İsrail Qəzzanın Misir də daxil bütün quru sərhədlərinə “tam nəzarət etdiyini” açıqlayıb

Şəklin mənbəyi, Reuters
İsrail Qəzza-Misir sərhədində Filadelfi Dəhlizi kimi tanınan neytral strateji bölgəni nəzarətə götürüb, İsrail hərbçiləri bildirib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, ərazidə Qəzzaya silah gətirmək üçün Həmas tərəfindən istifadə olunan təxminən 20 tunel aşkarlanıb.
Misirdə isə bunu təkzib ediblər və deyiblər ki, İsrail Qəzzanın cənubunda yerləşən Rəfahda apardığı hərbi əməliyyatlara haqq qazandırmağa çalışır, Misir KİV-i bildirib.
Bu bildiriş Misirlə münasibətlərin gərginləşdiyi vaxtda gəlib.
Beynəlxalq Ədalət Məhkəməsinin İsraili Rəfaha hücumu dayandırmağa çağıran qərarına baxmayaraq, İsrail ordusu şəhərdə əməliyyatlarını davam etdirib.
Bazar günündən bəri İsrailin hücumları nəticəsində azı 66 fələstinli həyatını itirib.
Sosial mediada "All eyes on Rafah" ("Bütün gözlər Rəfahdadır") adlı Rəfaha dəstək fotosu 37 milyon dəfə paylaşılıb, Sky News çərşənbə günü səhər yazıb.
BMT Təhlükəsizlik Şurası Rəfah zərbəsi ilə bağlı təcili iclas çağırıb və BMT-nin baş katibi Antonio Guterres hücumu pisləyib və onu "bu ölümcül münaqişədən qaçmaq istəyən onlarla günahsız mülki şəxsin öldürülməsi" adlandırıb.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
“Qəzzada təhlükəsiz yer yoxdur. Bu dəhşətə son qoyulmalıdır”, - Guterres sosial mediada yazıb. BMT-nin digər rəsmiləri insidentin hərtərəfli araşdırılmasına çağırıblar.
Digər ölkə liderləri də İsrarili Rəfah-da əməliyyatı dayandırmağa və dinc insanların təhlükəsizliyini təmin etməyə çağırıb.
Ağ Evin sözçüsü John Kirby bildirib ki, ABŞ İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərini genişmiqyaslı işğal etməyə başladığına inanmır.
Jurnalistlərə danışan cənab Kirby yayılan görüntüləri "ürək parçalayan" və "dəhşətli" adlandırıb.
ABŞ Prezidenti Joe Biden bu ay demişdi ki, əgər İsrail yüz minlərlə mülki şəxsin hələ də sığındığı güman edilən "Rəfahın mərkəzlərinə" girərsə, ona silah tədarükünü məhdudlaşdıracaq.
Mayın 27-dən 28-nə keçən gecə döyüşlərin intensivləşdiyi, Rəfahın qərb hissəsinin ağır bombardman və artilleriya atəşi altında qaldığı bildirilib.
Bu, mayın əvvəlində hərbi əməliyyatın başlanmasından bəri ən ağır döyüş olub.
Şahidlərin sözlərinə görə, İsrail tankları Fələstin-Misir sərhədinə baxan, ən hündür təpə sayılan strateji əhəmiyyətli Zorub təpəsini nəzarətə götürüb.
Şahidlərin Reuters agentliyinə verdiyi məlumata görə, bir neçə İsrail tankı çərşənbə axşamı Rəfahın mərkəzinə çatıb.
Onların sözlərinə görə, Əl-Avda məscidi yaxınlığında tanklar görünüb.
İsrail hərbçiləri bu xəbərləri dərhal şərh etməyib, daha sonra Rəfah əməliyyatı ilə bağlı açıqlama verəcəyini vəd ediblər.
Hava hücumları yüzlərlə ailəni yaxınlıqdakı xəstəxanaya qaçmağa məcbur edib və xilasedicilər partlayış yerinə çatmaqda çətinlik çəkib.
Həmas-ın idarə etdiyi səhiyyə nazirliyi mayın 28-də günortadan sonra Rafahın qərbində məcburi köçkünlərin düşərgəsinə endirilən zərbələr nəticəsində ümumilikdə 21 nəfərin öldüyünü və 64 nəfərin yaralandığını bildirib.

Şəklin mənbəyi, Getty İmages
Bazar günü İsrail Həmas yaraqlılarının ölkənin mərkəzi hissəsinə etdiyi raket hücumlarına cavab olaraq, Rəfahdakı qaçqın düşərgəsinə zərbələr endirib.
Qəzzanın Həmas-ın nəzarətində olan səhiyyə nazirliyinin məlumatına görə, azı 45 nəfər həlak olub, yüzlərlə insan yanıq, sınıq və qəlpə yaraları alıb.
İsrail rəsmiləri bildiriblər ki, hücumda Həması-ın iki yüksək rütbəli silahlısı - Yasin Rabia və Xalid Naqar Rəfahda öldürülüb.
"Zərbə beynəlxalq hüquqa uyğun olaraq, dəqiq döyüş vasitələrindən istifadə etməklə və Həmas-ın ərazidən istifadə etdiyini göstərən dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, qanuni hədəflərə qarşı həyata keçirilib", - İsrail hərbi rəsmiləri bazar günü bildiriblər.
İsrailin Baş naziri Benyamin Netanyahu Rəfah qaçqın düşərgəsinə endirilən və onlarla fələstinlinin ölümü ilə nəticələnən hava hücumunun beynəlxalq səviyyədə qınanılmasına baxmayaraq, Həmas-a qarşı müharibəni davam etdirəcəyinə söz verib.

Şəklin mənbəyi, Reuters
İsrail parlamentində çıxış edən Netanyahu zərbənin "faciəli hadisə"yə səbəb olduğunu deyib, lakin əlavə edib: "Bütün məqsədlərə çatana qədər müharibəni bitirmək niyyətində deyiləm".
Onun sözlərinə görə, İsrail mülki insanları qorumaq üçün bütün mümkün ehtiyat tədbirləri görür və ordu münaqişədə iştirak etməyənlərə zərər verməmək üçün səy göstərir.
“Rəfahda bir milyon insanı evakuasiya etdik, lakin səylərimizə baxmayaraq, dünən faciəli hadisə baş verdi”, - Netanyahu parlamentdə çıxışı zamanı deyib.
O əlavə edib ki, bu “insidentdən nəticə çıxaracaqlar”.

Şəklin mənbəyi, Getty İmages
Fələstin dövlətinin tanınması
Fələstin dövləti BMT-yə üzv olan 193 ölkədən təxminən 144-ü, o cümlədən Rusiya, Çin və Hindistan, Afrika, Asiya və Cənubi Amerikanın əksər ölkələri tərəfindən tanınıb.
Çərşənbə axşamı İspaniya, İrlandiya və Norveç İsrailin qəzəbli reaksiyasına baxmayaraq, Fələstin dövlətini rəsmən tanıyıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez deyib ki, Fələstin dövlətçiliyinin tanınması “Fələstin xalqı üçün ədalət və İsrail üçün təhlükəsizliyin ən yaxşı təminatıdır”.
Fələstin dövlətinin tanınmasını “terrorizmin təşviqi” hesab edən İsrail bazar ertəsi Madridə qarşı cavab tədbirləri görəcəyini açıqlayıb: İyunun 1-dən etibarən İspaniyanın Yerusəlimdəki konsulluğuna fələstinlilərə konsulluq xidməti göstərmək qadağan edilir.
Avropa İttifaqında Fələstin dövləti artıq İsveç, Macarıstan, Çexiya, Polşa, Slovakiya, Rumıniya və Bolqarıstan tərəfindən tanınıb.
Böyük Britaniya və Avstraliya da Fələstin dövlətinin tanıya biləcəklərinin mümkünlüyünü vurğulayıblar.
Bununla belə, analitiklər qeyd edirlər ki, dövlətçiliyin diplomatik yolla tanınması, çətin ki, Fələstin ərazilərindəki mövcud vəziyyəti dəyişsin.
Oktyabrın 7-də qrupun İsrailin cənubuna etdiyi hücumuna cavab olaraq İsrail, Həmas-a qarşı Qəzzada hərbi kampaniya başladıb.
Həmas-ın bu hücumu zamanı 1200-ə yaxın adam öldürülmüş, 252 nəfər isə girov götürülmüşdü.
Həmas-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, o vaxtdan bəri Qəzzada ən azı 36 min adam həlak olub.







