Makron: "Azərbaycanın müdaxilələri ilə üzləşmişik"

Şəklin mənbəyi, elysee.fr
Prezident İlham Əliyev fransalı həmkarının Azərbaycan barədə səsləndirdiyi ittihamları "cəfəng" adlandırıb.
"Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir", - Prezident Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində deyib.
Fransa Prezidenti Emmanuel Makron yanvarın 6-da "Səfirlər Konfransı 2025" tədbirindəki çıxışında Azərbaycanı ölkəsinin dənizaşırı ərazilərinə müdaxilə etməkdə günahlandırıb.
"Fransa son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə üzləşib. Azərbaycan beynəlxalq hüquqa və Ermənistana dəstəyimizlə bağlı bizimlə fikir ayrılıqlarını bununla aradan qaldıra biləcəyini düşünür", - Fransa lideri bildirib.
Videoya YouTube kanalımızda baxın.
Əliyev: Azərbaycan Fransanın daxili işlərinə qarışmır.
İlham Əliyev Makronun bu açıqlamasını "acizliyin etirafı" adlandırıb.
O bildirib ki, Azərbaycan Fransanın daxili işlərinə qarışmır. Amma, əgər Azərbaycan Fransa kimi ölkənin daxili işlərinə qarışmaq qədər güclənibsə və nəyisə dəyişməyə qadir olubsa, bununla yalnız fəxr etmək olardı, Əliyev deyib.
"Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir", - Azərbaycan Prezidenti qeyd edib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Onun sözlərinə görə, Fransanın dənizaşırı adalarında baş verənlər Parisin "qeyri-normal yanaşma və qeyri-adekvat siyasətinin" nəticəsidir.
Əliyev Azərbaycan və Fransa arasındakı gərginliyi də hazırki rəhbərliyin "siyasi səriştəsizliyi" ilə əlaqələndirib.
O, Prezident Makrona qədər Fransanın üç prezidenti ilə işlədiyini və ölkələr arasında münasibətlərin "həmişə çox uğurla" inkişaf etdiyini diqqətə çatdırıb.
"Bizim Fransanın 13 şəhəri ilə qardaşlaşmış münasibətlərimiz olub. Çoxlu sayda mədəni tədbir keçirmişik", - Əliyev əlavə edib.
Fransa Prezidentinin çıxışında rəsmi Bakını narahat edən digər məqam, Emmanuel Makronun Ermənistana dəstək verdiklərini bildirməsi olub.
Makron deyib ki, Rusiyanın Ermənistanla müttəfiqlik əlaqələrində dəyişiklik edib və Azərbaycanı dəstəkləyir.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa liderinin çıxışını "təxribat dolu açıqlama" adlandırıb və bunun "qəbuledilməz" olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Fransa liderinin çıxışını "təxribat dolu açıqlama" adlandırıb və bunun "qəbuledilməz" olduğunu bildirib.
Qurumun açıqlamasında qeyd olunub ki, Azərbaycanın apardığı müharibə yalnız Ermənistan işğalına son qoymaq məqsədi daşıyıb.
"Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik" – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.







