınla toqquşması nəticəsində törədilən qəza nəticəsində iki məktəbli həlak olub, azı 2 nəfər xəsarət alıb, onların da azyaşlı olduğu bildirilir.

Bəzi yaralıların vəziyyəti ağır qiymətləndirilir, TƏBİB yerli mediaya bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı videoda sirenasını qoşaraq sürətlə gedən yol polisi maşını yolayrıcında yolun ortasına qədər çıxmış bir avtomobilə toxunaraq sağ tərəfə yönəlir və səkiyə çıxaraq ordakı uşaqları əzir.

Sosial mediada yayılan videolarda nə var?

İmişli yol polisi qəza

Şəklin mənbəyi, sosial media

Hadisədən dərhal sonra çəkilmiş bir videoda yerə sərilmiş adamlar və huşunu itirmiş yol polisi var. Bu kadrları çəkən adamın hadisədən şok olduğu hiss olunur. Onun "bu nə sürət idi" dediyi eşidilir.

Yayılan digər görüntülərdə hadisə yerinə insanların toplaşdığı, onların qəzəblə qışqırdığı görünür.

Bir videoda gənc bir adamın qəzaya uğramış yol polisi maşının üzərinə çıxaraq onu təpiklədiyi görünür. Başqa videolarda bir neçə mülki şəxsin polis maşınını çevirir.

Hadisə yerinə gələn polislər insanları uzaqlaşdırmağa çalışır.

Başqa bir videoda İmişli rayon polis idarəsinin qarşısı olduğu deyilən yerə çoxlu insanın yığışdığı görünür.

İmişli qəza yol polisi

Şəklin mənbəyi, sosial media

Polisin yol qəzası sakinləri niyə qəzəbləndirib?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İmişli sakinləri BBC-yə bildirib ki, insanlar məmur özbaşınalığından, kasıbçilıqdan, yol polisinin qayda-qanuna əməl etməməsindən beziblər və bu qəza isə onların səbrini daşırdıb.

BBC Azərbaycanca Daxili İşlər Nazirliyi və yerli icra orqanları ilə əlaqə saxlaya bilməyib.

Hadisə zamanı həyatını itirən azyaşlılardan birinin valideyni Taleh Məmmədov Abzas mediaya deyib ki, insanlar məktəb yolunda sürətlə maşın sürülməsinə qəzəbləniblər. "11 yaşında qızımı öz əlimlə aparıb torpağa qoydum, bunu görən millət, əlbəttə ki, ayağa qalxmalı idi", - o, müsahibəsində deyib.

Polislə sadə sakinlər arasında bu, ilk toqquşma deyil.

Bundan əvvəl, Gədəbəyin Söyüdlü kəndində və Saatlıda ekoloji və su probleminə görə etiraz edən sadə kəndlilər polis zorakılığı ilə üzləşmişdi. Polis Söyüdlüdə yaşlı qadınların üzünə gözyaşardıcı qaz sıxılmış, Saatlıda isə rezin güllələrdən istifadə etmişdi.

Ölkə başçısı İlham Əliyev çıxışlarında hər zaman polisi müdafiə edərək "polisə ləkə" vurmağa "imkan verməyəcəyini" bildirib.

Yol qəzasından sonra nə olub?

DİN hadisədən bir gün sonra, yanvarın 19-da yaydığı məlumatda açıqlayıb ki, "İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib".

Amma xəbərdə bu şəxslərin yol qəzasına etirazla bağlı olub-olmaması açıqlanmır. Azərtac-ın yaydığı fotoda həbs edilənlərin 9 nəfər olduğu görünür.

Yerli müstəqil media saxlananların sayının daha çox olduğunu yazır.

Azərtac bildirir ki, qəzada yol polisi də xəsarət alıb.

İmişli rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.