You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
19-20 sentyabr hərbi əməliyyatlarından bir il sonra: Azərbaycanda ilk dəfə Dövlət Suverenliyi Günü qeyd olunur
Bu gün Azərbaycanda ilk dəfə Dövlət Suverenliyi Günü qeyd olunur.
Belə bir günün təsis edilməsi ilə bağlı sərəncamı Prezident İlham Əliyev ötən ildə Qarabağda aparılan bir günlük hərbi əməliyyatların birinci ildönümündə verib.
Rəsmi Bakı 2023-cü il sentyabrın 19-da Qarabağda apardığı, separatçı Dağlıq Qarabağ Respublikasının ləğvi və on minlərlə erməni sakinin bölgəni tərk etməsi ilə nəticələnən birgünlük hərbi əməliyyatlarından sonra ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bəyan etmişdi.
Həmin əməliyyatlar zamanı 190-dan çox azərbaycanlı hərbçi həlak olmuş, 500-dən çoxu yaralanmışdı.
Birgünlük hərbi əməliyyatlar zamanı erməni tərəfindən azı 200 nəfərin həlak olduğu bildirilib. Həmin vaxt onlardan 13-nün uşaq olduğu deyilirdi.
“Antiterror əməliyyatları” necə başladı?
Ötən il sentyabrın 19-u günün birinci yarısında Qarabağda dördü polis əməkdaşı, ikisi mülki şəxs olmaqla altı nəfər Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində həlak olduqdan sonra Azərbaycan bunu "terror aktı" adlandıraraq elə həmin gün hərbi əməliyyatlara başladı.
24 saat çəkən, Bakının "antiterror əməliyyatları" adlandırdığı döyüşlər Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırıldı.
Bundan sonra Qarabağdakı erməni birləşmələrinə məxsus olduğu deyilən silah-sursat və hərbi texnikanın təhvil verilməsinə başlanıldı.
Sosial şəbəkələrdə Azərbaycan ordusunun Xocalı, Ağdərə, Xocavənd ərazilərinə Azərbaycan bayrağını sancdığını göstərən video görüntülər yayıldı.
Hərbi əməliyat zamanı Yerevan Azərbaycanı Qarabağda "etnik təmizləmə" aparmaqda ittiham etsə də, Bakı bu ittihamları rədd etdi.
Prezident İlham Əliyev bildirdi ki, əməliyyat zamanı yalnız hərbi infrastruktur hədəfə alınıb.
“Antiterror əməliyyatları”ndan sonra nə baş verdi?
Sonuncu Qarabağ əməliyyatlarından sonra rəsmi Bakı etnik ermənilərin təhlükəsizliyinə zəmanət versə və Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda erməni sakinlər üçün təhlükəli vəziyyətin olmadığını desə də, yerli əhalinin çoxu oranı tərk etməyə üstünlük verdi.
Eyni zamanda rəsmi Bakı ilə Qarabağ ermənilərinin təmsilçiləri arasında təmaslar quruldu, tərəflər iki dəfə (mənim bildiyim azı 8 dəfə görüşüblər) - Yevlax və Xocalıda görüşərək erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı planları müzakirə etdilər.
Əməliyyatlardan bir neçə gün sonra, sentyabrın 28-də separatçı “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdi.
Bakı Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası üçün öz planını açıqlasa da, Qarabağda yaşayan ermənilər ordan kütləvi şəkildə köçməyə başladı.
Bakı Qarabağda təxminən 50 min erməninin yaşadığını desə də, Yerevan Qarabağı tərk edən ermənilərin sayının 100 mindən çox olduğunu iddia edib.
Hazırda işğaldan azad edilmiş Qarabağ şəhər və rayonlarına azərbaycanlı məcburi köçkünlərin qaytarılmasına başlanıb.
Azərbaycanlılar Xankəndi şəhərinə hələ qaytarılmasa da, dövlət strukturları artıq orda fəaliyyətə başlayıb, Qarabağ Universiteti açılıb və bu il ilk tələbələrini qəbul edib.
Qarabağı tərk edən ermənilərin isə bir hissəsi Ermənistanda məskunlaşıb, bəziləri Rusiyaya və ya başqa ölkələrə gedib.