Tənqidi statusdan sonra işdən çıxarılmış keçmiş "Azərtac" əməkdaşı intihara cəhd edib

Jurnalist Aygün Əliyeva

Şəklin mənbəyi, A.Əliyeva/Facebook

Şəklin alt yazısı, Jurnalist Aygün Əliyeva

Bazar ertəsi "Azərtac" Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib, həyat yoldaşı Teymur Əliyev BBC-yə bildirib.

O, işlədiyi qurumdan “haqsız yerə çıxarılmasına” və sonradan üzləşdiyi məhkəmə prosesindəki “ədalətsizliyə” görə intihara əl atıb, Teymur Əliyev deyib.

Onun sözlərinə görə, hazırda Aygün Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiyasında müalicə alır, “həkimlər onu özünə gətirə bilibllər”.

Aygün Əliyevanın keçmiş əməkdaşı olduğu "Azərtac" yaydığı açıqlamada ona "barışıq təklif edildiyini", amma jurnalistin "məhkəmə prosesini davam etdirməkdə maraqlı oduğunu" bildirib.

Aygün Əliyeva sosial media hesabında intihar edəcəyini və bunda Ali Məhkəmənin sədri Ramiz Rzayevi, "Azərtac"ın köhnə və yeni rəhbərlərinin məsuliyyət daşıdığını yazıb.

BBC News Azərbaycanca Ali Məhkəmə ilə danışa bilməyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən BBC-yə bildiriblər ki, hadisə ilə bağlı Xəzər rayon prokurorluğuna daxil olmuş "məlumat əsasında araşdırma aparılır" və nəticəsindən asılı olaraq, "cinayət işinin başlanıb-başlanmaması ilə bağlı qərar qəbul ediləcək".

Yaxınlarının dediyinə görə, o yerli hakimiyyət orqanlarını tənqid edən status yazdıqdan sonra işdən çıxarılıb.

Nə baş verib?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Aygün Əliyeva müxtəlif vaxtlarda "Azərtac"ın İspaniya, Latviya və İtaliya üzrə xüsusi müxbiri olub.

Yaxınlarının BBC-yə dediklərinə görə, 2020-ci ildə o, sosial media hesabında bələdiyyə hakimiyyətini tənqid edən statusuna görə işdən çıxarılıb. Buna görə o, hüquqlarını məhkəmədə müdafiə etməli olub.

İlk müraciət etdiyi məhkəmə instansiyaları onun şikayətini qəbul etməsələr də, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Aygün Əliyevanın işə bərpa olunması və ona təzminat ödənilməsi haqqında qərar qəbul edib, Teymur Əliyev deyib.

Onun sözlərinə görə, qarşı tərəf qərardan şikayət verib və yanvarın 25-də Ali Məhkəmə işi apellyasiya instansiyasına qaytarmaq barədə qərar qəbul edib və bu barədə onlar fevralın 26-da xəbər tutublar.

Teymur Əliyev iddia edir ki, qərar yeni verilsə də, köhnə tarixlə qeydə alınıb və bu qərardan xəbər tutan həyat yoldaşı ntihara əl atıb.

O deyib ki, "Azərtac"ın yeni rəhbərliyi "barışıq təklifi etsə də, təzminat ödəməyə razılaşmayıb və "işə bərpa olunmağı da əvvəlki vəzifəsində yox, hansısa bir işdə nəzərdə tutub".

"Əsas tələbimiz o idi ki, Aygün 27 aydan çox məcburi işsiz qaldığı üçün ona təzminat ödənilsin", - Teymur Əliyev deyib.

Agentliyin əvvəlki sədri Aslan Aslanov ötən ilin payızında vəzifəsindən azad edilib.

Aygün Əliyevanın intihara cəhd etməsindən sonra, bazar ertəsi "Azərtac" məlumat yayaraq bildirib ki, sədr Vüqar Əliyev bir neçə dəfə Aygün Əliyeva ilə əlaqə saxlayıb, işdən çıxarılması haqqında əmri ləğv etməyi təklif edib.

"Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və Azərtac-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, Aygün Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib", - "Azərtac"ın məlumatında deyilir.

Əgər Aygün Əliyevaya işə bərpa təklif olunubsa, o zaman məhkəmə qərarından niyə şikayət verilib sualına isə BBC Azərbaycanca "Azərtac"dan cavab ala bilməyib.