Qarabağdan qaçan ermənilərin hekayələri - Ağacanyanlar ailəsi

Qarabağ qaçqınları

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ermənistanın Qoris şəhəri yaxınlığında məskunlaşan Ağacanyanlar ailəsi Qarabağı 2023-cü ildə birdədəlik tərk etməli olublar.

Onlar BBC Azərbaycancanın müxbirinə hazırki şəraitlərindən danışıblar. Bəs, Ağacanyanlar ailəsi Qarabağa qayıtmaq istəyirlərmi?

"Mən Stepanakertdə anadan olmuşam. 3 yaşımdan Şuşaya köçmüşdük. Atam orada işləyirdi. Öz evimiz var idi, atam almışdı. Burada evlənib, burada 2020-ci ilədək yaşamışıq", - Lilit Ağacanyan deyir.

Qarabağ erməniləri Xankəndini "Stepanakert" adlandırır.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda baxın

Qarabağ qaçqınları , qarabağ erməniləri

Ağacanyanlar ailəsinin 7 uşağı var. Uşaqların hamısı Qarabağda doğulub, yalnız sonbeşiyi Ermənistanda dünyaya gəlib.

İkinci Qarabağ müharibəsindən sonra onlar Ermənistana köçüblər. Bir müddət Qoris yaxınlığında qohumlarının evində yaşayıb, sonra Ermənistanın başqa bölgəsində ev kirayələyiblər.

"5 aydan sonra yenə Stepanakertə qayıtmışıq. 22-ci ildə bizə mənzil verilənə kimi, 2 il kirayədə yaşamışıq. Sonra bizə çoxuşaqlı ailə kimi təzə tikilən binalarda 4 otaqlı mənzil veriblər. Hər şeyi öz yerində, mebeli içində", - Lilit Ağacanyan deyir.

2023-cü ildə sentyabrın 30-da onlar bir də Qarabağı tərk etməyə məcbur olublar. Və o vaxtdan Qorisin yaxınlığındakı Teğ kəndində kirayə tutduqları evdə yaşayırlar.

"Buradan heç bir yerə getmək istəmədik. Ümid edirdik ki, balalarımızla yenə Qarabağa qayıdacağıq", - Lilit deyir.

Yaşadıqları evdə şərait də yaxşıdır, kirayə haqqı da böyük deyil. Ailənin 5 uşağı məktəbli, böyük oğlu isə tələbədir. O, hər gün Qorisə gedib, gəlir. Məktəbə, uşaqların inkişafına görə şəhərdə yaşamaq istərdilər, lakin, məsələn, Yerevanda neçə yerdə soruşublarsa, ən ucuz ev kirayəsi 250 min dram (1000 manatdan çox) olub.

Qarabağ qaçqınları , qarabağ erməniləri

O deyir ki, ərinin səhhətində problemləri var, ağır fiziki iş görə bilmir.

"Özü hərbi qulluqda olub. Bura təzə gələndə hərbi korpusa işə götürmüşdülər, lakin sonradan Ermənistan qeydiyyatı olmadığına görə işdən çıxarıblar. İndi vətəndaşlıq almaq üçün sənədlərini verib. Cavab gözləyirik", - Lilit deyir.

"Təzə gəldiyimiz zaman dövlət tərəfindən hər ailə üzvünə 50 min dram verilirdi. 3-4 ay olar ki, bu yardımı kəsiblər. Təkcə uşaqların hər birinə 30 min dram verirlər. Başqa müavinət də vermirlər. 7 uşağa verilən 210 min drama bir təhər dolanırıq. Kommunal xərcləri, ev kirəsi və sairə ödəyə bilirik..."- o əlavə edir.

"Üzü qışa gedir, odun da almaq lazımdır. Bir kub metrin qiyməti 23-25 min dramdır. İndi hələ qar yağmayıb, ucuz qiymətə, 23 minə, alırıq. Qar yağandan sonra 30-32 minə qalxacaq. İndi neçə ki ucuzdur, qış üçün də almaq olardı", -Karen Ağacanyan deyir.

Qarabağ qaçqınları , qarabağ erməniləri

"Burada yerli əhalinin bizə münasibəti yaxşıdır, biz doğmaları kimi qəbul edirlər. Biz bu kənddə özümüzü yad saymırıq.

Amma olur ki, ermənistanlı-qarabağlı deyərək ayrı-seçkilik edirlər. Bu, çox ağrılı haldır. Çünki hamımız bir millətik. Ancaq burada hələ belə şey görməmişəm ki, yerli-qarabağlı deyələr. Mən Qarabağda doğulub, qarabağlı olmağımla fəxr edirəm. Balalarımın hamısı da Artsaxda doğulub, ən kiçiyindən başqa. O, Qorisdə doğulub", - Lilit danışır.

Gələcək üçün hələ bir plan qurmurlar. Burada yaşamaq, uşaqları ayağa qaldırmaq, sonrasını sonra fikirləşərik deyirlər.

"Mən indi sənədlərimi vermişəm, cavab gözləyirəm. Pasport alıb, yenə öz hərbi xidmətimə qayıtmaq istəyirəm. İstəyərdim ki, uşaqlarım şəhər məktəbində oxusun, orada müxtəlif dərnəklər, uşaqların inkişafı üçün şəraitlər var", - Karen deyir.

Qarabağ qaçqınları , qarabağ erməniləri

Soruşuram: Qarabağa qayıtmaq istəyirlərmi. "Təsəvvür edin ki, sizi geri çağırırlar, deyirlər: gəlin burada yaşayın".

"Əlbəttə, bəli. Azərbaycanlı olmasa. Görüntülər var ki, onlar Qarabağda qalan erməniləri lağa qoyub, gülürlər, alçaldırlar... Onlarla yaşamaq qorxuludur. Gərək uşaqları arxayın məktəbə, həyətə buraxa biləsən.

Qayıtmağa imkan olsa, desələr ki, qayıtmaq olar, birinci qayıdan mən olaram. Uşaqlarımla bir yerdə", - Lilit deyir.

Soruşuram: Bəs Karen nə düşünür? Qayıtmaq istəyirmi?

Qayıdarıq. Lilit dediyi kimi. Təkcə dörd divarı, üstü açıq ev versələr belə, gedərik. Çadırda da yaşayarıq, təki öz torpağımızda, ata-babalarımızın qəbirlərinə baş çəkə bilək", -Karen belə cavab verir.

Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinə reinteqrasiya planı təqdim edib və bildirib ki, Qarabağa qayıtmaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər.