Sabirabad sakinlərinin etirazı: “Su olmayandan sonra torpağı neyləyəcəyik?”

BBC

Sabirabad Çöl Beşdəli
Şəklin alt yazısı, Çöl Beşdəli sakinləri su problemi ilə bağlı danışır

Sabirabad rayonunun Çöl Beşdəli kənd sakinlərini çöllərə salan “iki aydır ki, davam edən su problemidir”. Adının etimalogiyasına görə “kənarda olan” mənasını verən bu kənd indi “sözün həqiqi mənasında diqqətdən kənarda qalıb”, sakinlər BBC News Azərbaycancaya deyirlər.

Üç minə yaxın əhalisi olan, Muğan düzündə yerləşən Çöl Beşdəli sakinləri artıq 2 ildir ki, yay aylarında “suya həsrət qalmaqdan” şikayətçidirlər.

Cümə günü kəndin bəzi sakinləri “aidiyyatı qurumlar iki aydır davam edən su problemini həll etmədiyi üçün” magistral yolu bağlamağa cəhd edib.

Amma polis onları aksiya keçirmək fikrindən daşındırmağa nail olub və kənd sakinləri BBC-yə bildiriblər ki, yerli rəsmilər su probleminin həll olunacağı ilə bağlı vəd veriblər:

“İki gün vaxt istədilər. Bu iki günü də dözək, görək necə olacaq”, - Zaur Azayev BBC-yə bildirib.

“Yalandan “ suyunuz gələcək” vədi verirlər”

“Əvvəllər yenə şor suları ilə əkin sahələrimizi sulayırdıq, indi heç o da yoxdur. Bütünlüklə quraqlıqdır”, - deyən 38 yaşlı kənd sakini son iki ayda tamamilə susuz qaldıqlarını söyləyir.

“Qonşu kəndlərdən, Şirvan şəhərindən 20 litrlik qablarda içməli su alırıq, onunla yaşayırıq. Bizdən qabaqkı kəndlərdə beton su qurğularının kənarlarından sahələrə su vermək üçün əlavə qazıntı ediblər, buna görə də kanalın bizə tərəf gələn istiqamətinə su gəlib çıxmır. Mal -heyvan, toyuq-cücə, özümüz içməyə su tapmırıq”, o əlavə edir.

Kənd sakini Zamiq Məmmədov dəfələrlə icra başçısının qəbulunda olduğunu, amma hələ də şikayətinin nəticəsiz qaldığını deyir:

“Ona da, müavininə də demişəm ki, mənim yaşadığım kəndə su gəlmir. Özüm də 44 günlük müharibə iştirakçısıyam. Qaziyəm. Qəbulda icra başçısı dedi ki, sizin kənd su ilə təmin olunacaq. Həmin sözün üzərindən bir həftə keçib, amma xəbər yoxdur”.

“Ağaclarım qupquru yanıb vallah”, - kənd sakinlərindən biri gileylənib.

"Su olmayandan sonra, torpağı neyləyək?”, digər deyir.

Kişilər

Şəklin mənbəyi, Həvəskar çəkilişi

“Mən heç bələdiyyə sədrinin üzünü görməmişəm”

Onlar həm də bələdiyyə sədrinin fəaliyyətsizliyindən şikayətlənirlər.

“Mən heç bələdiyyə sədrinin üzünü görməmişəm. Hardadır? Gəlsin də bura”, - kənd sakini deyir.

Başqa bir kəndli isə “Hardadır? Nə vaxt sonuncu dəfə gəlib bizimlə görüşüb” -deyə sual edir.

BBC News Azərbaycancaya danışan Çöl Beşdəli kənd bələdiyyəsinin sədri Zəminə Əliyeva şikayətləri əsassız sayır, deyir ki, kəndə suyun verilməsi “2 ay yox, 2-3 gündür gecikir”.

“Mən hər gün camaatın içində oluram. Ərazilərdə bizim suduruldan qurğularımız var. Mən də əhaliyə içməli su verilməsi üçün həmin qurğulara vaxtaşırı nəzarət edirəm. Mən bu yaşımda dəfələrlə o tikanlıq yolla piyada həmin kanalın mənbəyinə getmişəm. Amma mənbəyində su olmadığına görə, içməli su vurdura bilmədim. Bu isə heç iki gün çəkmədi. Amma elə şey olar ki, 2 ay su gəlməsin, biz də əlimizi qulağımızın dibinə qoyub oturaq?”

“Ora dərhal içməli su göndərdik”

Çöl Beşdəli kəndini içməli su ilə təmin etməli olan “Azərsu” ASC-dən BBC-yə deyiblər ki, problemi həll edəcəklər:

“Şikayətlə bağlı məlumatı sizdən alıb araşdırma aparmışıq. Bu gün (iyulun 21-də - red.) kəndə bir maşın içməli su göndərmişik. Suvarma kanalına su gələnə qədər kəndə hər gün maşınla içməli su göndəriləcək”, -qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, suvarma kanalına su gələndən sonra evlərə içməli suyu bərpa edəcəklər.

 “Bir maşın su kimi görəcək?

Kənd sakinlərinin axşam saatlarında BBC-yə bildirdiyinə görə, “Azərsu” kəndə yalnız bir gün içməli su göndərib, bu gün isə su maşını gəlməyib. Üstəlik onu da deyirlər ki, üç min sakini olan kənd üçün bir maşın su yetərsizdir.

“Bu su heç kəndin bir tərəfinə çatmayacaq. Yaxşı, biz bu suyu içdik, bəs yazıq mal-heyvan nə içsin? Həyət-bacada nə işlədək?”

“...əks halda bəzi kəndlər tamamilə susuz qala bilər”

İzdiham

Şəklin mənbəyi, Həvəskar çəkiliş

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Kəndin su problemi ilə məşğul olan Sabirabad Suvarma Sistemləri İdarəsinin müdir müavini Alim Mürşüdov isə BBC News Azərbaycancaya deyib ki, camaatın etirazına səbəb verilən suyun qrafikidir.

Onun sözlərinə görə, iki ay ərzində hər 15 gündən bir kəndə su verililib:

"Kənd bu qrafik ilə barışmaq istəmir. Bizim rayonun bəzi kəndlərində yay fəslində yaranan vəziyyət suyun qrafiklə verilməsini tələb edir, əks halda bəzi kəndlər tamamilə susuz qala bilər. İyunun sonundan biz qrafik təyin etmişik, Çöl Beşdəlinin növbəsi indi çatıb, bu gün də onlara su vermişik”.

Alim Mürşüdov deyir ki, problemin qaynağı bölgədə su mənbələrinin çatışmazlığıdır.

 “Statistikaya görə, Sovet dövründə bizim rayon 80-90 faiz Araz çayından qidalanıb. İndi ordan bizə su gəlmir, rayon 100 faiz Kür çayından qidalanır. Ona görə də yay aylarında suyu qrafiklə bölürük ki, hamıya çatsın. Hazırda Çöl Beşdəliyə suyun verilmə intervalı 10-12 gün arasıdır”.

Alim Mürşüdov söyləyir ki, təmsil etdiyi qurum yaxın həftələrdə Kür çayı üzərində yeni qurğu quraşdıracaq və onun vasitəsilə 5 min hektar ərazinin suvarma suyuna olan tələbatı yaxşılaşdırılacaq.