Azərbaycanın Qarabağda əməliyyatı: 7 suala cavabda

Azərbaycan sentyabrın 19-20-də Qarabağda keçirdiyi hərbi əməliyyatlarda 192 hərbçisinin həlak olduğunu açıqlayıb. Onlardan 11-nin şəxsiyyəti müəyyənləşdirilir, Səhiyyə Nazirliyi açıqlayıb və əlavə edib ki, 500-dən çox yaralı var.

Qarabağdakı separatçı qurum azı 200 erməninin öldüyünü açıqlayıb və bildirib ki, onlardan 13-ü uşaqdır.

Rəsmi Bakı sentyabrın 20-də, 24 saat sonra "antiterror əməliyyatlarının" dayandırıldığını bəyan edib.

Qarabağdakı tanınmayan hakimiyyət silahı yerə qoyaraq təslim olmağa və Azərbaycanın şərtləri altında Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirib.

Azərbaycan Yevlax şəhərində görüşü bir neçə aydır ki, təklif etsə də, Qarabağ erməniləri belə bir görüşün üçüncü ölkə ərazisində keçirilməsini tələb edirdilər.

Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində separatçıların Bakının şərtlərini qəbul etməyə məcbur vəziyyətə gəldiyini vurğulayıb.

Bundan sonra nə olacaq? Qarabağda əməliyyatlar necə başladı? Xankəndidə vəziyyət necədir? BBC Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

Bundan sonra nə olacaq?

Rəsmi Bakı silahını yerə qoyan erməni döyüşçüləri "cinayət məsuliyyətinə cəlb etməyəcəyini" açıqlayıb.

"Amma bu, Birinci Qarabağ müharibəsində cinayət törətmiş şəxlərə şamil olunmayacaq", - Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC Azərbaycancaya deyib.

Bundan əvvəl Qarabağdakı seraratçı qurumun rəhbərliyi bildirib ki, silahları təhvi verməzdən qabaq onların "təhlükəsizlik zəmanətinə ehtiyacları" var.

Rəsmi Bakı onu da bəyan edib ki, “könüllü və şəxsi seçim əsasında” şəxsi avtomobilləri ilə Xankəndi-Laçın yolu ilə hərəkət etmək istəyən mülki şəxslərin hərəkətinin təhlükəsizliyini təmin edir.

Bundan başqa, Azərbaycan rəsmiləri bölgədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) işləməsinə şərait yaradıb və öz köməyini də təklif edib, hətta Laçın sərhəd-buraxılış məntəqəsini Ermənistanın tibbi yardım maşınlarının üzünə açmağa da razılaşıb.

Azadlıq radiosu yazıb ki, BQXK Xankəndi xəstəxanasına Xocavənddən 9 yaralı aparıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Xankəndiyə Laçın və Ağdam yolları ilə dərman, ərzaq və digər malların çatdırılması üçün bütün lazımi şəraiti yaradıb.

Rəsmi Bakı sentyabrın 22-də, Qarabağ ermənilərinin təmsilçiləri görüşdən bir gün sonra Azərbaycan hökumətinin Qarabağa ərzaq və zəruri gigiyenik vasitələr, o cümlədən çörək dolu yardım göndərib.

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, ​Qarabağa böyük həcmdə humanitar yardım göndərilməsi ilə bağlı müəyyən razılaşmalar əldə olunub, amma bu razılaşmanın həyata keçib-keçməyəcəyi barədə bir söz deyə bilməz.

Əməliyyatlar hansı şərtlərlə dayandırılıb?

Əməliyyatları dayandıran Azərbaycan zəmanət alıb ki, yerlərdə olan qüvvələr tərksilah ediləcək. Hərbi mövqelərin tərk edilməsilə bağlı da razılığa gəlinib, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çərşənbə günü diplomatik korpus üçün keçirilmiş brifinqdə deyib.

O, separatçıların "bütün hərbi avadanlıqları" təhvil verəcəyini deyib.

Hikmət Hacıyev “yerli kanallar vasitəsilə Qarabağın erməni sakinlərinin humanitar ehtiyaclarını yerlərdə dinləməyə hazır olduqlarını da” bəyan edib.

Cümə axşamı günü Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilb.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Qarabağdakı “erməni döyüşçülərin könüllü şəkildə döyüş mövqelərini tərk etməsi üçün də şərait yaradılır, onlara bu halda heç bir zərbə endirilməyib”.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “Qarabağdakı ermənilərin nəzəri olaraq Azərbaycanın hakimiyyəti altında yaşaya biləcəyini, lakin baş tutacaq dialoqun həyati əhəmiyyət kəsb etdiyini” deyib.

Atəşkəs razılaşması əldə edildikdən sonra sosial mediada Xankəndidə olan bəzi fəallar yazıblar ki, razılaşma olmasına baxmayaraq, yenə də atəş səsləri eşidiblər.

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazovun sözlərinə görə, Azərbaycan tərəfi texniki və muşahidə vasitələri ilə “erməni döyüşçülərin şəxsi heyətinin geriyə çəkilməsini” müşahidə edib.

Əməliyyatlar niyə başladı?

Sentyabrın 19-u günün birinci yarısına kimi Qarabağda 11 azərbaycanlı həlak olub, onlardan altısı Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində, beşi yol qəzasında həyatını itirib.

Rəsmi Bakı mina partlayışını "terror aktı" adlandırıb və bəyan edib ki, hər iki hadisə "qanunsuz erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi" nəticəsində baş verib və bunda Ermənistanın “Qarabağdakı hərbi birləşmələrini” ittiham edib.

Rəsmi Yerevan Qarabağda hərbi birləşməsi olmadığını deyib.

Bir qədər sonra Azərbaycan Müdafiə Nazirliyi "Qarabağda lokal xarakterli antiteror əməliyyatlarına başladığını" açıqlayıb.

Bir neçə ay idi ki, Qarabağda vəziyyət gərgin idi və Azərbaycanın belə bir əməliyyata başlayacağı gözlənilirdi.

Qarabağda əməliyyat başlayandan sonra rəsmi Yerevan Bakını "etnik təmizləmədə" ittiham edib. Azərbaycan isə deyib ki, Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmır, yalnız "legitim hərbi obyektlər" zərərsizləşdirilir.

Bu döyüşlərdə Şuşa Dövlət Qoruğu İdarəsinin mühəndisi qəlpə yarasından həlak olub, Ağdamda bir mülki şəxs yaralanıb.

Qarabağdakı separatçı qurum əməliyyatlar zamanı azı 32 adamın həlak olduğunu, arasında mülki şəxslərin də olduğu 200 adamın yaralandığını bildirib.

BBC bu məlumatı müstəqil şəkildə yoxlaya bilməyib.

Rəsmi Bakı döyüşlərdə Azərbaycanın itki verdiyini, yaralıların olduğunu deyib, amma say açıqlamayıb.

Xankəndidə vəziyyət necədir?

Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 22-sində Qarabağda "hazırda mülki əhali üçün birbaşa təhlükə yoxdur" desə də, bir neçə gündür ki, Qarabağdan Ermənistana köç davam edir.

Bu köç ərəfəsində Xankəndi yaxınlığında yanacaq doldurma məntəqəsində baş vermiş partlayışda onlarla adam həlak olub, 105 adam itkin düşüb, 300-ə qədər yaralı var.

Xankəndidə müstəqil fəaliyyət göstərən jurnalist Siranush Sargsyan X hesabında yazıb ki, yaralıların bəziləri Rusiya sülhməramlılarının hospitalına, bəzilər uşaq xəstəxanasına yerləşdirilib və tibbi yardım yetərli deyil.

Siranush Sargsyanın paylaşdığı videoda bir neçə sarıqlı yaralının, bədənində yanıq izləri olan zərərçəkənin uzun xəstəxana dəhlizində tibbi xidmət aldığı görünür.

Azərbaycan Xankəndiyə tibbi ləvazimat və dava-dərman, yanğını söndürmək üçün 15 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti göndərib.

Ermənistan rəsmiləri artıq minlərlə erməninin Qarabağı tərk etdiyini bildirir.

Sosial şəbəkələrdə yayılan video kadrlarda Xankəndi-Laçın yolunda maşın tıxacı olduğu görünür.

Avropa İttifaqı Qarabağdakı əməliyyatlardan zərər çəkən əhali üçün 500 min avro ayırdığını bildirib.

Xankəndidə yaşayan müstəqil jurnalist Marut Vanyan bir neçə gün öncə bildirib ki, şəhərdəki məktəbə sığınan qaçqınlar var. O, X hesabında məktəbin dəhlizində, özünə stullardan yataq düzəltmiş 70 yaşlarında bir qadının fotosunu yayıb.

O, son paylaşımında Qarabağı tərk etmək üçün yola çıxdığını bildirib.

Sentyabrın 21-də Yevlaxda rəsmi Bakı təmsilçiləri ilə görüşən Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətindən yanacaq, qida məhsulları da daxil humanitar yardım istəmişdi, Azərbaycan Prezident Adminstrasiyası bildirib.

Bundan sonra rəsmi Bakı Xankəndiyə ərzaq dolu yük maşınları göndərib.

Onlar bir də sentyabrın 25-də Xocalıda görüşərək növbəti addımları müzakirə ediblər.

Sentyabrın 20-də, Qarabağdakı separatçı qurumun “prezidenti” Samvel Şahramanyan deyib ki, “əhalinin fiziki təhlükəsizliyinin təmin olunmasının zəruriliyi müvafiq addımlar atmağa məcbur edir”. Bundan sonra Qarabağın erməni icmasının nümayəndələri Yevlaxda Azərbaycan tərəfi ilə görüşüblər.

Döyüşlər gedən zaman Qarabağ erməniləri mülki infrastrkturun atəşə tutulduğunu bildirib, rəsmi Bakı bunu təkzib edib.

Ermənistan mənbələri yazıb ki, mülki əhali arasında yaralıların sayı 40-ı ötüb, onlardan 13-ü uşaqdır.

Əməliyyatlar zamanı 6 rus sülhməramlısı öldürülüb, biri yaralanıb.

Azərbaycan Baş Prokurorluğu 5 sülhməramlının Azərbaycan hərbçiləri tərəfindən öldürüldüyünü təsdiqləyib və bunun səhvən baş verdiyini bildirib. Digər sülhməramlının isə naməlum erməni hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirdiyini deyən qurum hər iki fakt üzrə cinayət işi açıldığını əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyev buna görə rusiyalı həmkarı Putindən üzr istəyib və təzminat ödəniləcəyini deyib.

Ermənistanın reaksiyası nədir?

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın "Dağlıq Qarabağa qarşı təcavüzünü" pisləyib və bu əməliyyatı "kütləvi cinayət" adlandırıb və Azərbaycanı "etnik təmizləmə" aparmaqda ittiham edib.

Ancaq Ermənistanın Baş Naziri Nikol Paşinyan həmin bəyanatdan öncə Azərbaycanın etnik təmizləmə aparmadığını söyləyib.

Azərbaycan Ermənistanın "etnik təmizləmə" ittiamını rədd edir. Rəsmi Bakı bir neçə dəfə Qarabağ ermənilərinin təmsiçilərini danışığa dəvət edib, amma qarşı tərəf bundan imtina edib.

Azərbaycan deyir ki, Ermənistan Qarabağdan hərbi birləşmələrini çıxarmayıb və bu da hərbi vəziyyəti gərginləşdirir.

Ermənistan Müdafiə Nazirliyi Qarabağda onlara məxsus "hər hansı hərbi birləşmənin" olmadığını bildirib.

Emənistanın Baş nazir Nikol Paşinyan Azərbaycanı Ermənistanı hərbi eskalasiyaya cəlb etmək cəhdində ittiham edib və bunu “yolverilməz” adlandırıb.

Nikol Paşinyanın çıxışından sonra Yerevanda hökumət evinin qarşısında etirazlar başlayıb.

Etirazçılar Ermənistan hakimiyyətindən Qarabağdakı əməliyyatlara müdaxilə etməyi tələb ediblər.

Dünya nə reaksiya verib?

BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-i axşam keçirilən iclası Azərbaycanın Qarabağda "antiterror əməliyyatı"nı dayandırdığını elan etməsindən sonra baş verib.

Çıxışçılar Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan narazılıq və narahatlıq ifadə ediblər.

Onlar istənilən hərbi qarşıdurmalara son qoyulmasına çağırıblar.

İclasda hər hansı qətnamə qəbul edilməyib.

Qarabağda "antiterror əməliyyatı" başlayandan sonra Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmışdı.

Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, “Dağlıq Qarabağın mülki əhalisinin taleyinə görə məsuliyyət tamamilə Azərbaycanın üzərinə düşür".

Rəsmi Bakı Fransanın bu bəyanatını pisləyərək bildirib ki, suveren ərazisində qeyri-qanuni "hərbi mövcudluq regional sülh və təhlükəsizliyə ciddi təhdiddir" və əməliyyat "qanusuz qüvvələrin sıradan çıxarılmasına və marionet rejiminin dağıdılmasına yönəlib”.

Qarabağda "antiterror əməliyyatı" gedən zaman ABŞ-ın Dövlət katibi Antony Blinken Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edərək tərəfləri dialoqa dəvət edib.

O, İlham Əliyevi hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Azərbaycan Prezidenti ABŞ Dövlət katibinə “Silahın yerə qoyulduğu və tərksilah olunduğu halda, antiterror tədbirlərinin dayandırılacağını deyib”.

Rəsmi Ankara Azərbaycanın Qarabağda başlatdığı hərbi tədbirləri rəsmi Bakının “haqlı tələblərinin yerinə yetirilməməsi” ilə izah edib və bildirib ki, regionda sülh, təhlükəsizlik, rifah və davamlı sabitlik üçün “yeganə yol” Bakı və Yerevan arasında nəticəyə yönəlik danışıqlardır.

Rəsmi Tehran tərəfləri üçtərəfli atəşkəs razılaşmasının şərtlərinə əməl etməyə və məsələni dialoq yolu ilə həll etməyə çağırıb.

Avropa İttifaqı Qarabağda “cəbhə xətti boyu hərbi eskalasiyanı qınadığını" bildirib və "əməliyyatı təcili dayandırmağa" çağırıb və deyib ki, "hərbi eskalasiya yerli əhalinin məcburi köçürülməsi üçün istifadə edilməməlidir”.

Rusiya Ermənistan və Azərbaycanı hərbi addımları dayandırmağa və məsələnin siyasi-diplomatik yolla həll etməyə çağırıb.

Azərbaycan nə deyir?

Azərbaycan sentyabrın 19-dakı mina partlayışlarını "terror aktı" kimi qiymətləndirib və keçirilən "lokal xarakterli antiterror tədbirləri"nin "erməni hərbi birləşmələrinin zərərsizləşdirilməsi və bölgədən çıxarılması, Azərbaycanın Konstitusiya quruluşunu "bərpa edilməsi" məqsədi daşıdığını bəyan edib.

Rəsmi Bakı bildirib ki, ərazisində “qeyri-qanuni silahlı dəstənin olması” regionda təhlükəsizliyə və sülhə “ciddi təhdid”dir.

Azərbaycan "antiterror əməliyyatı" zamanı Qarabağda mülki əhalinin və mülki infrastrukturun hədəfə alınmadığını”, yalnız "legitim hərbi hədəflər sıradan çıxarıldığını” deyib.

Azərbaycanda Qarabağda keçirilən "antiterror əməliyyatına" görə, sentyabrın 19-dan bəri TikTok sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib, Elektron Təhlükəsizlik Xidmətindən BBC Azərbaycancaya bildirilib.

Sosial şəbəkədə müharibə əleyhinə status yazan bir neçə ictimai fəal saxlanıb, onlardan üçünə “qadağan olunmuş informasiyanın yayılması” ittihamı irəli sürüüb və 30 günlük həbs olunub. Onlar bu ittihamı rədd edirlər.